Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1523/2025 04.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində təbiətə dəymiş ziyanın alınaraq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tələbi belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RESTİ-nin əməkdaşlarının araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yaşıllıqların götürülməsi üçün müvafiq icazə olmadan ünvan 1 ünvanının qarşı tərəfində yol kənarındakı yaşıllıq sahəsindəki ərazidən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə qiymətləndirilmiş diametri 50 sm olan 1 (bir) ədəd 900 (doqquz yüz) manat dəyərində köküstə yaş Tut ağacını qanunsuz kəsməklə təbiətə ziyan vurmuşdur. Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 900 (doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin tələbləri izah edilərək dəymiş ziyan məbləğinin ödənilməsi tələb edilsə də, cavabdeh təbitətə dəymiş ziyanı indiyədək ödəməmişdir. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən atasından miras qalmış fərdi yaşayış evinin giriş qapısının qarşısında qurumuş 01 ədəd tut ağacını qaz xəttlərinə maneəçilik törətdiyinə görə kəsmişdir. Ağac quru olduğu üçün hesab edir ki, heç bir məsuliyyət daşımır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsinə əsasən təbiətə dəymiş ziyanın hesablanması barədə cədvəldən görünür ki, Cavabdeh diametri 50 sm, sayı 01 ədəd olan tut ağacını kəsməklə təbiətə 900 manat ziyan vurduğu qeyd edilmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)-379/2021 saylı xx.xx.2021-ci il tarixli inzibati iş üzrə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci-cil tarixli MN 119208 saylı qərar ləğv edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ona görə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Cavabdeh inzibati xəta törətdiyi vaxtdan (2019-cu il) 3 il müddət keçdikdən sonra (xx.xx.2021-ci-ci il tarixdə) inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi inzibati xətalar məcəlləsinin tələblərinə zidd olmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkildən ünvan 1 ünvanında kəsilmiş tut ağacının yaşıl halda olduğu müəyyən edilmir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1-ci maddəsinə əsasən yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu 1.0.8. yaşıllıqların məhv edilməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı iddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə qeyd edilən tut ağacının yaş halda Cavabdeh tərəfindən kəsildiyini müəyyən edən müvafiq aktı, eləcə də Cavabdeh tərəfindən ünvan 1 ünvanında yol kənarında yaş halda 01 ədəd tut ağacını Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununu pozmaqla kəsərək təbiətə 900 manat ziyan vurduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyan tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyan tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1523/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1523/2025
04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver