Məhkəmə qərarları › İş №2(046)-1381/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1381/2023

24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1381/2023 24.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması tələbinə dair mülki işə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarında dəyişiklik edib hər uşağa görə cavabdehdən sabit pul məbləğində 220 manat,cəmi 440 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə yaşadıqları müddətdə xx.xx.2009-cu il tarixdə X6, xx.xx.2010-cu il tarixdə X5 doğulmuşdur. Göyçay Rayon Məhkəmənin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 manat aliment tutulması qət olunmuşdur. Bu qətnamə ilə təyin edilmiş aliment hazırda iki uşağın saxlanması üçün kifayət etmir. Buna görə də hesab edir ki, alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində təyin olunmalıdır. Maddi çətinlik çəkir, iki uşağın saxlanılması üçün maddi təlabat artdığından cavabdehdən tutularaq hər uşağın saxlanılması üçün ödənilən cəmi 240 manat tələbatın ödənilməsinə çatmır. Azyaşlı olan iki uşağın qayğılarının ayda cəmi 240 manat aliment hesabına təmin edilməsinin qeyri-mümkünlüyünü bildiyi halda, uşağın saxlanılması üçün yalnız cəmi 240 manatın ödənilməsi ilə kifayətlənmək istəyir. Cavabdeh valideyinlik hüquqlarını yerinə yetirməyib qanunvericilik tərəfindən üzərinə qoyulan vəzifələri yerinə yetirmir. Onu övladlarının gələcəyi və lazımi şəraitdə əhatə olunması maraqlandırır, bu səbəbdən, hazırkı iddia ərizəsini təqdim edir. Cavabdeh hazırda Göyçay şəhərində ev ustası işləməklə sahibkarlıqla məşqul olmaqla sabit gəliri vardır. Cavabdeh sabit pul məbləğində alimentin artırılması barədə Mediasiya prosesində iştirak etkəmkdən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Abşeron rayonu, Quşçuluq massivində yaşayan İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla ümumilikdə 260 manat miqdarında tutulan alimentin məbləğinin artırılaraq, hər ay hər bir uşağa görə 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddia ərizəsində göstərə və həmin halları təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edə bilməmişdir. Həmçinin, alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılığa doğru hansısa dəyişiklik olmamış, iddiaçının məntiqi ilə yanaşsaq əks hal baş vermiş və onun maddi vəziyyəti pisləşmişdir. Çünki, Azərbaycan Respublikasında uşaqlar üçün olduğu kimi əmək qabiliyyətli əhali üçün də yaşayış minimumu artmışdır. Hazırda heç bir yerdə işləmir və yeni nikahından himayəsində xx.xx.2018-ci il təvəllüdlü Aysu adlı bir qız övladı vardır və aliment müəyyən edilərkən həmin uşaq da nəzərə alınmalıdır. Əlavə olaraq məlumat üçün bildirir ki, İddiaçı Bakı şəhərində fiziki şəxs X1 (vöen **********) yanında ofisant kimi işləyir və 350 manat əmək haqqı alır. İddiaçı iddia ərizəsində qeyd edilən onun Göyçay şəhərində ev ustası işləyərək sahibkarlıqla məşğul olmağı ilə bağlı dedikləri həqiqətə uyğun deyildir və sübut təqdim etməmişdir.Qanunvericiliyin tələblərindən görsənir ki, uşağı saxlamaq tək atanın deyil, hər iki valideyinin vəzifəsidir. Odur ki, yuxarı göstərilənləri nəzərə alaraq, 2(046)- 1381/2023 saylı iş üzrə İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi,izahat verərək bildirdi ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan bir azyaşlı uşağı vardır. O, fəhlə işləməklə aylıq gəliri 350-400 manatdır.Hər uşağa 130 manat olmaqla cəmi 260 manat aliment ödəyə bilər. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1898/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin ümumi uşaqları, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X5 anadan olmuşdur. Mediator tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə onu da nəzərə alır,Cavabdeh X4 ilə olan ər-arvad münasibətlərindən bir azyaşlı uşağının olması onun da ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur.Ona görə də məhkəmə tərəflərdən birinin (cavabdehin) ailə vəziyyətində,digər tərəfin (iddiaçının) maddi vəziyyətində dəyişikliyin olmasını nəzərə alıb belə bir nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1898/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 51 manat 20 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar