Məhkəmə qərarları › İş №2(046)-1385/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1385/2023

20.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1385/2023 20.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayon notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2022-ci il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 reyestrdə 8İ-7321 nömrə icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və işə məhkəmə qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 28 noyabr 2022-ci il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X5 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən “X8 Kredit Təşkilatı” MMC-nin xeyrinə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan İddiaçı 0703-076217-01 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1815 manat 40 qəpik (bir min səkkiz yüz on beş manat qırx qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmisi 1840 manat 40 qəpik pulun tutulması barədə icra qeydi aparmışdır. Həmin icra qeydi reyestrdə 8İ-7321 nömrə ilə qeyd edilib. Həmin icra qeydi icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, qeyd olunan icra qeydi və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməsi barədə yalnız 2023-cü ilin may ayında verilən pensiya vaxtı məlumat tutmuşdur. Pensiyası yarıbayarı az olduğundan Beynəlxalq banka müraciət etmiş, ona bankdan bildirdilər ki, «sənin pensiyanın 50%-ni bank tutub. Amma hansı bank tərəfindən tutulduğunu sistemdə görə bilmədiyi üçün qeydiyyatda olduğu ərazinin icra şöbəsinə müraciət edib, pensiyanızın 50%-nin hara tutulduğunu dəqiqləşdirə bilərsiniz.» Pensiyamın hara tutulmasını dəqiqləşdirmək üçün Göyçay İcra və Probasiya şöbəsinə müraciət etmiş və İcra şöbəsindən ona bildirdilər ki, Göyçay notariat ofisinin xüsusi notariusu X3 icra qeydinə əsasən pensiyanın 50%-i "xxxx" MMC-nin xeyrinə tutulur. 2023-cü ilin may ayının pensiyasını alana qədər onun nə icra qeydindən, nə də icra qeydinin icraata yönləndirilməsindən xəbəri olmamışdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Halbuki, nə tələbkar "xxxx" MMC, nə notarius, nə də ki, icra məmuru ona heç bir bildiriş göndərməyib. Tələbkar "xxxx" MMC-nin ona qarşı 1815 manat 40 qəpik tələb etməsini də qəbul etmir. Belə ki, o, bankdan 2018-ci ildə cəmisi 1200 manat pul götürmüş, onun da bir ayının ödənişini etmişdir. Borcun 1815 manat 40 qəpiyə çatması barədə ona heç bir məlumat verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC»-in etirazları: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «M X9 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Altyn Shakirova iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, "M Bulak BOKT" ("xxxx") MMC (bundan sonra “Təşkilat”) ilə bağlanan 0703- 076217-01 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 24 (iyirmi dörd) ay müddətinə, illik 49,90% faiz dərəcəsi ilə 1200 (bir min iki yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit götürüldüyü vaxtdan icra qeydi aparılan tarixinədək, yalnız bir dəfə, xx.xx.2018-ci il tarixində cəmi 80 manat məbləğində ödəniş olmuşdur və qeyd olunan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq borcun ödənilməməsinin nəticəsində xx.xx.2022-ci il tarixinə 1133,3 manat məbləğində əsas borc, 681,7 manat məbləğində faiz borcu, ümumi 1815 manat məbləğində kredit borcu yaranmışdır.Təşkilat tərəfindən iddiaçının icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün yaranmış borc barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə xx.xx.2022-ci il tarixli 2983 № bildiriş məktubu iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvana, yəni “Göyçay rayonu , 1-ci Ərəbcəbirli kəndi” ünvanına göndərilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirilmədiyinə görə, təşkilat tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı barəsində icra qeydinin aparılması barədə Göyçay rayon notariat ofısininə elektron formada müraciət edilmişdir və 8İ-7321 saylı icra qeydi alınmışdır. Yuxarıda qeyd edilənlərdən açıq-aşkar məlum olur ki, iddiaçı kredit üzrə börc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqaviləsinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliklərini kobud səkildə pozmus, bu günə qədər kredit üzrə ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Hesab edir ki, indiki halda da icra qeydindən verilmiş şikayət hüquqdan sui-istifadə etməkdən başqa bir şey deyildir və işin iddia icraatı çərçivəsində baxılması mahiyyət üzrə heç bir seyi dəyişmədiyi halda müddətin uzanmasına və kreditorun qanuni mənafeyinə zərər vurulmasına səbəb olacaqdır. Bütün bunlar isə iddiaçının iddiasının əsassız olduğunu sübut edir.Məhkəmədən iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi və 28 noyabr 2022-ci il tarixli 8İ- 7321 saylı icra qeydinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Göyçay Rayon İcra və Probasiya Şöbəsinin və «M X9 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişlər,işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 0703-076217-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında illik 49,90 faiz olmaqla 24 ay müddətinə 1200 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan İddiaçı «M X9 Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildiriş göndərilmiş, bildirişdə borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılması göstərilmişdir. İşə əlavə edilmiş poçt zərinin surətindən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan İddiaçı göndərilmiş bildiriş həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. İşə əlavə edilmiş 28 noyabr 2022-ci il tarixli 8 İ-7321 saylı icra qeydinin surətindən görünür ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmiş ki, həmin sənədlər üzrə AZ 1114, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən "M X9 Kredit Təşkilatı" MMC/ VÖEN:********** xeyrinə Göyçay rayonu , 1-ci Ərəbcəbirli kəndi ünvanında qeydiyyatda olan İddiaçı (AZE *******, xx.xx.2009 - Göyçay; FİN: xxxxxxx; d/t; xx.xx.1958) 0703-076217-01 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1815 manat 40 qəpik (min səkkiz yüz on beş manat qırx qəpik) tutulsun. Bundan əlavə təklif etmişdir, ki borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1840 manat 40 qəpik (min səkkiz yüz qırx manat qırx qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2022 tarixdə aparılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Notariat haqqında»Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X1 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 162-ci bəndinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən İddiaçı illik 49,90 faiz olmaqla 24 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə borclu cavabdeh İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən,tələbkar mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «M X9 Kredit Təşkilatı» MMC-i notariat icra qeydi haqqında ərizə ilə Göyçay rayon notariat ofisinə müraciət etmiş,ərizəyə bildiriş,bildirişin borclu İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən sifarişli məktubla çatdırılmaması barədə zərf,maliyyə arayışı,müqavilənin surəti əlavə edilmişdir.Bildirişdə xx.xx.2022-ci il tarixinə 1133,3 manat məbləğində əsas borc, 681,7 manat məbləğində faiz borcu, ümumi 1815 manat məbləğində kredit borcu yaranması, icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün yaranmış borc barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə məlumatlar göstərilmiş,icra qeydi 28 noyabr 2022-ci il tarixdə verilmiş,icra qeydində «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi Göyçay rayon notariat ofisinin xüsusi notariusun notariat hərəkətləri «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə uyğun olaraq aparılmış, borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər təqdim edilmiş, icra qeydi tələb etmək hüququnun yarandığı gündən barəsində icra qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş iddia müddəti keçənədək aparılmış,borclu İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən sifarişli məktubun geri qaytarılması isə Təlimata görə bildirişin borcluya çatdırılması kimi qiymətləndirilmişdir. Odur ki,məhkəmə hesab edir ki Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 28 noyabr 2022-ci il tarixdə, 8İ-7321 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı 28 noyabr 2022-ci il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 reyestrdə 8İ-7321 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və işə məhkəmə qaydasında baxılması tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı 28 noyabr 2022-ci il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 reyestrdə 8İ-7321 nömrə icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və işə məhkəmə qaydasında baxılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar