Məhkəmə qərarları › İş №2(046)-126/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-126/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-126/2025 07.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12770 manat məbləğində təbiətə dəymiş ziyanın alınaraq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tələbi belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RESTİ-nin əməkdaşlarının araşdırması zamanı məlum olmuşdur ki Göyçay rayonu Şıxbəy kəndində yaşayan Cavabdeh1 və Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Cavabdeh2 “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarının tələblərini pozaraq yaşıllıqların götürülməsi üçün müvafiq icazə olmadan Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin inzibati ərazisi daxilində yerləşən Şıxbəy kəndi ərazisində Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindəki ərazidən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə qiymətləndirilmiş diametri 8,1-12 sm olan 3 ədəd hər biri 120 manat olmaqla cəmi 360 manat dəyərində qovaq, diametri 12,1-16 sm olan 9 ədəd hər biri 150 manat olmaqla cəmi 1350 manat dəyərində qovaq, diametri 16,1-20 sm olan 7 ədəd hər biri 180 manat cəmi 1260 manat dəyərində qovaq, diametri 20,1-24 sm 9 ədəd hər biri 200 manat olmaqla 1800 manat dəyərində qovaq, diametri 24,1-28 sm olan 12 ədəd hər biri 250 manat olmaqla 3000 manat dəyərində qovaq,diametri 28, 1-32 sm olan 8 ədəd hər biri 300 manat olmaqla 2400 manat dəyərində qovaq, diametri 32,1 sm-36 sm olan 4 ədəd hər biri 350 manat olmaqla 1400 dəyərində qovaq, diametri 36,1-40 sm olan 3 ədəd hər biri 400 manat olmaqla 1200 manat dəyərində qovaq ağaclarını ümumilikdə 12770 manat dəyərində köküstə 55 ədəd yaş qovaq ağaclarını qanunsuz kəsməklə təbiətə xeyli miqdarda ziyan vurmuşlar. Cavabdeh1 və Cavabdeh2 bu əməlləri ilə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə onlara həmin maddə ilə ittiham elan edilmiş və Göyçay rayon məhkəməsinin 24 iyul 2024-cü il tarixli 1(046)-10/2024 nömrəli hökmü ilə CM-nin həmin maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Lakin ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı Cavabdeh1 və Cavabdeh2 təbiətə vurduqları 12770 manat maddi ziyanı ödəməmişlər. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, dəymiş ziyandan 1800 manat ödəniş etmişdir. Qalan ziyanı ödəyəcəkdir. Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya dəymiş ziyanı hissəhissə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(046)-10/2024 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CMnin 259.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təbiətə dəymiş ziyanın hesablanması haqqında cədvəldən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təbiətə 12770 manat ziyan vurulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təbiətə 12770 manat maddi ziyan vurduqlarını etiraf etmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş 12770 manat ziyan onlar tərəfindən müştərək qaydada ödənilməlidir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunun 2.1-ci bəndinə əsasən 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin qanunun 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12770 manat dəymiş ziyan müştərək qaydada tutularaq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Dövlət X1 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən 12770 manat maddi ziyanın təmin edilmiş hissəsinə nisbətdə 128.31 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12770 manat dəymiş ziyan müştərək qaydada tutularaq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 128.31 manat dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar