Məhkəmə qərarları › İş №2(046)-1359/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1359/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1359/2024 15.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Göyçay rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(046)-939/2019 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay sabit pul məbləğində tutulan 120 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyim 50 manat mediasiya xərcinin, hüquqi yardım almaq üçün vəkilə ödədiyi 200 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(046)-939/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 15 fevral 2018-ci il tarixdə doğulmuş X1 onun yanında qalması, Damlanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin 22 aprel 2019-cu il tarixdən etibarən tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin məhkəmə qətnaməsinə əsasən ödədiyi 120 manat aliment qızının saxlanılması üçün kifayət etmir. Belə ki, aliment qət edilərkən qızının 1 yaşı var idi, ancaq hazırda qızı orta məktəbin birinci sinfinə qəbul olmağa hazırlaşır. Qızı böyüdükcə onun maddi ehtiyacları daha da artır və ödənilən aliment məbləği uşağın maddi tələbatını təmin etmək üçün çətinliklər yaradır. O, yalnız valideynlərinin hesabına qızının maddi ehtiyaclarını təmin edə bilmir. Bu səbəbdən də onun maddi vəziyyəti pisləşmişdir. Cavabdeh yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, heç vaxt uşağının yaşayış şəraiti ilə maraqlanmır. Cavabdeh fərdi əməklə məşğul olmaqla yaxşı qazanc əldə edir. Mübahisənin həlli üçün mediatora müraciət etsə də cavabdehlə razılıq əldə edə bilmədiyi üçün sessiya baş tutmamışdır və Qəbələ 1 saylı Mediasiya təşkilatı ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 may 2024-cü il tarixli MŞQ/MT- 035/2024-254 saylı arayış vermişdir. Bu səbəbdən də eyni tələblə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(046)-939/2019 saylı qətnaməsinə əsasən15 fevral 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment ödəyir. Səhətində problemlər olduğundan işləmək qabiliyyəti yoxdur. İddiaçının xeyrinə hər ay 160-170 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddiaçının vəkilə ödədiyi 200 manat məbləğində pulun ödənilməsinə etiraz etmir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-939/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 118 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin ümumi uşağı, xx.xx.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, tərəflərin ümumi uşağı, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilməsi, alimentin xx.xx.2019-cu il tarixdən etibarən tutulması və dərhal icraya yönəldilməsi qət edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 39 saylı müqaviləsinin surətindən görünür ki, hüquqi yardımın göstərilməsi üçün İddiaçı ilə vəkil X2 arasında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Vəkil Bürosunun hesabına 200 manat ödəniş olunmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4- cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanunun : 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)- 939/2019 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişmiş olması və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu miqdar dəyişməlidir. Eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli, bununla da iddia qismən təmin olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalı, həmçinin Mediasiya Şurasına ödənilmiş 50 manat xidmət haqqı və vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-939/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 (əlli) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat vəsaitin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar