Məhkəmə qərarları › İş №2(046)-1368/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1368/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1368/2021 25.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, iddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Yelo Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 3476.83 manat əsas kredit borcu, 20.44 manat faiz borcu, 45.01 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 343.65 manat olmaqla, cəmi 3885.93 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank ASC tələbi belə əsaslandırmışdır ki, 09.10.2014-cü il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 28 faiz olmaqla 24 ay müddətinə 6600 ABŞ dolları kredit verilmişdir. 30.09.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə görə və 30.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faiz olmaqla 60 ay müddətinə 3479.17 manat olmaqla kreditin müddəti 30.09.2024-cü il tarixədək uzadılmışdır. 05.05.2021-ci il tarixədək Cavabdeh1 banka 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3476.83 manat əsas kredit borcu, 20.44 manat faiz borcu və 45.01 manat cərimə borcu olmaqla cəmi 3542.28 manat borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı kimi 30.09.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Maddi imkanı olmadığından kreditini vaxtında ödəyə bilməmişdir. İddiaçının ondan cərimə tələbini əsassız hesab edir. Borcunu hissəhissə qaytaracaqdır. İş üzrə digər Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 30.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 1 faiz olmaqla 3479.17 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 30.09.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı Yelo Bank ASC -nin cavabdehdən 45.01 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 2.01 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı Yelo Bank ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Yelo Bank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 3476.83 manat əsas kredit borcu, 20.44 manat faiz borcu, 2.01 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 343.65 manat olmaqla, cəmi 3842.93 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Yelo Bank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 3476.83 manat əsas kredit borcu, 20.44 manat faiz borcu, 2.01 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 343.65 manat olmaqla, cəmi 3842.93 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar