Məhkəmə qərarları › İş №2(046)-1264/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1264/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1264/2022 28.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2nndan və Cavabdeh1 10.400 manat pulun, 121.2 manat dövlət rüsumunun tutulması və olan OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ciil tarixdə vəfat etmiş anası X4 özünə məxsus olan OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomaşınını 21 sentyabr 2020-ci il tarixdə razılaşma əsasında Cavabdeh1 24 ay müddətində hər ay 545 manat ödəmək şərti ilə 18580 manata satmışdır. Həmin məbləğdən 5500 manat ilkin ödəniş kimi ödənilmişdir. Yerdə qalan 13080 manat isə 24 ay ərzində ( hər ay 545 manat) ödənilməli idi. Ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh1, avtomobilə görə ödəniş etmiş, lakin, sonradan bildirmişdir ki, yerdə qalan pulu ödəyə bilmir, maşını Cavabdeh2 satmış, yerdə qalan pulu o ödəyəcək. 6 aydır ki, heç bir ödəniş yoxdur. Bu günə yaranmış borc 10400 manatdır. Avtomobildə hal-hazırda Cavabdeh2dır. Bildirir ki, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, anasının-X2 yeganə vərəsəsidiri. Göstərilən avtomobil 30 mart 2022-ci il tarixli qanun üzrə vərəssəlik hüququ haqqında şəhadətnaməyə əsasən üzərində tam pay hüququ vardır ( Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tətəfındən təsdiq edilib, teyestrdə 2V-193 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib). Avtomobilə dair mülkiyyət hüququnu əldə etdikdən sonra cavabdehin anasına verdiyi telefon nömrələri ilə onunla əlaqə yaratmağa çalışmış, Lakin, onun verdiyi telefon nömrələrinə zəng çatmır. Özünü də tapa bilmir. Beləliklə, cavabdehlər aldıqları avtomaşına görə ilkin ödənişdən sonra qalan 13080 manat pulu ( 24 ay ərizində hər ay 545 manat) ödəməyi öhdələrinə götürsələr də, cəmi 5950 manat pul ödəmişlər. Lakin, yerdə qalan 7130 manatdan bir manat da ödəməmişlər və hal-hazırda onların borcu ( 6 ay əlavə olunmaqla ) 10400 manatdır. Onların hərəkətlərindən belə məlum olur ki, pulu vermək fikirləri də yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəliyi lazımınca icra etməmişlər. Hal-hazırda ona 10.400 manat borcları qalmışdır. Mərhum anasından miras qalmış olan OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz istifadəsindədir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, digər Cavabdeh1 ilə tanış olmuş, Niyazdan OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobili almaqla bağlı razılaşmışdır. Niyazın 313 Cars MMC ilə müqaviləsi olduğunu bilmiş, Niyaz avtomobillə bağlı müqavilə üzrə cəmi 1 ayın ödənişini etdiyini bildirmişdir. Bundan sonra İlkin olaraq 313 Cars MMC-yə 5000 manat ödəmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə 313 Cars MMC ilə aralarında olan nisyə alqı-satqı müqaviləsinə əsasən OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobili 20 ay müddətinə hər ay 545 manat ödəməklə nisyə almışdır. Keçən müddət ərzində mütəmadi olaraq ödənişlərini etmişdir. Bu günədək 313 Cars MMCyə 9265 manat avtomobilin dəyərindən ödəmiş, 3815 manat borcu qalmışdır. İddiaçı ilə aralarında heç bir müqavilə bağlanmamış, iddiaçını ümumiyyətlə tanımır. Hal-hazırda qalan borcunu 313 Cars MMC onu aldatdığından ödəmir. Belə ki, 313 Cars MMC ona saxta etibarnamə vermişdir. Hesab edir ki, iddiaçının hazırki iddiası əsassızdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 vərəsəsi İddiaçıdır. X1 miras qalmış əmlak OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobildir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 24 ay müddətinə hər ay 545 manat ödəmək şərti ilə OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobili nisyə almışdır. Məhkəməyə təqdim edilmiş Avtonəqliyyat Vasitəsinin icarə haqqında 313 Cars MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, nisyə alqısatqı müqaviləsinə əsasən OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobili 20 ay müddətinə hər ay 545 manat ödəməklə nisyə almışdır. Məhkəməyə təqdim edilmiş 313 Cars MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 37 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə etməyi etibar edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum anasından miras qalmış OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair müqavilə üzrə cavabdehlərin ona 10.400 manat borcu qaldığını, eləcə də avtomobilin Cavabdeh2 qanunsuz istifadəsində qaldığını iddia edir. Alqısatqı müqaviləsi üzrə ödənilməmiş qalmış 10.400 manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 geri tələb edir. Həmin avtomobili Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq geri tələb edir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, cavadehlər Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı satqısına dair 313 Cars MMC ilə nisyə satış müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı zamanı İddiaçı, eləcə də İddiaçı mərhum anası X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsinin bağlandığına dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 10.400 manat pulun və OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə tələbi tam əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 121.2 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 10.400 manat pulun və OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 10.400 manat pulun və OPEL ASTRA minik markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar