Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-163/2023 25.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qadırılması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hüseynov Baloğlan Arif oğluna qarşı «maneələrin aradan qadırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan əmlak kompleksi (Meşə Ticarəti Bazası) və əmlak kompleksinin yerləşdiyi, icarəsində olan 5173,0 m2 torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı ərazi arasında mərz (divar, hasar) çəkilməsinə cavabdeh Hüseynov Baloğlan Arif oğlu tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan əmlak kompleksi (Meşə Ticarəti Bazası) və əmlak kompleksinin yerləşdiyi, icarəsində olan 5173,0 m2 torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı ərazi arasında mərz (divar, hasar) çəkilməsinə Cavabdeh tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, dövlət mülkiyyətində, onun istifadəsində olan 0.0084 ha torpaq sahəsində yerləşən, 71.4 m2 ümumi sahəsi olan anbarın mülkiyyətçisidir. Həmin anbar üzərində mülkiyyət hüququ (A literli tikili olan qeyri-yaşayış binası anbar (tikinti altı sahəsi 66.66 m2, ümumi sahəsi 60.1 m2; B literli tikili olan qeyri-yaşayış binası gözətçi binası (tikinti altı sahəsi 17.39 m2, ümumi sahəsi 11.3 m2;) daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabnın 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən əmlak komleksinə (Meşə Ticarəti Bazasına) dair 15 iyul 2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir (inventar nömrəsi 408-1/5204, reyestr nömrəsi **********00-12301). Həmin daşınmaz əmlakı 07 iyul 2014-cü il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qardaşı X1 ona bağışlamışdır. Daşınmaz əmlakın bağışlanması müqaviləsi Göyçay rayon notariat kontorunun xüsusi notariusu P.Nəcəfli tərəfindən 4Ə-521 nömrəsi ilə təsdiq edilmişdir. Bundan başqa, eyni ünvanda əmlak kompleksinin yerləşdiyi 5173,0 m2 torpaq sahəsi aylıq icarə haqqı 86,67 manat, illik 1.040 manat olmaqla, 09 fevral 2018-ci il tarixdən 09 fevral 2033-cü il tarixədək ona icarəyə verilmişdir. Bununla bağlı onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 09 fevral 2018-ci il tarixdə Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 441 saylı müqavilə bağlanmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, torpaq sahəsi icarəsinə, əmlak kompleksi isə mülkiyyətinə verilməsinə baxmayaraq, nə mülkiyyətində olan əmlak kompleksindən, nə də icarəsində olan torpaq sahəsindən istifadə edə bilmir. Halbuki, onun mülkiyyət hüquqları da, icarəçi kimi hüquqları da Azərbaycan qanunları ilə qorunmalıdır. O, mülkiyyətində olan əmlakdan, icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edib, faydalana, həmçinin Ölkəyə heç bir fayda gətirə bilmir. Torpaq sahəsinə dair Dövlət tərəfindən təyin edilmiş icarə haqqını ödəsə də, cavabdeh onun əmlakını və icarəsində olan torpaq sahəsini zəbt edib. Cavabdehin əmlak kompleksindən çıxarılması ilə bağlı məhkəmə aktı, torpaq sahəsindən çıxarılması ilə bağlı mübahisə olmasına baxmayaraq, gələcəkdə cavabdeh həmin əmlakdan və torpaq sahəsindən çıxarılsa belə, mübahisə qalmaqda davam edəcək. Çünki, mülkiyyətində olan əmlak kompleksi və icarəsində olan torpaq sahəsinin 3 tərəfi bağlı olmaqla, əraziyə həmin tərəflərdən müdaxilə yoxdur. Lakin cavabdehin məcburi köçkün kimi gəldiyi dönəmdə özbaşına məskunlaşdığı yerlə onun mülkiyyətində olan əmlak kompleksi, həmçinin icarəsində olan torpaq sahəsinin arasında mərz (hasar, divar) mövcud deyil. Gələcəkdə, onun iddialarına müsbət hüquqi qiymət verilib, qanuni qüvvəyə minəcək məhkəmə aktları icra olunub, cavabdeh həmin ərazidən (həm əmlak kompleksindən, həm də icarəsində olan torpaq sahəsindən) çıxarılsa belə, ərazidə olmadığı istənilən an cavabdeh yenidən əraziyə müdaxilə edə bilər. Bu isə mübahisənin və icra hərəkətlərinin sonsuza qədər davam etməsi anlamına gəlir. Bu səbəbdən hesab edir ki, mülkiyyətində olan əmlak kompleksi, icarəsində olan torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı ərazi arasında əlaqənin kəsilməsi zəruridir və həmin ərazilər arasında mərz (divar, hasar) inşa edilməlidir. O, həmin ərazilər arasında əlaqənin və öz ərazisminə (icarəsində olan torpaq sahəsi, mülkiyyətində olan əmlak kompleksi) müdaxilənin aradan qaldırılması üçün mərz çəkmək istəsə də, cavabdeh buna maneələr yaradır və hüquqlarını davamlı şəkildə, kobud surətdə pozmaqda davam edir. Yuxarıda sadalanan işin faktiki hallarından və istinad olunan qanunvericilik müddəalarından göründüyü kimi, Cavabdeh mülkiyyətində olan əmlak kompleksi və icarəsində olan torpaq sahəsindən çıxmaq tələbini yerinə yetirməməklə yanaşı, onun həmin daşınmaz əmlaklardan istifadəsinə, həmçinin yuxarıda qeyd etdiyi ərazilər arasında mərz (divar, hasar) çəkməsinə (inşa etməsinə) maneələr yaratmaqla, hüquqlarını pozduğuna görə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçı 2015-ci ildə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə iddiaçının iddiasını qəbul etməmişdir. Həmin işə 2016-cı ildə Şəki Apellyasiya Məhkəməsində, 2017ci ildə Ali Məhkəmədə baxılmışdır və iddiası təmin edilməmişdir. 2020-ci ildə iddiaçı yenidən Göyçay rayon məhkəməsinə müraciət etmişdir. Göyçay rayon məhkəməsi iddiaçının iddiasını qəbul etmişdir. X3 Məhkəməsinə apellyasiya şikayəti vermiş, həmin məhkəmə Göyçay rayon məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(046)-2021 saylı qətnaməsini ləğv etmişdir. Buna görə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi onun zəbt etdiyi 71,4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Ali Məhkəmənin 2(102)-4042/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında aydın yazılmışdır ki, o, həmin ərazidə 1993-cü ildə məskunlaşmışdır. Məskunlaşmanın səbəbi isə Şuşanın işğal edilməsi və onun məcburi köçkünə çevrilməsi olmuşdur. Mülki Məcəllənin 179.1-ci maddəsi 2005-ci ildə ləğv edilsə də, cavabdehin həmin əraziyə 10 illik sahiblik dövrü 2003-cü ildə tamam olduğundan 2003-cü ildən həmin əraziyə onun qanuni əsaslarla mülkiyyət hüququ çatır. Birinci instansiya məhkəməsi onun həmin ərazidə 1993cü ildən yaşamasını nəzərə almayaraq, qətnamədə cavabdehin həmin ərazidə yaşamaması barədə saxta arayışına istinad etmişdir. Ona görə də, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(046)-212/2021 saylı qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İstinad olunan maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Ali Məhkəmənin də qeyd etdiyi kimi, onun 1993-ü ildə həmin ərazidə yaşamaması haqqında arayışı, fotonu, audio-videonun haradan əldə edilməsi bəlli deyil. İddiaçı bütün iddialarında eyni predmeti, yəni maneələrin aradan qaldırılması, torpağın boşaldılması, tikililərin sökülməsini tələb edir. Halbuki, onlar 1993-cü ildə bu ünvanda yaşayıb torpaqdan, anbardan istifadə edir, qarğıdan tövlə tikmişlər. 1993-cü ildən burada yaşayan insan 2014-cü ildə hansı yollarlasa sənəd düzəldən şəxsin yerini zəbt edə bilməz. Bu sözləri yazan ya Azərbaycan dilini bilmir, ya da məntiqdən xəbəri yoxdur. O, məhkəmə çəkişmələrindən bezmişdir. Məcbur qalıb Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcək ki, 01 iyul 2004-cü il tarixli sərəncamı tanınmır, onu bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşlığından azad etsin. O ki qaldı, İddiaçı hasarçəkmə iddiasına, buə razi yenə də qeyd edir ki, bu torpaq dövlətə və RTS-ə məxsusdur, hasarın daxilindədir. Bundan əlavə, ərazidən su, kanalizasiya, qaz, işıq xəttləri keçir. Əlavə olaraq qeyd edir ki, bütün bunları Ədalət adlı şəxslə Mirəli törədir. Belə ki, 2014-cü ildən əvvəl Ədalət ona gəlib demişdir ki, buranı alır, necə yaşayıbsa, Şuşaya gedənə qədər elə də yaşasın. Sonra onlarla adam gətirib ki, bura onundur, satır. Heç kim burada köçkünü görüb gəlməmişdir. Sonra aldadıb 80.000 manata Mirəliyə satmışdır. Mirəli də qardaşının adına sənəd düzəldib. Kanalizasiya xətti çəkiləndə Mirəli də gəlib demişdir ki, bura onundur. Türklər kanalizasiyanı çəkəndə ona demişdir ki, dövlət sənədi gətirsin, çəkməsin. Onun da torpağa çıxarışı yoxdur. Torpaq dövlətindir. Mirəli Ədalətə ödədiyi 35.000 manatı geri ala bilmədiyi üçün onu məhkəməyə verərək narahat edirlər. Göyçay rayon Məhkəməsi də İddiaçı sual vermir ki, Cavabdeh neçənci ildən orada yaşayır. Müqavilə bağladığı orqana sual ünvanlamır ki, həmin ərazidə insan yaşaya-yaşaya, o torpaqdan istifadə edən varsa, hansı qanunla həmin torpaq sahəsini icarəyə verirlər. Ancaq əvvəlki məhkəmə prosesində ekspert qarşısında sual qoyulur ki, 2018-ci ildə icarəyə götürülən yer zəbt edilmişdir? Ekspert də rəy verir ki, zəbt edilmişdir. Bütün bunların nəzərə alaraq, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 71,4 m2 ümumi sahəsi olan anbar tikilisi (Əmlak kompleksi kimi müəssisə) xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Anbar tikilisinin yerləşdiyi 0,0084 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, İddiaçı istifadəsində olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 15 iyul 2014-cü il tarixli texniki pasportdan görünür ki, İddiaçı mülkiyyətində olan Meşə Ticarəti Bazasına dair 408-1/5204 inventar nömrəli texniki pasport tərtib olunmuş, zəruri texniki göstəricilər qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi barədə 09 fevral 2018-ci il tarixli 441 saylı müqavilədən görünür ki, ünvan 1 ünvandakı əmlak kompleksinin yerləşdiyi 5173,0 m2 torpaq sahəsi müvafiq icarə haqqı ödənilmək şərti ilə 09 fevral 2033-cü il tarixədək İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Göyçay rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli 2(046)-43/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı «Cavabdeh tərəfindən ünvan 1-də yerləşən, onun xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, ərazidə qanunsuz tikilmiş tövlələrin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən onun istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2015-ci il tarixli 2(107)-1028/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli 2(046)-43/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı «özgənin qanunsuz sahibliyindən mülkiyyətin geri tələb olunması, qanunsuz tikililərin sökülməsi və qarşıda olan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş ünvan 1-də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksi – 60,1 m2 sahəsi olan qeyri-yaşayış binası (anbar) və 11,3 m2 sahəsi olan qeyri-yaşayış binasının (gözətçi binasının) boşaldılması; İddiaçı əmlak kompleksinin də yerləşdiyi onun qanuni istifadəsində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 20 m2 ölçülü tövlənin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli 2(102)-1622/2016 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2015-ci il tarixli 2(107)-1028/2015 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli 2(107)-836/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli 2(046)-43/2015 saylı qətnaməsi qismən – iddia tələbinin ünvan 1-də yerləşən iddiaçının xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, həmin əmlak kompleksindən onun istifadə etməsinə yaratdığı məneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş Göyçay şəhəri Natəvan küçsi 134-də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksinin sahəsi 11,3 m2 olan qeyriyaşayış binasının (gözətçi binasının) boşaldılması, həmin qeyri-yaşayış binasından (gözətçi binasından) İddiaçı istifadə etməsinə maneə törətmək Cavabdeh qadağan edilmiş, iddia tələbi əmlak kompleksinin sahəsi 60,1 m2 olan qeyri-yaşayış binasının (anbarın) boşaldılması hissəsində təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2017-ci il tarixli 2(102)-707/2017 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2016-cı il tarixli 2(107)-836/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakdın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 saylı üvandan yerləşən əmlak kompleksi kimi müəssisə icarə hüququ kimi İddiaçı adına xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci hissəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarına aid edilmişdir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 71,4 m2 ümumi sahəsi olan anbar tikilisi (Əmlak kompleksi kimi müəssisə) İddiaçı xüsusi mülkiyyətindədir. Həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, icarə müqaviləsi əsasında 09 fevral 2033-cü il tarixədək İddiaçı icarəyə verilmişdir. İddiaçı icarə hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Həmçinin, iddiaçı həmin torpaq sahəsinə görə icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını vaxtı-vaxtında müvafiq hesaba ödəyir. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd ərazidə Cavabdeh məskunlaşmışdır. Cavabdehin məskunlaşdığı ərazi ilə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi arasında divar, sədd, mərz olmadığından, tərəflər arasında torpaq sahəsindən istifadə ilə bağlı uzun müddətdir ki, mübahisəli vəziyyət davam edir. İddiaçı bu mübahisələrə son qoymaq üçün, cavabdehin faktiki olaraq məskunlaşdığı ərazi ilə özünün istifadəsində olan torpaq sahəsi arasında divar çəkmək istəsə də, cavabdeh buna maneə yaradır. Cavabdeh öz hərəkətlərini tərəflər arasında öncələr mövcud olmuş mübahisə üzrə çıxarılmış məhkəmə aktları ilə əsaslandırsa da, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, artıq hüquqi qiymət verilmiş mübahisə cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı olmuşdur. Hazırki mübahisə eyni tərəflər arasında olsa da, iddia predmeti və iddianın əsasları baxımından əvvəlki mübahisə ilə eynilik təşkil etmir. Sadalanan qanun normalarının tələblərinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, icarəsində olan torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı torpaq sahəsi arasında divarın inşa edilməsinə sonuncu tərəfindən yaradılan məneələr aradan qaldırılmalı və bu cür maneələrin yaradılması cavabdehə qadağan edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan əmlak kompleksinin (Meşə Ticarəti Bazasının) yerləşdiyi və iddiaçının icarəsində olan 5173,0 m2 torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı ərazi arasında mərz (divar, hasar) çəkilməsinə Cavabdeh tərəfindən yaradılan məneələr aradan qaldırılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan əmlak kompleksinin (Meşə Ticarəti Bazasının) yerləşdiyi və iddiaçının icarəsində olan 5173,0 m2 torpaq sahəsi ilə cavabdehin məskunlaşdığı ərazi arasında mərz (divar, hasar) çəkilməsinə Cavabdeh tərəfindən yaradılan məneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-163/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-163/2023
25.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver