Məhkəmə qərarları › İş №2(046)-1524/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1524/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1524/2025 31.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh qanunsuz olaraq köküstə yaş halda olan 2 ədəd gilas, 1 ədəd incil ağacı və köküstə yaş 2 topa nar kolunu kökündən çıxararaq məhv etməsi nəticəsində təbiətə vurduğu 560 manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X2, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************. VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RESTİ-nin 13 dekabr 2021 -ci il tarixli 260 saylı sərəncamına əsasən Göyçay rayonu Mırtı kənd sakini X1 Nazirliyin “Qaynar xətt” əlaqə mərkəzinə ünvanladığı xx.xx.2021 -ci il tarixli müraciətinə əsasən İdarə əməkdaşları tərəfindən araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonu Mırtı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı qərarının və “Yaşıllığın mühafizəsi haqqında” qanunun tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta törətmiş və Göyçay rayonu Mırtı kəndi ərazisində həyətyanı sahəsinə gedən yolun üzərindən, bələdiyyə ərazisindən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə qiymətləndirilmiş diametri 6 sm olan 1 ədəd gilas, diametri 8 sm olan 1 ədəd gilas, diametri 22 sm olan 1 ədəd incil ağacını kəsməklə hər ədədi 100 manat olmaqla 300 manat və 2 topa nar kolunu kəsməklə (hər topası 80 manat olmaqla) cəmi 560 manat məbləğində təbiətə ziyan vurmuşdur. Araşdırma zamanı Cavabdeh yazılı izahat verərək həyətyanı sahəsinə gedən yolu genişləndirmək məqsədilə ağacların kökündən çıxardığını və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Qeyd olunduğu kimi Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 560 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin tələbləri izah edilərək dəymiş ziyan məbləğinin ödənilməsi tələb edilsə də, cavabdeh təbitətə dəymiş ziyanı indiyədək ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş Cavabdeh yazılı izahatından görünür ki, həyətyanı sahəsinə gedən yolu genişləndirmək məqsədilə ağacların kökündən çıxardığını və bir daha belə hallara gələcəkdə yol verməyəcəyini bildirmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 560 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində İXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində meşə fonduna daxil olmayan sahələrdə ağacların,kolların və digər yaşıllıqların qanunsuz kəsilməsinə görə İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən təqdim edilmiş məktubdan görünür ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərarı icra olunması ilə əlaqədar Cavabdeh xəbərdar edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ona maddi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016- cı il tarixli 421 nömrəli qərarı ilə qiymətləndirilmiş diametri 6 sm olan bir ədəd gilas,diametri 8 sm.olan 1 ədəd gilas,diametri 22 sm.olan 1 ədəd incil ağacını kəsməklə gilas ağacının hər ədədi 100 manat,incil ağacının bir ədədi 200 manat olmaqla 400 manat və 2 topa nar kolunu kəsməklə hər topası 80 manat olmaqla 160 manat,ümumilikdə 560 manat maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan,dəymiş maddi zərərin əvəzi zərərvurandan tutulmalıdır. Beləliklə mülki hüquq pozuntusu nəticəsində iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, maddi zərərin məhz 560 manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 560 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 560 manat olduğundan, tutulmalı olan dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmalı, dövlət rüsumu üçün ödənilməli olan 30 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 560 manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hesabına köçürülsün. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 30 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar