Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1191/2022 05.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.295 manat pul vəsaiti və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə Göyçay rayonu Qızılağac kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Mülkiyyətlərinə verilən torpaq sahəsində xurma ağacı əkərək, mövsüm vaxtı meyvələrini satıb ailəsini dolandırır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində cavabdehlər ona müraciət edərək yetişdirdiyi xurma meyvəsini almaq istədiklərini, pulunu satıldıqca hissə-hissə ödəyəcəklərini bildirmişlər. Bu arada qeyd edir ki, cavabdehlər əvvəlki illərdə də yetişdirdiyi xurma meyvəsini nisyə alaraq, pulunu vəd verdiyikləri vaxtda qaytarmışlar. Onda inam yaratdıqları üçün bu dəfə də cavabdehlərlə razılaşıb, 12.295 manat dəyərində xurma meyvəsini nisyə vermişdir. Cavabdehlər vəd verdikləri vaxtda ona borclu olduqları pulu qaytarmamış, hər dəfə müxtəlif bəhanlər gətirərək, borclu olduqları pulu verməkdən yayınmışlar. Şərik olan cavabdehlər etibarından sui-istifadə etdikləri üçün Göyçay rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsini araşdıran polis əməkdaşları cavabdehlərin əməlində cinayət tərkibi olmaması qənaətinə gəlmiş və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər ona öncədən 200 manat beh vermişlər. Cavabdehlərə verdiyi xurma məhsulunun hesabatını aparmışdır. Belə ki, cavabdehlərə 930 qutu, hər qutusu 11 manatdan 10.230 manatlıq; 194 qutu, hər qutusu 10 manatdan 1.940 manatlıq; 25 qutu, hər qutusu 5 manatdan 125 manatlıq olmaqla, cəmi 12.295 manatlıq məhsul vermişdir. Qeyd etdiyi kimi, cavabdehlər 200 manat beh vermişlər, 12.095 manatı qaytarmamışlar. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Cavabdeh1 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda qeyd etmişdir ki, 2020-ci ilin noyabr ayında sinif yoldaşı Cavabdeh2 ona Göyçay rayonu ərazisində xurma tapmasını xahiş etmişdir. O da, Göyçay rayonu Qızılağac kənd sakini İddiaçı oğlu Elvində satılması üçün nəzərdə tutulan xurma məhsulu olduğunu ona dediyinə görə, sinif yoldaşı Sahiblə məhsula baxmaq üçün Göyçay rayonu Qızılağac kəndinə getmişlər. Onlar məhsulun alğı-satqısında razılaşmışlar, Sahib Elvinə 200 manat beh vermişdir, həmin gündən bir gün sonra məhsulu yığmağa başlayacağı ilə bağlı sövdələşmişlər. Mal yığılarkən 3 gün sonra Sahib ona zəng edərək məhsulun qiyməti endiyi və satmaq mümkün olmadığı üçün məhsulu almaqdan imtina etdiyini bildirmiş, həmçinin onun Elvinə zəng edərək məhsul yığımını dayandırmasını deməsini istəmişdir. Elvin buna narazılıq etsə də, məhsul yığımını dayandırmışdır. O, Elvinə bütün xərci özü çəkəcəyini bildirmiş və həmin məhsulu başqa müştəriyə satmasını istəmişdir. Elvin məhsulu başqa müştəriyə sata bilmədiyi üçün məhsulu onun almalı olduğunu bildirmişdir. O da, ziyan ola-ola, məhsulu sonuncudan almışdır. Məhsulu satış dəyərindən xeyli aşağı qiymətə satmışdır. Qazandığı pulu xərclərinə səfr etmişdir. O, Elvindən 1 qutusu 10 manat dəyərində 1149 qutu məhsul almışdır. Həmin məhsulu ziyanına sataraq 7.000 manat pul əldə etmişdir. O, İsayev Elvinə olan borcunu hal-hazırda maddi imkanı zəif olduğuna görə ödəyə bilmir. Ən qısa zamanda özünə məxsus torpaq sahəsini sataraq borcunu ödəyəcək. Cavabdeh2 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda qeyd etmişdir ki, 2020-ci ilin payız aylarında həmkəndlisi Ayaz Ovçuyevlə şərikli xurma meyvəsini vətəndaşlardan alaraq Rusiya Federasiyasına satılması üçün yığmışlar və ya burada həmin meyvəni satmışlar. O cümlədən İddiaçı sonuncuya 200 manat beh verməklə 1180 qutu, ümumi dəyəri 12.500 manat olan xurma meyvəsi almışlar. Lakin Rusiyaya göndərilən meyvə ziyan etdiyi üçün həmin pulu, yəni İddiaçı 12.500 manat borcunu verə bilməmişlər. Daha doğrusu İddiaçılə deyil, sonuncunun oğlu Elvinlə danışmışlar və onlara 12.500 manat borcları qalmışdır. Həmin puldan yarısı onun borcu olsa da, Ayazla şərik olduqları üçün digər aralarında olan alverə görə İddiaçı xurma meyvəsinin pulunu Ayaz verməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıdan xurma məhsulu aldıqları və ziyanla satdıqlarını, yaranmış borcu ödəmədiklərini etiraf etmişlər. Cavabdehlərin hər ikisi iddiaçıdan şərikli olaraq xurma məhsulu aldıqlarını bildirirlər. Belə olduğu təqdirdə, cavabdehlər iddiaçı qarşısında müştərək qaydada pul öhdəliyi daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdehlər iddiaçıdan şərikli xurma məhsulu alaraq, pulunu məhsul satıldıqca hissə-hissə ödəyəcəklərinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişlər. İddiaçı bununla bağlı öncə Göyçay rayon Polis Şöbəsinə şikayət ərizəsi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 189 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12.095 manat borc və ödənilmiş 189 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdehlər iddiaçıya sonuncunun oğlu vasitəsi ilə 200 manat beh ödəmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.095 manat borc və ödənilmiş 189 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1191/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1191/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver