Məhkəmə qərarları › İş №2(046)-2014/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2014/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2014/2023 15.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə 635 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardad ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə ümumi qiyməti 724 manat dəyərində olan Hisense markalı paltaryuyan satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 50 manat ilkin ödəniş etməklə hər ay üçün 37,44 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımınca yerinə yetirməyərək qalan 635 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 724 manat dəyərində olan Hisense markalı paltaryuyan satılmışdır. İddianı qəbul edir və maddi imkanı olmadığına görə iddiaçıya olan borcu ödəyə bilməmişdir. İİ qrup əlil olmaqla yanaşı, 220 manat pensiya alır. Heç bir yerə işləmir və başqa gəliri yoxdur. İddiaçıya olan borcundan hər ay 30 manat ödəyə bilər. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 674 manat dəyərində «Hisense» markalı paltaryuyanın dəyərini 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 724 manat kredit borcundan bu günədək 89 manat ödəniş etmiş, 635 manat əsas borcu qalmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı "xxxx" MMC -i ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlanmışdırMüqavilədə göstərilən əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2018-ci il tarixli hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməmişdir.Belə oaln halda satıcı iddiaçı "xxxx" MMC-in 2 hüquqi müdafiə üsulu yaranmışdır:1) verilmiş əşyanın ödənilməsini və 2) ödənilməmiş malın qaytarılmasını tələb etmək.İddiaçı "xxxx" MMC-i verilmiş əşyanın ödənilməsini tələb etdiyindən,məhkəmə hesab edir ki,Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini iddiaçı "xxxx" MMC -nə qaytarmalı, bununla da iddia təmin edilməlidir.İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 635 manat ödənilməmiş hissə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 665 manat pul tutularaq iddiaçı "xxxx" MMC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 635 manat ödənilməmiş hissə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 665 manat pul tutularaq iddiaçı "xxxx" MMC -nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar