Məhkəmə qərarları › İş №2(046)-1186/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1186/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1186/2021 03.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 2903.71 ABŞ dollar kredit borcun, 1905.29 ABŞ dollar faiz borcu, 1402.34 ABŞ dollar cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 470.1 ABŞ dollar əldən çıxmış fayda olmaqla, cəmi 6681.44 ABŞ dollar kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddia tələbini belə əsaslandırmışdır ki, 15.10.2014-cü il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 26 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 15.10.2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 05.06.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 15.06.2018-ci il tarixədək müəyyən edilmişdir. 20.11.2020-ci il tarixədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 2903.71 ABŞ dollar kredit borcun, 1905.29 ABŞ dollar faiz borcu, 1402.34 ABŞ dollar cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 470.10 ABŞ dollar əldən çıxmış fayda olmaqla, cəmi 6681.44 ABŞ dollar borcu vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 15.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə ilə Cavabdeh1 arasında 24 ay müddətinə illik 26 faiz olmaqla 6400 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 15.10.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə tarixdə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 20.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2903.71 ABŞ dollar kredit borcu, 1905.29 ABŞ dollar faiz borcu, 1402.34 ABŞ dollar cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 470.10 ABŞ dollar əldən çıxmış fayda olmaqla, cəmi 6681.44 ABŞ dollar kredir borcu vardır. Məhkəməyə təqdim edilmiş 05.06.2015-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən kreditin müddəti 15.06.2018-ci il tarixədək uzadılmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında 15.10.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 26 faiz olmaqla 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 15.10.2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 05.06.2015-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən kreditin müddəti 15.06.2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış zaminlik müqaviləsi 15.06.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 04.12.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh1 1402.34 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 402.34 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 2903.71 ABŞ dollar kredit borcun, 1905.29 ABŞ dollar faiz borcu, 402.34 ABŞ dollar cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 470.10 ABŞ dollar əldən çıxmış fayda olmaqla, cəmi 5681.44 ABŞ dollar kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2903.71 ABŞ dollar kredit borcun, 1905.29 ABŞ dollar faiz borcu, 402.34 ABŞ dollar cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 470.10 ABŞ dollar əldən çıxmış fayda olmaqla, cəmi 5681.44 ABŞ dollar kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar