Məhkəmə qərarları › İş №2(046)-173/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-173/2025

14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-173/2025 14.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Bığır kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.61 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X2, X1 və ona Göyçay rayonu Bığır kəndi ərazisindən 0.61 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Sona İsmayılovanın və ailə üzvlərinin adına mülkiyyət hüququnu təsdiq edən JN 938A nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəhadətnamə əsasında adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payının ayrılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin əməkdaşları ərazidə çöl ölçü işləri aparmaq istəsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buna imkan verməmişdir. Buna görə də torpaq sahəsinin bölgüsünü etməkdən imtina edilmişdir. Cavabdehlərlə danışıqlar aparıb mülkiyyətində olan torpaq sahəsində 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarının çöl ölçü işlərinin aparılmasına şərait yaratmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələbində israrlı olaraq dayanmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Cavabdehlərin ümumi istifadədə olan yoldan istifadəyə yaratdığı maneənin aradan qaldırılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün torpaq sahəsinin planı və ölçüsü sənədinin alınması zəruridir. Çünki, həmin sənədlə torpaq sahəsinin koordinatını, yerləşmə nöqtəsini dəqiq müəyyən etmək olur. Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadan istifadə etmək istədiyi yoldan yaradılan maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət edə bilməyəcəkdir. Ona görə də Göyçay rayonu Bığır kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılmasını istəyir. Cavabdeh1 iddiaya etirazı: İddiaçının tələbi əsassızdır. Belə ki, 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları ərazidə çöl ölçü işləri aparması barədə, nə də ki, kənd icra nümayəndəsi və kənd bələdiyyəsi onlara bu barədə heç bir söz və ya irad bildirməmiş və onlarla görüşməmişdir. Həqiqətən də 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarına ərazidə çöl ölçü işləri aparmasına hər hansı bir formada mane olduqları üçün onlar müvafiq işlərin aparılmasından imtina ediblərsə onda İddiaçı həmin imtina məktubunu məhkəməyə təqdim etməli idi. Həqiqətdə isə belə hal olmayıb. Hesab edir ki, ona və digər Cavabdeh2 qarşı məhkəmədə qaldırdığı iddia öz subyektiv mülahizələri ilə əsaslandımamış və ona qarşı hər hansı bir formada qərəzli münasibət barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının ümumi-birgə mülkiyyətində 0.61 ha torpaq sahəsi ilə onun və digər Cavabdeh1 istifadəsində olan torpaq sahələri qonşuluqda yerləşmir. Həmin torpaq sahəsində ölçmə işlərinin aparılmasına heç bir maneəçilik törətməmişdir və gələcəkdə də törətməyəcəkdir. Eləcə də hazırki tələb üzrə mübahisənin olduğundan xəbəri olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsinə gedən yolu bağlanmamış, iddiaçının özünə məxsus torpaq sahəsinə rahat şəkildə gedib-gəlməyinə maneələr yaratmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********34 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu Bığır kəndində yerləşən 0.61 ha torpaq sahəsi İddiaçı və digərlərinin ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Göyçay rayonu Bığır kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.61 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir. Məhkəmə iclası zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ümumi-birgə mülkiyyətində Göyçay rayonu Bığır kəndində yerləşən 0.61 ha torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri qonşu sərhədlərlə yerləşmir. Belə olduğu halda cavabdehlər tərəfindən iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inventarlaşdırma işlərinin aparılmasına maneələrin yaradılması qeyrimümkündür. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı Göyçay rayonu Bığır kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.61 ha torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən maneələrin yaradıldığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . . Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar