Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1370/2025 27.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat borc üçün verdiyi pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Cavabdeh ilə səmimi münasibətləri olmuşdur. Buna görə də Cavabdeh ondan 10.000 (on min) manat məbləğində borc pul istədi. O, həmin məbləği 27 fevral 2024-cü il tarixdə 18 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə borc vermiş, cavabdeh isə həmin məbləği 27 avqust 2024-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. O, həmin borc pulu cavabdehdən qaytarmağını dəfələrlə tələb etsə də, cavabdeh həmin borcu qaytaracağına söz versə də vədinə əməl etməmiş və bundan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Göyçay notariat ofisində 04 oktyabr 2024-cü il tarixdə icra qeydi aparılmış və icra olunması üçün Göyçay rayon İcra Şöbəsinə göndərilmişdir. Göyçay rayon İcra Şöbəsinin icra məmuru tərəfindən cavabdehdən həmin borc pul tələb edilmiş, lakin cavabeh yenədə borcu qaytarmaqdan boyun qaçırdığına görə onun barəsində 2 dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məkəməsinin qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 və 15 gün müddətinə inzibati həbs edilmişdir. İcra məmuru onun ölkədən çıxışına qadağa qoyulması üçün məhkəməyə müraciət etsə də təqdimat məhkəmə tərəfindən icra qeydi olduğuna görə təmin edilməmişdir. Bundan sonra icra məmuru onu cinayət məsuliyyətinə cəlb etmək və ölkədən çıxışına qadağa qoyulması üçün heç bir hərəkət edə bilmir. Buna baxmayaraq cavabdeh yenədə borc pulu qaytarmaqdan boyun qaçırır. Buna görədə cavabdehlə aralarında bağlanmış 27 fevral 2024-cü il tarixli borc müqaviləsinə əsasən 10.000 ( on min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, poçt vasitəsi ilə məhkəməyə teleqrama göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, onun İddiaçı borcu yoxdur. Belə ki, İddiaçı onu aldatmış, müqaviləyə imza çəkdirərək etibarından sui-istifadə etmişdir. Notariat ofisində iddiaçı ilə müqavilə bağlamasına səbəb avtomobil almış, həmin avtomobilin pulundan ilkin ödəniş olaraq 7000 manat pul ödəmişdir. Avtomobili aldıqda İddiaçı ona avtomobili idarə etmək üçün etibarnamə vermiş, sonradan avtomobilin pulundan ödəniş edə bilmədiyi üçün etibarnaməni ləğv etdirmişdir. İş materialların əlavə edilmiş: xx.xx.2024-cü il tarixli 3M-308 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqalivəsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri, 18 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli 8İ-6524 nömrəli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 10.000 manat pul tutulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(107)- 17/2025 saylı qərardadından görünür ki, tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 8(046)-8/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(046)-1006/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 18 saylı notariat ofisinin xüsusi notariusunda xx.xx.2024-cü il tarixli 3M-308 nömrəli borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqaviləni icra etməməsi nəticəsində ona ümumilikdə 10.000 (on min) manat məbləğində borcu yaranmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 18 saylı notariat ofisinin xüsusi notariusunda xx.xx.2024-cü il tarixli 3M-308 nömrəli borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 10.000 manat məbləğində pul borca vermişdir. Borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddianı qəbul etməyərək həmin müqaviləni yalnışlıqla imzaladığını və iddiaçının onun savadsızlığından istifadə etməklə aldatmağına istinad etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin əqdin etibarsızlığına dair iddia qaldırmamışdır. Belə olan halda məhkəmə Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – borcun qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 10.000 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçının xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Hakim: Gülnaz Qurbanova