Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-176/2021 24.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, torpaq sahəsinə daxil olmağa yaradılan maneələrin aradan qaldırılması, zəbt olunmuş yolun açılması və yoldan istifadənin bərpa edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 24 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zəbt olunmuş yolun açılması və yoldan istifadənin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar islahat komissiyası tərəfindən 06 yanvar 1998-ci ildə torpaq islahatı aparılarkən, Xəlitli kəndinin aşağı hissəsində JN 182 saylı Dövlət Aktına əsasən pay torpaq sahələri verilmişdir. Həmin pay torpaqlarından uzun müddətdir ki, ailəsi ilə birlikdə ümumi istifadə etmişdir. Mülkiyyətində olan pay torpağında əkili olan yonca otunu biçdirmək məqsədi ilə oraya traktor texnikasını cəlb etmiş, traktor ot sahəsini biçmək üçün oraya daxil olmaq istəyərkən, Cavabdeh maneə yaradaraq traktorun torpaq sahəsinə daxil olmasına imkan yaratmamışdır. Bu barədə Yeniarx kənd Bələdiyyəsinə müraciət etmiş, dərhal onlar pay torpağına gələrək cavabdehə yaradılan maneələrin aradan qaldırmasını tələb etsələr də, cavabdeh tələblərin heç birinə məhəl qoymamışdır. Ertəsi gün pay torpağlarına gedən ümumi yolu dəmir cəpərlə bağlamış, cavabdeh heç bir şəkildə ona pay torpağından əkili olan yonca otunu biçdirib götürməyə imkan verməmişdir. Hal-hazırda ona məxsus olan pay torpağında əkdiyi yonca günü-gündən yarasız vəziyyətə düşür və ona xeyli miqdarda ziyan dəymişdir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsindən öz torpaq sahəsinə keçmək üçün yol tələb edir. Halbu ki, iddiaçının layihə sənədlərində yolu mövcuddur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-182 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Xəlitli kəndində 1.00 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində 0.54 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına, daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı və digərlərinin mülkiyyətinə Göyçay rayonu Xəlitli kəndində JN-182 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş 1,00 ha torpaq sahəsinə gediş-gəliş yolu elektron məlumat bazasında mövcud olan xəritə materiallarında iddiaçının iddia etdiyi hissədə nəzərdə tutulmamışdır. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 190 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01.03.2021-ci il tarixli 10/4119 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəsəssis rəyinən əsasən, elektron məlumat bazasında mövcud olan xəritə materiallarında iddiaçının iddia etdiyi hissədə yəni cavabdehin torpaq sahəsindən keçməklə yol nəzərdə tutulmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən JN-182 saylı dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətinə verilmiş 1.00 ha torpaq sahəsinə daxil olmağa cavabdeh tərəfindən heç bir maneə yaradılmamış, həmin torpaq sahəsinə gedən yol zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa maneə yartdığına, həmin torpaq sahəsinin gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 190 manat məhkəmə xərcinin İddiaçı tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zəbt olunmuş yolun açılması və yoldan istifadənin bərpa edilməsi barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 190 manat məhkəmə xərci İddiaçı alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-176/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-176/2021
24.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver