Məhkəmə qərarları › İş №2(046)-1402/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1402/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1402/2022 22.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə 2042 manat borcun və 41 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 359 manat və 2055 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçı MMC-yə ümumilikdə 2042 manat borcu qalmışdır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) 359 manat və 2055 manat məbləğində məişət avadanlığının verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında krediti qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-alıcıya məişət avadanlığını versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçıya 2042 manat əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyanın dəyərindən ödənilməmiş qalan 2042 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2042 manat borc və 41 manat dövlət rüsumu tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar