Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-128/2021 22.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 7.000 manat, mənəvi zərərə görə 2.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında Göyçay rayonu Mollahacılı kəndində yaşayan X1 Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 hektar və 3,18 hektar olmaqla, ümumilikdə 5 hektara yaxın torpaq sahəsi almışdır. Göyçay rayon Notariat Ofisində 29 dekabr 2019-cu il tarixdə 1,81 ha və 3,18 ha torpaq sahəsinə dair aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. 1,81 ha və 3,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 23 yanvar 2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən adına müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsini alanda Cavanşir Abdullayev torpaq sahəsinə taxıl səpmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra orada müxtəlif meyvə ağacları əkmişdir. Torpaq sahəsini aldıqdan sonra, mütəmadi olaraq torpaq sahəsinə getmiş və nəzarət etmişdir. İyun ayında biçin vaxtı çatmış, bu səbəbdən əkdiyi ağacların arasına əkilmiş taxılı biçmək üçün kiçik qabaritli kombayn axtarmışdır. 14 iyun 2020-ci il tarixdə həmin torpaq sahəsinə getdikdə əkilmiş taxılın tamamilə biçildiyini, taxıl və bəlimin yığılaraq oğurlandığını görmüşdür. Dərhal torpağı aldığı Cavanşir Abdullayevlə telefonla maraqlanmış, Cavanşir Abdullayev əkilmiş taxılın Cavabdeh tərəfindən biçildiyini, taxıl və bəlimin onun tərəfindən yığılaraq aparıldığını bildirmişdir. Bundan sonra qeyd etdiyi oğurluq hadisəsi zamanı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də, cavabdeh danışığa gəlməkdən və ziyanı ödəməkdən boyun qaçırmışdır. Bundan sonra o, DİN 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Göyçay rayon Polis Şöbəsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə tələbinin mülki xarakterli olduğu ona izah edilmişdir. Şikayəti ilə əlaqədar Göyçay rayon Polis Şöbəsində araşdırma zamanı, izahatı alınarkən Cavabdeh əkilmiş taxılın onun tərəfindən biçildiyini etiraf etmişdir. Eyni zamanda araşdırma zamanı Göyçay rayonu Mollahacılı kəndində yaşayan X2 izahatı alınarkən, o, qeyd etmişdir ki, torpaq sahəsi satılarkən əkilmiş taxıl da torpaq sahəsi ilə birlikdə İddiaçı satılmış və bu barədə Cavabdeh məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh əkilmiş taxılın torpaq sahəsi ilə birlikdə İddiaçı satılmasını bilə-bilə özbaşına olaraq taxılı biçmiş, taxıl və bəlimi yığaraq aparmışdır. Qeyd edir ki, əkilmiş taxılın Cavabdeh tərəfindən biçilməsi, taxıl və bəlimin onun tərəfindən yığılaraq aparılması nəticəsində, ona 7.000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 7.000 manat məbləğində pulu könüllü ödəmir, polisə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə həmin pulu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa, Cavabdeh qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Belə ki, qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Artıq əsəb xəstəliyi tapmışdır. Həmin keçirdiyi iztirablara, mənəvi sarsıntılara və əsəblərinin pozulmasına görə müalicə olunur. Cavabdeh iddianı qəbul etməyərk göstərmişdir ki, uzun müddətdir ki, zəhmət haqqı alaraq, müxtəlif şəxslərə məxsus torpaq sahələrini şumlayır. Həmçinin sahələrə taxıl əkir (səpir). Qeyd olunan şumlama və əkin işlərini özünə məxsus kənd təsərrüfatı texnikaları ilə həyata keçirir. Özünə məxsus bir neçə kənd təsərrüfatı texnikası var, onlar müxtəlif təyinatlıdırlar və çeşidli işlər görmək qabiliyyətinə malikdirlər. Göyçay rayonu Mollahacılı kənd sakini X3 uzun müddətdir ki, tanıyır. 2018-ci ildə Cavanşir ondan xahiş etmişdir ki, icarəyə götürdüyü torpaq sahələrində şumlama işləri apararaq, taxıl əkilməsinə köməklik etsin. Həmin torpaq sahələri rayonun Qızılağac kəndində yerləşir və Cavanşir, qeyd etdiyi kimi, torpağın mülkiyyətçisi olmayıb, icarəçisidir. Cavanşir həmin torpaq sahələrinin sahibləri ilə şifahi razılığa gələrək, torpaqları icarəyə götürmüş və təyinatı üzrə istifadə edirdi. Cavanşirin istifadəsində olan 5 hektara yaxın torpaq sahəsini şumlayıb, oraya arpa əkmişdir. Bu işin həcminin yerinə yetirilməsi müqabilində Cavanşir ona 880 manat pul verməli idi. O, vətəndaşlardan şum və səpin (əkin) işlərinə köməklik edib, müqabilində pul məbləği alarkən, heç vaxt ədalətsiz olmamışdır. Yalnız zəhmət haqqı və texnikaya tələb olunan yanacaq-sürtkü materiallarının, cüzi miqdarda da texnikanın gördüyü iş həcmindən sonra amortizasiyası (aşınma, köhnəlmə) üçün məbləğ almışdır. Cavanşirə münasibətdə də, ədalətsizlik etməmişdir. Danışdıqları kimi, 880 manat pulun ödənilməsini Cavanşirdən xahiş edəndə, Cavanşir ona üzərində yalnız 600 manat pulun olduğunu bildirmiş, həmin pul məbləğini ona ödəmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcəyinə vəd vermişdir. O, Cavanşiri tanıdığından, pulun qalan hissəsinin ödənilməsi ilə bağlı tələsdirməmişdir. Baxmayaraq ki, Cavanşir 280 manat pulun ödənişini ləngitmişdir. 1 il ərzində Cavanşir pulu olmadığından, qalıq borcunu ödəyə bilməmişdir. 2019-cu ilin noyabr ayında Cavanşir ona həmin pulun əvəzində icarəyə götürdüyü torpaq sahəsində taxıl əkməsini və biçib məhsulu götürməsini, bunu ona borclu olduğu 280 manat pulla əvəzləşdirilməsini təklif etmişdir. Cavanşirdən mülkiyyətçilər torpaq sahəsini məhsul biçilənə qədər satarlarsa, taxıl əkməyə sərf etdiyi vəsaitin və məhsulun hədər gedəcəyini, bunun aqibətinin necə olacağını soruşmuşdur. Cavanşir onu əmin etmişdir ki, belə bir alğı-satqı olsa, həm mülkiyyətçiləri, həm torpağı alacaq şəxsləri bu barədə xəbərdar edəcək, borcunun əvəzinə torpaq sahəsində məhsul əkməsinə icazə verdiyini bildirəcək və o, məhsulu sərbəst surətdə biçib apara biləcək, bununla bağlı hər hansı narahatçılıq olmayacaq. Cavanşirə etibar edib, həmin sahəyə taxıl (arpa) əkmişdir. Bu əraziyə əkin işlərinə cəmi 1.300 manat pul vəsaiti sərf etmişdir. 2019-cu ilin dekabr ayında sahələri nəzərdən keçirərkən, qeyd olunan ərazidə cərgə ilə meyvə ağacları əkildiyini görmüşdür. Anlamışdır ki, torpaq sahələri satılıb. Cavanşirin oğlu Veysəli görmüş, torpağın satılıb-satılmadığını soruşmuş və öyrənmişdir ki, torpaq sahəsi satılmışdır. 2020-ci ilin mart ayında həmin torpaq sahəsinə gedəndə ağacların hər tərəfdən 1 metr məsafəsində olan taxılın preparatla məhv edildiyini görmüşdür. Güman etmişdir ki, ağaclara ziyan dəyməsin deyə torpağı alan şəxslər mühafizə zolağı yaratmışlar və dərman preparatları səpmişlər. Bununla bağlı heç kimə heç nə deməmiş, heç bir etiraz bildirməmiş, narazıçılıq yaratmamış, heç kimlə şəxsi münasibətlərini pozmamışdır. Taxıl biçini vaxtı, 12 iyun 2020-ci il tarixdə əraziyə əkdiyi taxılı biçdirmiş, arpanı və samanı aparmış, beləcə, Cavanşirlə olan borc qalığı məsələsi bağlanmışdır. Lakin iyunun 14-də Tahir adlı şəxs ona zəng edərək, nə üçün ona məxsus taxıl sahəsini biçdiyini soruşmuşdur. Tahirə onun torpaq sahəsinə taxıl əkmədiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin yeni mülkiyyətçisi olduğunu bildirmiş, torpağı Cavanşirdən aldığını demişdir. Bu zaman, taxıl məhsulunun ona məxsus olduğunu, taxılın Cavanşir tərəfindən, yaxud digər şəxs tərəfindən deyil, məhz özünün əkdiyini bildirmişdir. İddiaçı həmin sahəyə taxılı özü əkmədiyini etiraf etsə də, lakin torpağı məhsulu ilə birlikdə aldığını deyərək, onunla mübahisə etməyə başlamışdır. Bundan sonra Cavanşirlə görüşüb, Tahirlə əlaqə saxlamış, torpaq sazəsinin yaxınlığında bir yerə yığışıb, məsələni müzakirə etməyi qərarlaşdırmışlar. Tahir avtomobili ilə həmin yerə gəlsə də, onlara çatmağa 50 metr qalmış, geriyə dönərək getmiş və onunla görüşməmişdir. Ona zəng edəndə isə gəlməyəcəyini demişdir. Sonradan öyrənmişdir ki, Tahir ondan hüquqmühafizə orqanlarına şikayət etmişdir. Lakin bütün bu olanlarda onun hər hansı təqsiri yoxdur, iddiaçının hər hansı hüququnu pozmamış, iddiaçıya hər hansı ziyan vurmamışdır. Qeyd olunan torpaq sahəsini Cavanşirin təklifi ilə, sonuncunun ona olan borcunun əvəzləşdirilməsi üçün əkmiş, bu barədə hamının xəbəri olmuş, vaxtı çatanda da, özünün 1.300 manat sərf edib əkdiyi məhsulu yığmışdır. Ona qarşı qaldırılmış iddia əsassızdır, ədalətsizdir və təmin edilə bilməz. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında bildirdi ki, alğı-satqı müqavilələrində qeyd olunan torpaq sahələrinin mülkiyyətçiləri ilə aralarında olan şifahi razılığa əsasən həmin torpaq sahələrini icarəyə götürmüşdür. Hər il həmin ərazilərdə taxıl əkmişdir. 2018-ci ildə də taxıl əkini vaxtında, Cavabdeh müraciət etmiş, sonuncu həmin sahədə taxıl əkmişdir. Bu işlərin yerinə yetirilməsini Azərlə 880 manata razılaşmışlar. İşlər yerinə yetiriləndən sonra ,600 manat pulu Azərə ödəsə də, 280 manat borcu qalmışdır. Bir müddət Azərin borcunu ödəyə bilməmişdir. Bu səbəbdən, 2019-cu ildə səpin vaxtı Azərə təklif etmişdir ki, torpaq sahəsini Azər özü əksin, məhsulu götürsün, heç bir icarə haqqı ödəməsin və 280 manat borcla əvəzləşdirsin. Azər bu təkliflə razılaşmış və torpaq sahəsində əkin aparmışdır. Azərlə aralarında olan razılaşmadan torpaq mülkiyyətçilərinin də xəbəri olmuşdur. Onlar buna heç bir etiraz etməmişlər. Torpağın satılması ilə bağlı İddiaçı ilə müzakirə apararkən, bu məlumatları İddiaçı da bildirmişdir və öncədən məlumatlandırmışdır ki, Azər öz taxıl məhsulunu məhsul yetişəndə gəlib aparacaq və onun Azərə olan borcu ilə əvəzləyəcək. Alğı-satqı müqavilələri bağlanmamışdan öncə İddiaçı bununla razılaşmışdır. Lakin sonradan, taxıl məhsulunun yığımı vaxtı Azərdən polis orqanlarına şikayət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, satıcılar X7, X16, X8, X11, X6 və X5 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 25 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 2,57 ha torpaq sahəsini alıcıya satmışlar. İş materiallarında olan sənədlərdən görünür ki, satıcılar X17, X12, X13, X18 və X14 ilə alıcı İddiaçı arasında Göyçay rayon Notariat ofisində 28 dekabr 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və satıcılar birgə mülkiyyətlərində olan 3,32 ha torpaq sahəsinin 2,42 ha hissəsini alıcıya satmışlar. 24 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. 23 yanvar 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 3,18 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iddiaçının adına həmin torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesa edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin noyabr ayında X1 Göyçay rayonu Qızılağac kəndində yerləşən 1,81 və 3,18 ha torpaq sahələri aldığını, C.Abdullayevlə aralarında 29 dekabr 2019-cu il tarixdə aralarında alğı-satqı müqaviləsi bağlandığını, 23 yanvar 2020-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini, torpağı alan zaman Cavanşir Abdullayevin torpaq sahəsinə taxıl səpdiyini, torpağı səpilmiş taxılla birlikdə aldığını, həmin taxılın cavabdeh tərəfindən biçilib aparıldığını bildirərək, ona maddi və mənəvi ziyan vurulmasını iddia etmişdir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həm hazırkı iş üzrə iddiaçı, həmçinin şahid öz izahat və ifadələrində qeyri-səmimidirlər. Çünki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsində Cavanşir Abdullayevdən aldığı torpaq sahəsində yalnız meyvə ağacları əkdiyini, taxılın Cavanşir Abdullayev tərəfindən səpildiyini bildirmiş, lakin Göyçay rayon Polis Şöbəsinə 14.06.2020-ci il tarixdə verdiyi ərizədə həmin ərazidə taxıl əkdiyini göstərmişdir. Halbuki, işin faktiki hallarından aşkar şəkildə görünür ki, qeyd olunan torpaq sahələrində taxıl nə Cavanşir Abdullayev, nə də iddiaçı tərəfindən deyil, iş üzrə cavabdeh tərəfindən səpilmişdir. İşin faktiki hallarından görünür ki, Cavanşir Abdullayev torpaq sahələrinin mülkiyyətçisi olmamışdır. Cavanşir Abdullayev aralarında olan şifahi razılıqlara əsasən torpaq sahələrinin mülkiyyətçilərindən həmin sahələri icarəyə götürərək, öncələr taxıl əkmişdir. 2019-cu ilin taxıl səpini mövsümündə isə icarəyə götürdüyü torpaq sahələrində borclu olduğu pulun əvəzində taxıl əkməyi hazırkı iş üzrə cavabdehə təklif etmiş, cavabdeh C.Abdullayevin borcu ilə əvəzləşdirmək şərti ilə həmin ərazilərdə taxıl səpmişdir. İddiaçıya torpaq sahələri torpağın əsl mülkiyyətçiləri tərəfindən satılarkən torpaq cavabdehin əkdiyi taxıl məhsulu ilə yüklü olmuşdur. İddiaçılar həmin torpaq sahəsinin mülkiyyətçiləri olsalar da, torpaq sahəsində əkilmiş taxıl məhsulunun mülkiyyətçiləri olmamışlar, taxıl məhsulu cavabdehə məxsus olmuşdur və onlar alğı-satqı müqavilələri bağlayarkən torpaq sahələrində olan taxıl məhsulu ilə bağlı hər-hansı bənd qeyd etməmişlər. İşin faktiki hallarından göründüyü kimi (bax: 24 iyun 2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar, tərəflərin və şahidin verdiyi izahatlar), iddiaçı torpaq sahələrinə dair müqavilələr bağlayarkən, orada taxılın səpilməsindən xəbərdar olmuşdur. Həmçinin, iddiaçı bilirdi ki, torpaq sahələri satılmamışdan öncə faktiki olaraq Cavanşir Abdullayevə icarəyə verilmiş, sonuncunun cavabdehə borcu olmuş, həmin borcun bağlanması müqabilində sahədə cavabdeh tərəfindən taxıl səpilmişdir və taxıl məhsulu nə torpaq sahələrinin mülkiyyətçiləri (icarəyə verənlərə), nə də Cavanşir Abdullayevə məxsus deyil. İddiaçı torpaq sahəsini taxıl məhsusu ilə birgə alsa idi, torpaq sahəsinin, gələcək taxıl məhsulunun, bəlimin ümumi dəyərini satıcılara ödəmiş olsa idi, müqavilələrdə bununla bağlı bənd olardı. Lakin alğı-satqı müqavilələrində belə bənd mövcud deyil. Digər tərəfdən, iddiaçı sahənin şumlanmasına, digər zəruri işlərin görülməsinə, səpin aparılmasına və sair aqro texniki işlərin görülməsinə hər hansı vəsait sərf etməmiş, ona real zərər, həmçinin mənəvi zərər vurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Mülki Məcəllənin 699.2-ci maddəsinə əsasən kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 699.4-cü maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Mülki Məcəllənin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Mülki Məcəllənin 572-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. İşin faktiki hallarından göründüyü kimi, torpaq mülkiyyətçilərinin faktiki olaraq torpaq sahələrini icarəyə verdikləri X2 borc əvəzinə torpaq sahələrini üçüncü şəxsə (hazırkı iş üzrə cavabdehə) icarəyə verilməsindən xəbərləri və buna razılıqları olmuş, torpaq sahəsi özünün maddi vəsaitlərini sərf etməklə cavabdeh tərəfindən aqrotexniki qulluq göstərilməklə taxıl məhsulu əkilmiş (səpilmiş), torpaq sahələri iddiaçıya satılarkən, iddiaçıya öncədən bu barədə məlumat verilmiş, iddiaçının X4 ilə Cavabdeh arasındakı münasibətlərdən xəbəri olmuşdur. Hazırkı iş üzrə iddiaçı və şahid Göyçay rayon Polis Şöbəsində verdikləri izahatlarında, bunu birbaşa olmasa da, etiraf edirlər. İddiaçı, Cavanşir Abdullayevin danışıqlarından sonuncu ilə cavabdeh arasında olan münasibətlərdən xəbərdar olduğunu bildirir, lakin Cavanşirlə danışığının vaxtını bilərəkdən 14 aprel 2020-ci il tarixə keçirir, halbu ki, onlar arasında bu barədə söhbət, danışıq bundan aylar öncə, 2019-cu ilin sonlarında baş tutmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin daxili inamına görə (daxili inamı formalaşdıran məqamlar - cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçı ilə şahidin verdikləri izahatlarla hazırda verdikləri izahatlar arasında əhəmiyyətli fərqlərin olması, iddiaçının, şahidin cavabdehə münasibətdə davranışları, izahatları verərkən göstərdikləri davranış və s. bu kimi işin faktiki halları) iddiaçı torpaq sahəsini alarkən torpaq sahəsində cavabdeh tərəfindən taxıl səpildiyini, taxılın borcun bağlanması əvəzində əkildiyini, həmin məhsulun nə torpaq mülkiyyətçilərinə, nə də torpağı faktiki olaraq icarəyə götürmüş C.Abdullayevə aidiyyatı olmadığını bilmiş, ona həmin taxılın cavabdeh tərəfindən biçilib borc əvəzinə aparılacağı bildirilmiş, alğı-satqı müqavilələri bağlanarkən torpaq mülkiyyətçiləri, C.Abdullayev və iddiaçı arasında bununla bağlı razılıq olmuş, lakin müqavilələr bağlanandan sonra iddiaçı buna hüququ çatmadığı halda, özünə məxsus olmayan taxıl məhsulu və bəlimlə bağlı əsassız iddia irəli sürməyə başlamışdır. İddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsində əsassız olması müəyyən edildiyindən, tələbin mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verilməsi zərurət qalmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-128/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-128/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver