Məhkəmə qərarları › İş №2(046)-1364/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1364/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1364/2021 28.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 2923.86 manat əsas, 38.38 manat faiz və 1279.72 manat cərimə olmaqla cəmi 4241.96 manat kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun tutulması və 24.12.2019cu il tarixli 026R********** saylı kredit razılaşmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, 23.01.2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 10.000 manat kredit xətti açılmışdır. 24.12.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2923.86 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 və Cavabdeh4 arasında 23.01.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 026R********** saylı kredit razılaşması üzrə cəmi 4241.96 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından banka olan borcunu qaytara bilməmişdir. Kredit borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 23.01.2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 23.01.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 24.12.2019-cu il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 2923.86 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2015-ci il tarixli kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh4 bankla zaminlik müqaviləsi bağlamışdır. İddiaçı AccessBank QSC ilə Cavabdeh1 arasında 24.12.2019-cu il tarixdə kredit razılaşması bağlanmış, illik 1 faiz olmaqla 60 ay müddətinə 2923.86 manat kredit verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı AccessBank QSC ilə Cavabdeh1 arasında kredit razılaşması bağlanılarkən zaminlər Cavabdeh4 və Cavabdeh3nun razılığı alınmamış, kredit razılaşması üzrə ödəniş cədvəli ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tanış olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, ekspertiza xərci olan 100 manat Cavabdeh1 alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 1279.72 manat, cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 9.72 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 oğlundan kredit razılaşması üzrə 2923.86 manat əsas, 38.38 manat faiz və 9.72 manat cərimə olmaqla cəmi 2971.96 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq AccessBank QSC-yə ödənilməli, tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasının ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit razılaşması 2923.86 manat əsas, 38.38 manat faiz və 9.72 manat cərimə olmaqla cəmi 2971.96 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasının ləğv edilsin. İddia cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar