Məhkəmə qərarları › İş №2(046)-135/2025

Göyçay Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(046)-135/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-135/2025 22.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 89.000 (səksən doqquz min) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Samux rayonu Q.Samux kəndində doğulub böyümüş, Samux rayonunda dost tanışları çoxdur. Rayonda xurma sezonunda kənd camaatından xurma (karalyoku) nisyə tədarük edir, daha sonra öz malıyla birgə Rusiya bazarlarında reallaşdıraraq camaatın pulunu qaytarırdı. Ehtiyac yarandığı halda tədarük etdiyi malın bir qismini soyuducu vaqonlarda yerləşdirir, əlverişli şərait yarandığı təqdirdə satışa çıxarırdı. 2021-ci ilin noyabr ayında da həmin proses davam edirdi. Kənd camaatından tədarük etdiyi xurmanı X5 Yük DEPO-da yerləşən soyuducu vaqonlarda yerləşdirilmişdir. Soyuducu vaqonların baxıcılarından (bələdci) biri X1 idi. Onun vasitəsi ilə Göyçay rayonu, Ləkçıplaq kənd sakini Cavabdeh ilə tanış olmuşdur. Azərin dediyinə görə Ramil də Rusiya bazarlarına xurma tədarük etməklə, reallaşdırır. Aralarında söhbət olmuş və o, tədarük etdiyi malları nisiyə olaraq 135.000 ( bir yüz otuz beş min) manat məbləği müqabilində Ramilə vermişdir. Razılaşmışlar ki, Ramil malı (xurmanı) satandan sonra onun 135.000manat pulunu qaytaracaqdır. 2022-ci ilin may ayınadək Ramil həmin puldan hissəhissə olmaqla 46.000 (qırx altı min) manatını qaytarmış, daha sonra bu günə kimi qalmış 89.000 manatı hər dəfə bu ay, gələn ay, yaxın zamanlarda qaytaracağını desə də, Ramil qaytarmamışdır. O, xurma məhsulunun ona etibar edən kənd camaatından nisyə yığmış, qaytarılmış 46.000 manatı daha çox ehtiyacı olanlara vermiş, digərləri isə qalmışdır. O, pis vəziyyətə düşmüş, öz malından başqa, camaat arasında nüfuzu aşağı düşmüş, daha ona nisiyə mal verən yoxdur. İndi başa düşmüşdür ki, Ramil ona qarşı dələduzluq hərəkəti edib, pulu qaytarmaq fikri yoxdur. Cavabdeh ilə aralarında sövdələşmə soyuducu vaqonların baxıcıları (bələdci) X1 və Ərəstunun yanında olmuşdur. Onlarda dediklərini təsdiqləyə bilərlər. Ramil ilə Whatsap mobil tətbiqində də danışıqları var, özü də danışdıqlarında 89.000 manat borcu olduğunu etiraf edir, səs yazıları saxlanılmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdeh X2 məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 göstərdi ki, o, soyuducu vaqonda bələdci işləyir. İddiaçı onların vaqonunu yük saxlamaq üçün arendaya götürmüşdür. Ramilin soyadını bilməmiş, 2021-ci ildə də mal boşalanda Bəhram onların vaqonunda mal saxlamışdır. Ramil adl şəxs gəlib oradan mal almışdır. O, pula qarışmamış, malın saxlanılmasına cavabdehdir. Tərəflər arasında baş vermiş alış-veriş əsasında vaqondan malı Ramil boşaltmışdır. Bəhramla Ramil arasında olan danışıqlar barədə məlumatı yoxdur. Onun yanında Ramil demişdir ki malı satıb pulunu verəcək. Ramilin hara xurma məhsulunun satmasından məlumatı yoxdur. İş materiallarından görünür ki: 01 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi bərədə 01 avqust 2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti ətrafında toplanmış materialda cinayət hadisəsinin əlamətləri təsdiq olunmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı tələbinin mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. CD diskdə səsə yazılarına baxış keçirilərkən müəyyən olundu ki, cavabdeh X2 İddiaçı borcu olduğunu etiraf etmiş, maddi imkanı olmadığından borcu ödəyə bilməyəcəyini, yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı Cavabdeh 2021-ci ilin noyabr ayında 135.000 manat dəyərində xurma məhsulunu nisyə satmışdır. Cavabdeh 135.000 manat xurma məhsulunun dəyərindən 46.000 manatını İddiaçı ödəmiş, qalan 89.000 manatı ödəməmişdir. Tərəflar arasında 2021-ci ilin noyabr ayında xurma məhsulunun nisyə alqı-satqı müqaviləsi bağlandığından, xurma məhsulunu təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər: ya verilmiş əşyanın dəyərinin ödənilməsini ya da ödənilməmiş malın qaytarılmasını. İddiaçı təqdim etdiyi səs yazılarından müəyyən olundu ki, Cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, həmçinin məhkəmənin yeri və vaxtı barədə məhkəmə bildirişininin almasına baxmayaraq (poçtun xəbərnaməsi işə əlavə olunmuşdur) iddiaya dair heç bir etiraz bildirməmişdir ki, buda onun tərəfindən borcun etirafı kimi qiymətləndirilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı verilmiş malın dəyərinin ödənilməsini tələb etdiyindən, Cavabdeh tərəfindən xurma məhsulunun ödənilməmiş 89.000 manatı alınaraq İddiaçı verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 89.000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 89.000 (səksən doqquz min) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnamənin ləğvi üçün 10 gün müddətində məhkəməyə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar