Məhkəmə qərarları › İş №2(046)-178/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-178/2024

14.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-178/2024 14.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 24 oktyabr 2023-cü il tarixdə, 8İ-7117 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmiş ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC/ VÖEN:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AZE ********, xx.xx.2018 - Göyçay; FİN: 2ARTÜRE; d/t; xx.xx.1992) DCL00275360-06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilmiş 18000 manat (on səkkiz min manat) tutulsun. Bundan əlavə təklif etmişdir ki, borclu İddiaçı 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20825 manat 00 qəpik (iyirmi min səkkiz yüz iyirmi beş manat sıfır qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır.Lakin notariat ofisi borcun ödənilməsi barədə ona yazalıbildiriş göndərməmiş,onun tərəfindən ödənilmiş məbləğ nəzərə alınmamış,əsas borcun dəqiq müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirməmiş,cərimə məbləği tənasübsüz surətdə yüksək olmasına baxmayaraq və cəriməni azaltmaq səlahiyyəti məhkəmənin səlahiyyətinə aid olmasını nəzərə almadan,borcun mübahisəsiz olmasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkətləri etməyərək ,yalnız kredit müqavilsinə əsaslanmaqla əsassız icra qeydi vermişdir. Hesab edir ki,cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan,cərimə azaldılaraq 100 manat müəyyən edilərək ağlabatan olmalı, ona görə də Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 24 oktyabr 2023-cü il tarixdə, 8İ-7117 reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1 il müddətinə 18000 manat məbləğində kredit götürmüşdür.Həmin müqavilə üzrə faizləri ödəmiş,lakin əsas borc qalmışdır.İşləri yaxşı getmədiyinə görə krediti vaxtında qaytara bilməmişdir.Bank tərəfindən ona göndərilmiş bildirişi almışdır,lakin hüquqi savadı olmadığından bilməmişdir,bildirişdə göstərilən məbləği mübahisələndirmək olar.Yalnız icra məmuru onu icra şöbəsinə çağırdıqdan sonra bilmişdir ki,tələb olunan məbləği mübahisələndirmək olar.Borcun ödənilməsi ilə əlaqədar bankın nümayəndəsi ilə aparılan danışıqlar nəticə verməmişdir.Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 24 oktyabr 2023-cü il tarixdə, 8İ-7117 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, "xxxx" ASC-i ilə bağlanan xx.xx.2022-ci il tarixli DCL00275360 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı 12 ay müddətinə, illik 19,21 faiz dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit götürüldüyü vaxtdan icra qeydi aparılan tarixinədək müəyyən edilmiş qaydada ödəniş olmamışdır və qeyd olunan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq borcun tam ödənilməməsi nəticəsində xx.xx.2023-cü il tarixinə 18000 manat məbləğində əsas borc, 2800 manat məbləğində cərimə borcu, ümumilikdə 20800 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən iddiaçının icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün yaranmış borc barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə xx.xx.2023-cü il tarixli PB-OUT-05650-2023 saylı bildiriş məktubu iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı çatdırılmışdır. Razılaşma üzrə öhdəlik yerinə yetirilmədiyinə görə bank tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçı barəsində icra qeydinin aparılması barədə Göyçay rayon notariat ofısininə elektron formada müraciət edilmişdir və xx.xx.2023-cü il tarixdə 8İ-7117 saylı icra qeydi verilmişdir. Bu müddət ərzində iddiaçı ilə aparılmış danışıqlar bir nəticə verməmiş,belə ki,iddiaçıya təklif edilmişdir ki,müəyyən ödəniş etdikdən sonra cərimənin silinməsi və ya azaldılması məsələsinə baxıla bilər.Lakin iddiaçı heç bir ödəniş etməmişdir. Məhkəmədən iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi və 24 oktyabr 2024-cü il tarixli 8İ-7117 saylı icra qeydinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Göyçay rayon notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Göyçay rayon notariat ofisinin xüsusi notariusu Nəcəfli Polad ərizə ilə məhkəməyə müraciət İddiaçı iddiasını qəbul etmədiyini, iş yükünün çox olması ilə bağlı onların iştirakı olmadan baxaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib,iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli,1.0.2№-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki,iddiaçı Əliyev X1 şərtlərini elektron qaydada qəbul etmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli DCL00275360 saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki,İddiaçı kredit xətti üzrə 18000 manat,kreditin nominal illik faiz dərəcəsi 17 faiz,kreditin illik /gündəlik cərimə faiz dərəcəsi 15 faiz, kreditin illik /gündəlik cərimə faiz dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32 faiz,kreditin faktiki illik faiz dərəcəsi 19,21 faiz,kreditin müddəti xx.xx.2023-cü il tarixinədək,faizlərin ödəniş tarixi 21-i,əsas məbləğin ödəniş tarixi müddətin sonu göstərilməklə elektron qaydada ərizə vermişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar "xxxx"ASC-i tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, ünvan 2-da yaşayan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə əsasında xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17 faiz,kreditin faktiki illik faiz dərəcəsi 19,21 faiz,illik cərimə faizi 15 faiz olmaqla 18000 manat məbləğində kredit xətti açılmışdır.Bank qarşısında öhdəliyin mövcudluğunu təsdiq edən maliyyə arayışı və hesabdan çıxarış mövcuddur.xx.xx.2023-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlik maliyyələşdirmə üçün ərizəyə əsasən 18000 manat əsas borc,2800 manat cərimə borcu olmaqla,cəmi 20800 manat təşkil edir.Borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılması göstərilmişdir. İşə əlavə edilmiş 806678 saylı qaimənin surətindən görünür ki,»PAŞA Bank» ASC-i tərəfindən poçt göndərişinin verilməsi haqqında qaiməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş İddiaçı çatdırılmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli notariat icra qeydi haqqında ərizədən görünür ki,tələbkar ,»PAŞA Bank» ASC-i borclu İddiaçı 18000 manat əsas,2800 manat cərimə pulu,cəmi 20800 manat məbləğində pulun tutulması barədə elektron formada notariusa müraciət olunmuş,ərizəyə tələbi təsdiq edən sənədlər əlavə edilmişdir. İşə əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli 8 İ-7117 saylı icra qeydinin surətindən görünür ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 4 ünvanında yerləşən "xxxx" ASC/ VÖEN:********** xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı (AZE ********, xx.xx.2018 - Göyçay; FİN: ART0RE; d/t; xx.xx.1992) DCL00275360-06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif etmişdir, ki borclu İddiaçı 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 20825 manat 00 qəpik (iyirmi min səkkiz yüz iyirmi beş manat) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İşə əlavə edilmiş Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, borclu İddiaçı icra qeydinin könüllü icrası üçün 10 gün vaxt verilməsi və borcun ödənilməsi üçün bildiriş göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdeh İddiaçı çatdırılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X2 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 162-ci bəndinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli,1.0.2№-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli Razılaşmaya (bundan sonra Razılaşma) və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı illik 19,21 faiz olmaqla 12 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. Razılaşma üzrə borclu İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, tələbkar mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-i «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76cı maddəsinin tələblərinə uyğun olaraq sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada xx.xx.2023cü il tarixli bildiriş göndərmiş,bildiriş xx.xx.2023-cü ildə İddiaçı çatdırılmışdır.Borcun mübahisələndirilməsi barədə İddiaçı cavab məktubu tələbkara göndərilməmişdir.xx.xx.2023-cu il tarixli notariat icra qeydi haqqında ərizə ilə tələbkar "xxxx" ASC-i Göyçay rayon notariat ofisinə müraciət etmiş, ərizəyə bildiriş, bildirişin borclu İddiaçı çatdırlıması barədə qəbz və borcun olmasını təsdiq edən sənədlər əlavə edilmişdir. Bildirişdə xx.xx.2023-cü il tarixinə 18000 manat məbləğində əsas borc, 2800 manat məbləğində cərimə borcu, ümumilikdə 20800 manat məbləğində kredit borcu yaranması, icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün yaranmış borc barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə məlumatlar göstərilmiş, icra qeydi 24 oktyabr 2023-cü il tarixdə verilmiş, icra qeydində «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi Göyçay rayon notariat ofisinin xüsusi notariusun notariat hərəkətləri «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə uyğun olaraq aparılmış, borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər təqdim edilmiş, icra qeydi tələb etmək hüququnun yarandığı gündən barəsində icra qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş iddia müddəti keçənədək aparılmış, borclu İddiaçı qeydiyyatda olduğu ünvana bildirişin göndərilməsi və poçt göndərişinin verilməsi haqqında qəbzə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdeh İddiaçı çatdırılmış,borclu İddiaçı cavab məktubu ilə borcu mübahisələndirməmiş,nədə ki,borcun az miqdarda olmasını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə İddiaçı notarius tərəfindən borcun ödənilməsi barədə ona bildirişin göndərilməməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki,istər «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda,istərsə də «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda icra qeydi verilməmişdən əvvəl notariusun borcluya bildiriş göndərilməsi vəzifəsinin olması təsbit edilməmişdir.Bu vəzifə tələbkarın üzərinə qoyulmuşdur.Notarius icra qeydinin aparılmasının mümkünlüyünü təqdim olunmuş sənədlər əsasında müəyyən edir,təqdim edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələr yarandığı hallarda həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir, borc depozit hesabı vasitəsilə verildiyi halda depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır.O ki qaldı borcun mübahisəzliyinin müəyyən edilməsinə,məhkəmə nəzərə çatdırır ki,borcun mübahisəzliyi notarius tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması (o cümlədən borcun mübahisələndirilməsi barədə borclunun tələbkara cavab məktubunun verilməsi ) ilə müəyyən olunduğundan,iddiaçının bu dəlili də əsassızdır. İddiaçının istinad etdiyi əsas dəlil,tələb edilən 2800 manat məbləğində cərimənin tənasübsüz surətdə yüksək olması və bununla əlaqədar cərimənin azaldılaraq 100 manat müəyyən edilməsi barədədir. Məhkəmə qeyd edir ki,Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, qeyd edir ki,borclu iddiaçı Əliyev X1 qüvvədə olduğu müddət ərzində həmin Razılaşma ilə ödənişləri vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.Pul öhdəliklərinin xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunu azalda bilər.Lakin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,borclu İddiaçı 18000 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdə aldıqdan sonra Razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmiş,nə kreditin qüvvədə olduğu,nədə ki,kredit müddəti bitdikdən sonra əsas borcdan heç bir ödəniş etməmiş,baxmayaraq ki,maliyyələşdirmə üçün ərizədə kreditin vaxtında qaytarılmamasına görə kredit müddəti qüvvədə olduğu müddət ərzində illik 15 faiz,kredit müddəti bitdikdən sonra isə illik 32 faiz cərimənin tutulması müəyyən edilmişdir. Ona görə də məhkəmə borclu İddiaçı məsuliyyətinin ölçüsünü, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq,hesab edir ki,icra qeydi ilə tələb edilən cərimə məbləği Razılaşma ilə müəyyən edilmiş miqdara uyğun olaraq iddiaçının pul öhdəliyinin icra edilməməsi pozuntusuna görə mütənasib dəbbə puludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 24 oktyabr 2023-cü il tarixdə, 8İ-7117 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı 24 oktyabr 2023-cü il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X3 reyestrdə 8İ-7117 nömrə icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar