Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1545/2021 12.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26.520 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vasitəsi məhkəməyə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, 2017-ci ilin aprel ayının ortalarında Abşeron rayonu Məhəmmədi qəsəbəsində dostu Vüqara məxsus pomidor əkilmiş istixanada olarkən Cavabdeh ilə tanış olmuş, Elşən özünü iş adamı kimi təqdim etmiş, Azərbaycandan Rusiya Federasiyasına pomidor göndərilməsi ilə məşğul olduğunu bildirmişdir. Elşən həmin vaxt onun telefon nömrəsini soruşub özündə qeyd etmiş və bir müddət sonra onunla əlaqə saxlamışdır. Söhbət əsnasında Elşən dövriyyəsini genişləndirmək istədiyini, lakin əlində nağd pul olmadığını, 2017-ci ildə Rusiya Federasiyasına bir neçə dəfə pomidor göndərdiyini, həmin məhsulların pulunu mövsümün sonunda alacağını, bu səbəbdən də ticarətini genişləndirə bilmədiyini bildirmiş və ona maddi köməklik etməyini xahiş edərək, mövsümün sonunda həm pulunu qaytaracağını, həm də əldə etdiyi gəlirdən ona də verəcəyini bildirmişdir. Elşən qısa müddət ərzində özünü ona ciddi iş adamı kimi tanıtdırdığından, həmçinin danışığı, rəftarı ilə onun etibarını qazandığından maddi köməklik etməyə razılaşmışdır. Bu səbəbdən 2017-ci ilin aprel ayının sonlarından 05 iyun 2017-ci il tarixə qədər müddət ərzində hissə-hissə olmaqla Elşənə ümumilikdə 44370 manat pul vermişdir. 27.04.2017-ci il tarixdə Elşənə 6300 manat, 01.05.2017-ci il tarixdə 3000 manat, 03.05.2017-ci il tarixdə 8500 manat, 09.05.2017-ci il tarixdə 15000 manat,24.05.2017-ci il tarixdə 6000 manat, 05.06.2017-ci il tarixdə 570 manat pul vermişdir. 06 iyul 2017-ci il tarixdə Elşən özü onunla əlaqə saxlamış və Bakı şəhərində görüşmüşlər. Həmin vaxt Elşən ona 11900 manat pul ödəmiş və qalan hissəsini də ən geci 10.07.2017-ci il tarixədək ödəyəcəyini bildirmişdir. 11.07.2017-ci il tarixdə Elşənlə əlaqə saxladıqda, hələ pulları ala bilmədiyini, alan kimi pulunu ödəyəcəyini bildirmişdir. Elşənlə əlaqə saxladıqda Elşən 17.07.2017-ci il tarixdə 5950 manat pulu qaytarmışdır. Həmin vaxtdan sonra Elşən onun zənglərinə cavab verməmiş, görüşməkdən yayınmışdır. Ortaq tanışları vasitəsi ilə bir neçə dəfə Elşənə xəbər göndərərək aldığı pulu qaytarmasını tələb etsə də, lakin Elşən hər dəfə qısa müddət ərzində pulu qaytacağını deyib aldatmış və borclu olduğu 26520 manat pulu qaytarmamışdır. Bununla bağlı Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər şöbəsində araşdırılmış və həmin cavabdehin əməlində cinayət tərkibinin olmaması və aralarındakı münasibətin mülki xarakter daşıması ilə bağlı 02 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da göründüyü kimi Cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh Whatsapp sosial şəbəkə vasitəsi ilə əlaqə saxlanılmış, Cavabdeh İddiaçı 26.500 manat borcu olduğunu, həmin borcdan 8.500 manat qaytardığını, hazırda 18.000 manat borcu qaldığını və həmin borcu ödəyəcəyini bildirmişdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsində 26.02.2018-ci il tarixdə izahat vermiş Cavabdeh İddiaçı 26.500 manat pul borclu qaldığını etiraf etmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnikleytenantı Allazov Rüfət tərəfindən qəbul edilmiş Cinayət İşinin başlanmasının rədd edilməsi haqqında 02.02.2021-cu il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı 18.000 manat pul borclu olduğuna dair izahat vermişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən, alverlə məşqul olmaq niyyəti ilə 2017-ci ilin aprel ayının sonlarından 05 iyun 2017-ci il tarixə qədər müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 44370 manat pul vermişdir. Cavabdeh həmin puldan 26.370 manatını iddiaçıya qaytarmışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 18.000 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı məxsus 18.000 manat məbləğində pul vəsaiti Cavabdehnın qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı 26.520 manat pul borclu olduğuna əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1545/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1545/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver