Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1506/2023 16.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair mülki işə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasına və 220 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə olan nikahları 2019-cu ildə pozulmuşdur. Cavabdehlə birgə nikahdan olan X2 üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 120 manat, 2022-ci ildə isə 170 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması və ehtiyaclarının ödənilməsinə kifayət etmir. Heç bir yerdə işləmir. Əmək haqqı, sosial müavinət, təqaüd almır. Cavabdeh uşağın saxlanması ilə bağlı valideynlik borcunu yerinə yetirmir, uşağın təhsili, yaşayışı və s. ilə maraqlanmır. Buna görə də təyin olunmuş alimentin miqdarının artırılmasının zəruri olduğunu hesab edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş,lakin o məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X4 anadan olmuşdur. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)- 1172/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-2344/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat tutulan alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh 03 oktyabr 2012-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 20 sentyabr 2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində ləğv edilmişdir. İşə əlavə edilmiş Mediator tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasına iştirak edilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də məhkəmə belə bir nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1172/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalı, həmçinin Mediasiya Şurasına ödənilmiş 50 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1172/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 46 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Mediasiya Şurasına ödənilmiş 50 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1506/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1506/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver