Məhkəmə qərarları › İş №2(046)-1160/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1160/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1160/2021 19.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı Bank Respublika ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6025.97 əsas kredit borcu, 6.9 manat kredit faiz borcu olmaqla, cəmi 6032.87 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 may 2014-cü il tarixli 009CASA191540005 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə, 12.750 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 13 may 2014-cü il tarixli 009FİZAM7398006 saylı zaminlik müqaviləsi bağlanmış, bununla da, zamin – cavabdeh borclu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. 13 aprel 2015-ci il tarixli 009CASA141330008 saylı, 13 may 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmasına əsasən Cavabdeh1 10.245 ABŞ dolları məbləğində krediti və onun faizlərini İddiaçı ASC-yə kredit restrukturizasiyası olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 36 ay müddətinə illik 20 % dərəcəsinə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. 14 dekabr 2015-ci il tarixli, 009CASA141330008 saylı 13 may 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmaya əsasən, kredit üzrə borc manata konvertasiya olunmuş, kredit məbləğin 9.340 manat məbləğində krediti və onun faizlərini İddiaçı ASCyə kredit konvertasiya olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 28 ay müddətinə, illik 25 faiz dərəcəsində olmaqla, ödənişin son müddəti 13.04.2018-ci il tarixə müəyyən olunmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 03 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1 % olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 8.310 manat 78 qəpik məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi də Cavabdeh2 ilə 03 iyun 2019-cu il tarixli 009FİZAM07398007 saylı zaminlik müqaviləsi bağlanmış, bununla da, zamin borclu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 09.02.2021-ci il tarixə iddiaçıya 6025.97 əsas kredit borcu, 6.9 manat kredit faiz borcu olmaqla, cəmi 6032.87 manat məbləğində borcu qalır. Hesab edirlər ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 009CAS191540005 saylı kredit müqaviləsi ləğv edilməli, həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam verilməli və cavabdeh aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 13 may 2014-cü il tarixli 009CASA191540005 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə, 12.750 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. 13 aprel 2015-ci il tarixli 009CASA141330008 saylı, 13 may 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmasına əsasən Cavabdeh1 10.245 ABŞ dolları məbləğində krediti və onun faizlərini İddiaçı ASC-yə kredit restrukturizasiyası olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 36 ay müddətinə illik 20 % dərəcəsinə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. 14 dekabr 2015-ci il tarixli, 009CASA141330008 saylı 13 may 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmaya əsasən, kredit üzrə borc manata konvertasiya olunmuş, kredit məbləğin 9.340 manat məbləğində krediti və onun faizlərini İddiaçı ASC-yə kredit konvertasiya olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 28 ay müddətinə, illik 25 faiz dərəcəsində olmaqla, ödənişin son müddəti 13.04.2018-ci il tarixə müəyyən olunmuşdur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 03 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1 % olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 8.310 manat 78 qəpik məbləğində kredit verilmişdir. 09 fevral 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 7.350 manat 73 qəpik əsas kredit borcu, 6 manat 90 qəpik kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 7.357 manat 63 qəpik borcunun mövcud olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6025.97 əsas kredit borcu, 6.9 manat kredit faiz borcu olmaqla, cəmi 6032.87 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6025.97 əsas kredit borcu, 6.9 manat kredit faiz borcu olmaqla, cəmi 6032.87 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar