Məhkəmə qərarları › İş №2(046)-1526/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1526/2024

19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1526/2024 19.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat məbləğində pulun və 37 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2022-ci il tarixdə bir neçə dəfəyə ondan 1600 manat məbləğində borc pul alaraq qaytarılması öhdəliyini üzərinə götürmüş, sonradan öhdəliyindən yayınaraq pulu qaytarmamışdır. Ondan dəfələrlə öhdəliyinin icrasını tələb etsə də heç bir hərəkət etməmiş onu müxtəlif bəhanələrlə aldatmaqda davam edir. Cavabdeh ondan aldığı 1600 manat pul məbləği barəsində öz xətti ilə qəbz yazmışdır. Cavabdehin hərəkəti ilə bağlı tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək pulun alınıb ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh polis bölməsində borcu etiraf edib yaxın zamanda qaytaracağına söz versədə yenə də aldatma mövqeyini üstün tutmuşdur. Cavabdeh Bakı şəhərində “sac ustası” işində işləyir onun mərhum həyat yoldaşının yaxın tanışı olmuş, bu münasibətdən istifadə edərək borca pul istəmiş, həmin məbləğ ona tərəfindən verilmiş, o isə hazırki vəziyyətdə onun maddi imkanını nəzərə almadan onu tək qadın bilib aldatmağa davam edir. Onun hərəkətləri üzündən məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh borclu olduğu 1600 manat pul və ödənilmiş dövlət rüsumu alınaraq ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh onun mərhum ərinin tanışı olmuşdur. Cavabdeh pul lazım olduğu üçün mərhum ərindən 1600 manat borc pul alaraq qaytaracağını bildirmişdir. Əri vəfat etdikdən sonra Cavabdeh dəfələrlə borc aldığı pulu qaytarmasını bildirsədə pulu qaytarmamışdır. Bununla bağlı 17-ci Polis Bölməsinə pulun alınması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Bölməsinə gələrək izahat vermişdir ki, borclu olduğu pulu yaxın müddət ərzində qaytaracaqına söz versədə pulu qaytarmamışdır. Bundan sonra Cavabdeh ondan 1600 manat borc pul aldığını şəxsiyyət vəsiqəsini pul götürməyinə görə könüllü olaraq qoyaraq qəbz imzalamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980cı ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olmuşdur. İşə əlavə edilmiş dəftər vərəqəsində olan yazıdan görünür ki, «Mən İddiaçı.Mənə 1600 manat borc pul almışam şəxsiyyət vəsiqəmi pul götürdüyümə görədə könüllü olaraq qoyuram.zamin olaraq qoyuram.Cavabdeh.imza» qeyd edilmişdir. İşə əlavə edilmiş Cavabdeh Nərimanov rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, Cavabdeh göstərmişdir ki, bir il yarım bunda qabaq bərbər işləyən zaman Çətin adlı bir şəxs ilə tanış olmuşdur. O həmin şəxslə tanışlıq etməyə başlamışlar. Onun övladı olmadığı üçün və mütəmadi müalicə aldığı üçün Çətin ona maddi olaraq köməklik etmişdir. Hissəhissə ona ümumilikdə 1500 manat pul vermişdir. Hal hazırda pulu yoxdur imkan olduqca pulu qaytaracaqdır. İşə əlavə edilmiş 30 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilmiş və qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında 1600 manat borcun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilməsədə, 2022-ci ildə borc münasibətlərinin yaranması Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində cavabdehin yazılı izahatı və Cavabdeh İddiaçı 1600 manat borc pul almasını dəftər vərəqəsində olan yazı ilə təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlandığından, 1600 manat məbləğində pulu təhvil almış Cavabdeh razılaşdırılmış müddət ərzində borcu qaytarmaq öhdəliyini yerinə yetirməmişdir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh 1600 manat məbləğində pul tutularaq İddiaçı verilməli, bununla iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 37 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 37 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar