Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1755/2024 28.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 12 saylı qərarına əsasən Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək, mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə görə iddia ərizəsindən və işdə olan sənədlərə görə bir tərəf fərdi sahibkar,digər tərəf isə hüquqi şəxs inzibati orqandır. Mübahisə isə fərdi sahibkar və hüquqi şəxs arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı icarəyə götürülmüş torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədardır. Mübahisə həm subyektiv tərkibinə, həm mübahisənin predmetinə,həm də hüquq münasibətlərinin xarakterinə görə kommersiya mübahisəsidir. Məhkəmə hazırlıq iclasında iddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin sədri X2 mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs,mübahisənin bu və ya başqa məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda,hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İşə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 dekabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Göyçay rayon Çaxırlı kəndində yerləşən sahəsi 15 hektar torpaq sahəsi Göyçay Rayon Çaxırlı Bələdiyyəsi tərəfindən 99 il müddətinə quşçuluğun və balıqçılığın inkişafı məqsədilə Cavabdeh icarəyə verilmişdir. Ərizəyə əlavə edilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ********* saylı vöenlə 9 saylı Ərazi Vergilər İdarəsində uçota alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə icarəyə verilmiş torpaq sahəsinin təyinatının sahibkarlığın inkişafı məqsədilə olmasını, Cavabdeh fərdi sahibkar statusuna malik olmasını, beləliklə tərəflərin subyekt tərkibini ,mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini, bu meyarların hər üçünün qarşılıqlı bağlılığını nəzərə alıb, hesab edir ki, mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 1, 24, 26, 32, 263,264,268-ci maddələrini rəhbər tutuaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyuyətinə qaytarılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1755/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1755/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver