Məhkəmə qərarları › İş №2(046)-1538/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1538/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1538/2021 23.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 823.70 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 16.12.2019-cu il tarixdə Göyçay rayonunun Cəyirli kəndi ərazisində qazıntı işləri apararkən İddiaçı MMC X1 məxsus FO-20 markalı rabitə kabelini qırmış, nəticədə rabitənin boşdayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından İddiaçı MMC-yə 823,70 manat məbləğində maddi zərər vurulmuşdur. Rabitə kabelinin 16.12.2019-cu il tarixdə Cavabdeh tərəfindən qırılması ilə əlaqədar Göyçay TKQ-nin işçiləri və cavabdehin iştirakı ilə akt tərtib edilmişdir. Hadisə ilə bağlı tərtib edilmiş 16.12.2019-cu il tarixli aktda Cavabdeh imza edərək, rabitə kabelinin qırılması ilə nəticələnən qazıntı işinin onun tərəfindən aparılmasını təsdiq etmişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına 01.05.2020-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndi ərazisində qazıntı işləri apararkın İddiaçı MMC-yə məxsus rabitə kabelini qırmışdır. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 16.12.2019-cu il tarixli aktdan görünür ki, 16.12.2019-cu il tarixdə Göyçay rayonunun Cəyirli kəndi ərazisində Cavabdeh tərəfindən qazıntı işləri apararkən İddiaçı MMC X1 məxsus FO-20 markalı rabitə kabeli sıradan çıxmışdır. (Akt ilə Cavabdeh tanış olmuş və imzalamışdır). Məhkəmə təqdim edilmiş Göyçay rayonunun Cəyirli kəndi ərazisində FO-20 kabelinin bərpası üçün təqribi smetadan görünür ki, FO-20 kabelinin bərpası üçün 492.49 manat tələb olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlıqında İddiaçı MMC X1 məxsus FO-20 markalı rabitə kabeli FO-20 kabeli sıradan çıxmışdır. Hazırda İddiaçı MMC Cavabdeh həmin kabelin təmiri üçün 492.49 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh 823.70 manat ziyanın tutulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu olan 20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 492.49 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 492.49 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar