Məhkəmə qərarları › İş №2(046)-1327/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1327/2021

09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1327/2021 09.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində 09 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.02.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh ilə birgə nikahdan 12.02.2008-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)-3876/2016 saylı 03.11.2016-ci il tarixli qətnaməsinə əsasən 12.02.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 100 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Qızı boyüdükçə maddi tələbatı artdığından uşağı tək başına saxlamaqda çətinlik çəkir, bundan başqa qızı talassemiya xəstəliyindən əziyyət çəkir. Cavabdeh müəllim işləyir, maddi imkanı yaxşıdır. Buna baxmayaraq cavabdeh qızının saxlanması üçün əlavə heç bir maddi yardım görsətmir. Buna görə də qızının saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə boşandıqdan sonra yenidən ailə həyatı qurmuş, hazırki nikahından üç uşağı anadan olmuşdur. Bundan başqa hazırki arvadı ankaloji xəstədir və Gepatet B xəstəliyindən əziyyət çəkir. İddiaçı hər ay ödədiyi 100 manat alimenti çətinliklə ödəyir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə iddiaçını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-3876/2016 saylı 03.11.2016-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 12.02.2008-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Elektron məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh ümumi təhsil məktəbində müəllim işləyir, aylıq əmək haqqı 332.28 manatdır. Hazırda İddiaçı azyaşlı qızının saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12.02.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay tutulan 100 manat alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-3876/2016 saylı 03.11.2016-ci il tarixli qətnaməsinə əsasən 12.02.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 12.02.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 20 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar