Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2086/2024 20.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X1 üçün hər ay 100 manat miqdarında aliment tutulmuşdur. Aralarında olan razılığa əsasən cavabdeh ona 2022-ci ildən 160 manat aliment ödəyir. Lakin cavabdehin ödədiyi aliment uşaqların zəruri təlabatlarını ödəmir. Cavabdeh ona uşağın saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir.Cavabdehin maddi imkanı yaxşıdır, Göyçay şəhərində bankda işləyir. iddiaya etiraz: İddiaçı tələbini 2022-ci ildə mediasiya sessiyasında qarşılıqlı razılıqla müəyyən edilmiş 160 manat məbləğində alimentin uşağın tələbatını ödəməməsi, Beynəlxalq Bankda işləməklə maddi imkanının yaxşı olması, əlavə olaraq uşağın saxlanmasına heç bir köməklik göstərməməsi ilə əsaslandırmışdır. İddiaçını tələbini əsaslandırdığı hallarla razı deyil. Belə ki, 2017-ci ildən Azərbaycan Beynəlxalq Bankının Göyçay filialında mütəxəssis vəzifəsində işləyirəm və 2022-ci ildə alimentin miqdarı 160 manat müəyyən ediləndə də həmin vəzifədə işləyirdi. 2022-ci ildən bu vaxta kimi əmək haqqında artım olmamışdır. Uşağın saxlanmasına heç bir köməklik göstərməməyinin əsasına gəlincə iddiaçı onun uşağı ilə psixoloji təsir etməklə mane olduğu üçün uşaqla görüşə bilmir və ona aliment məbləğindən əlavə maddi köməklik edə bilməmişdir.2022-ci ildə alimentin miqdarı 160 manat müəyyən ediləndən sonra maddi vəziyyətində yaxşılığa doğru heç bir hal baş verməmişdir. Himayəsində ağır şəkərli diabet və hipertoniya diaqnozu ilə xəstə olan anası, işləməyən hamilə həyat yoldaşı, azyaşlı oğlu var. X4 2020-ci ildə vəfat etmişdir, banka hər ay 481.13 manat məbləğində kredit ödəyir, iddiaçı repetitorluq edərək yaxşı qazanc eldə etsə də özünün maddi vəziyyətinin onun maddi vəziyyətindən pis olduğunu göstərməyinə baxmayaraq bu barədə heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəməyə teleqram vasitəsilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaya etirazda göstərdiyi xüsusatları müdafiə edərək iddianın qismən təmin edilməsini və ondan bir uşağın saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq 180 manat müəyyən edilməsini xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-2860/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh "xxxx" ASC-də baş mütəxəssis vəzisəfində işləyir, aylıq 960 manat əmək haqqı alır. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, yaşayış minimumunu, tərəflərin maddi vəziyyətini nəzərə alıb hesab edir ki, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 210 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər mediasiya sessiyasında iştirak etdiklərindən, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay 210 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay rayon Məhkəməsinin 2(046)-2860/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay 210 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 33.2 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2086/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2086/2024
20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver