Məhkəmə qərarları › İş №2(046)-1387/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1387/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1387/2023 27.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 1906 manat məbləğində zərərin və məhkəmə xərcləri üçün ödədiyi 70 manatın, ümumilikdə isə 1976 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəsində olan «Toyota Prius» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobilə Cavabdeh qanuna-zidd hərəkəti nəticəsində xeyli ziyan vurulmuşdur. Belə ki, avtomobilin mülkiyyətçisi X5 tərəfindən ona xx.xx.2023-cü ildə etibarnamə verilmişdir. İnzibati Xəta haqqında İXP ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan göründüyü kimi, Cavabdeh idarə etdiyi «Azsamand» minik markalı **-MT-*** nömrəli nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC X4 xidmətinə müraciət etmiş və həmin servis tərəfindən avtomobilə 1906 manat zərərin vurulduğu müəyyən edilmişdir. Belə ki Cavabdeh idarə etdiyi və X1 mülkiyyətində olan «Azsamand» minik markalı **-MT-*** nömrəli nəqliyyat vasitəsinin sığortası olmamaqla yanaşı Cavabdeh həmin nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsi də yoxdur. Cavabdehin hərəkəti nəticəsində ona vurulmuş 1906 manat zərəri ödəməsini cavabdehdən xahiş etsə də o heç bir məhəl qoymadan və səbəb göstərmədən etiraz etmişdir. Bundan başqa məhkəməyə müraciət etmək üçün iddia ərizəsinin yazılması məqsədi ilə 30 manat, məhkəməyə müraciət etmək məqsədi ilə də Kapital Banka 40 manat, toplam 70 manat əlavə xərc çəkməli olmuşdur. Hesab edir ki, bu məbləğ də cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi,izahat verərək bildirdi ki, «Toyota Prius» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir,avtomobilin mülkiyyətçisi X2r. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi «Toyota Prius» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir.Yol-nəqliyyat hadisəni törədən şəxs Cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş,barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Hesab edir ki, «Toyota Prius» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyindən,həmin avtomobilə dəymiş ziyan ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin həmin bina sökülməsi qeyd edilmiş zərf geri qaytarılmışdır. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı «Toyota Prius» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 tərəfindən 02 il müddətinə səlahiyyət verilmişdir. İşə əlavə edilmiş AD 304981 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «Azsamand» minik markalı **-MT-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:20-də Mehdi Mehdizadə küçəsi ərazisində «Azsamand» minik markalı **-MT-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İşə əlavə edilmiş “Chevrolet-Babək” Servis-A tərəfindən verilmiş 03 may 2023-cü il tarixli ziyan aktından görünür ki, «Toyota Prius» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1906 manat ziyan hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir.O,etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şərait buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilrə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə təmsil edilən şəxs konkret bir şəxsə etibarnamə verməklə öz adından müəyyən hərəkətləri etməyi bilavasitə ona etibar edə bilər.İddiaçı 09 yanvar 2023-cü il tarixli etibarnamə ilə «Toyota Prius» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız idarə etmək səlahiyyəti verilmişdir.Buna baxmayaraq İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki,iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,İddiaçı özünə məxsus olmayan etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı tələb etmiş,halbuki həmin avtomobilin mülkiyyətçisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki,İddiaçı Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1906 manat pulu tələb etmək subyektiv hüquqa malik olmadığından Cavabdeh 1906 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi təmin olunmamalı, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 1906 manat məbləğində zərərin və məhkəmə xərcləri üçün ödədiyi 70 manatın, ümumilikdə isə 1976 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar