Məhkəmə qərarları › İş №2(046)-1501/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1501/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1501/2021 10.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 2982 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3012 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 27.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Samsung LED TV və GREE markalı kondisioner cavabdehə satılmışdır. Müqavilələrin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 2648 manat (18 ay x 140 manat + 128 manat ilkin ödəniş) olan Samsung LED TV və GREE markalı kondisioner üçün ümumilikdə cavabdeh cəmi 128 manat ödəniş etmişdir. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, Samsung LED TV və GREE markalı kondisioner almışdır. İddiaçıya qalan borcunu hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 2648 manat olan Samsung LED TV və GREE markalı kondisioner satılmışdır. Məhkəməyə təqdim edilmiş 27 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 27.06.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh iddiaçıya 2982 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 27.06.2020-ci il tarixli müqavilə üzrə 462 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 2 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2520 manat borc, 2 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMCnə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2520 manat əsas borc, 2 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2552 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar