Məhkəmə qərarları › İş №2(046)-1303/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1303/2021

02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1303/2021 02.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 919 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və «X1» haqqında müqavilə imzalanmışdır. 23.01.2019-cu il tarixdə öz ərizəsi əsasında 038-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 09.08.2019-cu il tarixdə OBA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 09.08.2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən 1.431 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 139 manat güzəşt edilmiş və 372 manat şirkətdən alacağı vəsait hesabına qarşılanıb. Qalıq borc 919 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə, 194-cü maddəsinin 1-ci bəndinə, 194-cü maddənin 2-ci bəndinə, 199-cu maddəsinə, 202-ci maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddəsinə istinad edərək iddiaçı daha sonra göstərmişdir ki, beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı və 09.08.2019-cu il tarixdə Oba Göyçay-2 filialında aparılmış növbədənkənar inventarizasiya nəticəsinə aid yekun akt onun tərəfindən imza edilməmişdir. Aktla tanış olmamışdır. Bundan başqa bildirir ki, 02.08.2019cu il tarixdə Ağdaş rayonunda bağlanmış Oba marketdən gələn transfer sənədləri və o cümlədən gələn mallar ilə tanış olmamışdır. O cümlədən heç bir transfer sənədində qəbul imzası olmadan, ondan xəbərsiz həmin mallar onun cavabdeh olduğu mağazaya daxil edilmişdir və sayım vaxtı həmin mallar da sayılıb, onun əksiyi olaraq göstərilib. Çünki, həmin mallar cavabdeh olduğu mağazaya daxil edilərkən məzuniyyətdə olmuşdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və «X1» haqqında müqavilə imzalanmışdır. 23.01.2019-cu il tarixdə öz ərizəsi əsasında 038-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. İddiaçı 09 avqust 2019-cu il tarixli inventarizasiyanın nəticələrinə dair akta istinadən Cavabdeh tərəfindən iddiaçının əmlakına (maddi qiymətlilərə) ziyan vurulduğunu iddia etmiş və cavabdehə qarşı pul tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən, o cümlədən 09 avqust 2019-cu il tarixli inventarizasiyanın nəticələrinə dair aktdan görünür ki, cavabdeh qeyd olunan inventarizasiyanın nəticələrinə dair aktı imzamamışdır. Cavabdehin yazılı şəkildə məhkəməyə təqdim etdiyi məlumata əsasən, o, məzuniyyətdə olduğu dövrdə onun xəbəri olmadan, 02.08.2019-cu il tarixdə Ağdaş rayonunda bağlanmış Oba marketdən gələn mallar (transfer) cavabdeh olduğu mağazaya daxil edilmişdir. O, həmin malları qəbul etməmiş, transfer sənədləri ilə tanış olmamış, onları imzalamamışdır. İnventarizasiya aparılan zaman sayımda həmin mallar da nəzərə alınmış və onun əksiyi kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin cavabdehin iddiaçının istinad etdiyi inventarizasiya aktında qeyd olunan kəsir cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar