Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2137/2021 18.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçılar İddiaçı4 Sarvan oğlunun, İddiaçı7 və İddiaçı20, iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğlu, İddiaçı12 Məhəmmədrəhim qızı, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7 qarşı «icarə müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğlu, İddiaçı12 Məhəmmədrəhim qızı, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7 qarşı «icarə müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu İnçə kənd bələdiyyəsi ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 arasında bələdiyyə fonduna aid olan torpaq sahəsinə dair bağlanılmış icarə müqavilələrinin etibarsız hesab edilərək, ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Göyçay rayonu İnçə kəndində yaşayırlar. Həmin kənddə 990 fərdi yaşayış evi və 5000-ə yaxın əhali var. Onlar, yəni iddiaçılar hamısı işsizdirlər. Aralarında müharibə veteranı, əlillik dərəcəsi olanlar da var. Kənddə yaşadıqlarından kənd təsərrüfatı ilə məşğul olmaq istəsələr də, bu mümkün deyil. Ona görə ki, Göyçay rayonu İnçə kənd bələdiyyəsinin ehtiyyat fondunda olan 130- 140 ha yaxın torpaq sahələri kəndin bir neçə nəfər sakini tərəfindən uzun müddətli icarə əsasında götürülərək istifadə olunur. Onlar aşağıdakı şəxslərdir: X12 (rəhmətə gedib) Cavabdeh2 63 ha, Cavabdeh3 (keçmiş polis işçisi) 18 ha, Cavabdeh4 (məktəbdə təsərrüfat müdiri) 18 ha, Cavabdeh5 (keçmiş Kolxoz sədri, icra nümayəndəsi və bələdiyyə) 5 ha, Cavabdeh6 (poçt müdiri) 2 ha, Cavabdeh7 18 ha və daha başqa hektarlarla torpaq sahələri həmin şəxslərdədir. Həmçinin, Törə dağı adlanan keçmiş üzümçülük sahəsinin 40 ha ərazisi (bələdiyyə torpağı) Cavabdeh3 və Cavabdeh7 icarə əsasında uzun müddətli istifadəsindədir. Kənd ərazisində arxın altı adlanan sahələrində keçmiş pambıqçılıq sahələri olmuşdur və hal-hazırda bir neçə nəfər tərəfindən uzun müddətli icarəyə götürülmüşdür. Bu barədə bütün aidiyyatı orqanlara dəfələrlə müraciət edərək, həmin torpaqların bu şəxslərdən alınıb kənd camaatının torpağa ehtiyacı olan ailələrinə verilməsini xahiş etmişlər. Bu torpaqlarda kolxoz vaxtlarında onların babaları, nənələri, əmiləri, dayıları, ata-anaları və s. işləyərək ailələrini dolandırmışlar. Cavabdeh şəxs olan icarəçilər bu torpaqları uzun müddətli müqavilə ilə götürdüklərini qeyd edirlər. Kənddə bir neçə illərdir ki, bələdiyyə sədri yoxdur. Qeyd olunan torpaq sahələrindən X4 bələdiyyənin 15.08.2003-cü il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə mülkiyyətindən 18,0 ha torpaq sahəsi 30 il müddətinə icarəyə ayrılmış və ona DTXK-nın Göyçay Rayon Şöbəsi tərəfindən 16.04.2004-cü il tarixdə JN-4322 nömrəli KOD 40800001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. X.Musayev isə həmin torpaq sahəsini Göyçay rayon notariat kontorunda bağlanmış 19.12.2012-ci il tarixli subicarə müqaviləsi əsasında İnçə kəndində yaşayan Cavabdeh7 subicarəyə vermişdir. Bələdiyyənin 20.07.2004-cü il tarixli 07 saylı qərarı ilə X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə bələdiyyə mülkiyyətindən 5,0 ha torpaq sahəsi 30 il müddətinə icarəyə verilmiş və DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən ona 06.09.2004cü il tarixdə JN-4372 nömrəli KOD 40800001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Bələdiyyənin 10.11.2004-cü il tarixli, 11 saylı qərarı ilə Cavabdeh6 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə bələdiyyə mülkiyyətindən 2,0 ha torpaq sahəsi 35 il müddətinə icarəyə verilmiş və ona DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən 23.04.2005-ci il tarixdə JN-3799 nömrəli KOD 40810048 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Bələdiyyənin 06.12.2004-cü il tarixli, 12 saylı qərarı ilə Cavabdeh4 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə bələdiyyə mülkiyyətindən 18,0 ha torpaq sahəsi 30 il müddətinə icarəyə verilmiş və ona DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən 29.08.2005ci il tarixdə JN-7963 nömrəli KOD 40800018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Həmçinin, «İnçə» kəndli (fermer) təsərrüfatının başçısı Cavabdeh2 Sırac oğluna kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Göyçay RİHB-nin 17.05.1997-ci il tarixli 87 saylı sərəncamı ilə 63,01 ha torpaq sahəsi ayrılmış və ona DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən 16.02.1998-ci il tarixdə JN-126 KOD 40800018 nömrəli Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı verilmişdir. Göyçay RİHB-nin 05.05.1998-ci il tarixli 60 nömrəli sərəncamına əsasən Cavabdeh2 «İnçə» kəndli (fermer) təsərrüfatının başçısı vəzifəsindən azad edilmiş, X12 təsərrüfatın başçısı təyin edilmişdir. Bu barədə müxtəlif vaxtlarda aidiyyəti orqanlara həm elektron, həm də yazılı müraciətlər etmişlər. Hal-hazırda onlara heç bir köməklik edilməmişdir. Ona görə də, pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı4 Sarvan oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı20 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar İddiaçı4, İddiaçı5, X8, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğluna, İddiaçı12 Məhəmmədrəhim qızına, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğluna, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 və İddiaçı22, həmçinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını, yaxud məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə mülki işə yuxarıda adları qeyd olunan iddiaçıların və Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçılar İddiaçı4 Sarvan oğlunun, İddiaçı7 və İddiaçı20 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - «İnçə» KFT (kəndli fermer təsərrüfatı) kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən 9 saylı Ərazi Vergilər İdarəsində 04 iyul 2011-ci il tarixdə qeydiyyata alınmışdır; - həmin KFT-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3dur; - Milli Arxiv İdarəsi X10 filialının 12 may 2020-ci il tarixli 112 saylı arxiv arayışından görünündüyü kimi, Göyçay rayon İnçə bələdiyyəsinin 06 dekabr 2004-cü il tarixli 12 saylı iclas protokolundan çıxarış məlumatlarına əsasən, Cavabdeh4 16 il öncə Bələdiyyəyə müraciət edərək, bələdiyyənin Kələsər bağı adlanan sahədən k/t məhsulları əkmək üçün 18 ha torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsini xahiş etmiş, həmin xahişə qanuna müvafiq qaydada baxılmışdır. İnçə kənd sakini Cavabdeh4 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsindən xahiş olunması, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə fondu torpağından 18 hektarının 30 il müddətinə k/t inkişafı ilə əlaqədar ona icarəyə verilməsi, müvafiq torpaq ayırma sənədlərinin hazırlanmasının və ayrılmış torpaq sahəsinin naturada ölçülüb təhkim olunmasının rayon Torpaq şöbəsindən xahiş edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu İnçə kəndində yerləşən 18,0 ha torpaq sahəsi üzərində Cavabdeh4 30 il müddətinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 89 saylı vərəqində həmin tarixdə qeydiyyata alınmışdır; - 05 aprel 2021-ci il tarixli AA seriyalı 577350 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, icarəyə verilmiş torpaq sahəsinə dair həmin tarixdə Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin planı, miqyası və digər zəruri parametrlər təsbit olunmuşdur; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 16 avqust 2019-cu il tarixli texniki pasportdan görünür ki, Göyçay rayonu İnçə kəndi ərazisində, istifadədə olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair Cavabdeh3 adına 408-11/18 inventar nömrəli texniki pasport tərtib edilmişdir; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 19 avqust 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu İnçə kəndində yerləşən istifadədə olan 0,14634 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 61 saylı vərəqində həmin tarixdə qeydiyyata alınmışdır; - X14 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 aprel 2005-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay rayonu İnçə kəndi ərazisində yerləşən 1529,1 m2 sahəsi olan qeyri-yaşayış sahəsi (Tövlə) Göyçay rayon İHB-nin 05 may 1998-ci il tarixli 60 saylı sərəncamına əsasən X9 verilmişdir və həmin tövlə üzərində mülkiyyət hüququ 26 aprel 2005-ci il tarixdə 1 saylı reyestr kitabında 38-ci səhifədə 149 reyestr nömrəsi ilə (inventar nömrəsi 186) qeydiyyata alınmışdır; - 2005-ci ilin aprel ayına olan vəziyyətin əks olunduğu texniki pasportdan (X14 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuşdur) görünür ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının 05 may 1988-ci il tarixli 60 saylı sərəncamı və Aqrar İslahat Komissiyasının 26 mart 1997-ci il tarixli 02 saylı qərarına əsasən layihə üzrə 1981-ci ildə inşa edilmiş 200 başlıq tövləyə dair sahibkar X6 adına texniki pasport tərtib edilmişdir; - Torpaqdan daimi istifadə hüququna dair 16 fevral 1998-ci il tarixli JN-125 seriyalı, 40800018 kodlu Dövlət aktından görünür ki, cizgidə göstərilən sərhəd daxilində 63,01 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Göyçay rayon İcra Hakimiyyəti Başçısının 17 may 1997-ci il tarixli 87 saylı sərəncamı ilə «İnçə» kəndli (fermer) təsərrüfatına Cavabdeh2 Sırac oğlunun istifadəsinə verilmişdir; - Milli Arxiv İdarəsi X10 filialının 12 may 2020-ci il tarixli 111 saylı arxiv arayışından görünündüyü kimi, Göyçay rayon İHB-nin 19 may 1997-ci il tarixli 87 saylı sərəncamında yer alan məlumatlara əsasən, rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1996-cı il tarixli 273 saylı qərarı ilə qeydə alınmış «İnçə» kəndli (fermer) təsərrüfatı nizamnaməsinə uyğun olaraq fəaliyyətini təmin etmək üçün «Torpaq islahatı haqqında» Qanuna müvafiq olaraq torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Komissiya bu məqsədlə baxaraq təsərrüfatın qeydə alındığı B.Əsədov adına kolxozda hər şərti mala otlaq norması ilə kolxozda bələdiyyə ehtiyat fondu torpaqlarından 50 hektar, eləcə də torpaq islahatı haqqında qanuna müvafiq olaraq hər adam başına düşən orta torpaq norması həddində 13 hektar əkin torpaq sahəsinin ayrılması məqsədə müvafiq bilmişdir. Buna B.Əsədov adına kolxozun yerli aqrar islahat komissiyasının qərarı və komissiya aktı vardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq qərara alınmışdır ki, «İnçə» kəndli (fermer) təsərrüfatının istifadəsinə kolxozun bələdiyyənin ehtiyat fondundan 50 hektar, özəlləşdiriləcək torpaqdan hər adam başına düşən orta torpaq normasına uyğun olaraq 13 hektar olmaqla, cəmi 63 hektar torpaq sahəsi ayrılması barədə B.Əsədov adına kolxoz yerli aqrar islahat komissiyasının 26 mart 1997-ci il tarixli 2 saylı qərarı və komissiya aktı təsdiq edilsin. Təsərrüfata verilən torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair şəhadətnamə və daimi istifadə hüququna dair dövlət aktının verilməsini təmin etməklə torpaqdan təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək rayon torpaq şöbəsinə tapşırılsın. Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər hazırda mübahisə predmeti olan torpaq sahələrini Göyçay rayon İcra Hakimiyyəti başçısının sərəncamları, bələdiyyənin qərarları əsasında icarəyə götürmüşlər. Bəzi torpaq sahələri və qeyri-yaşayış sahəsinin cavabdehlərə icarəyə verilməsi uzun illər öncə, həmin dövrdə mövcud qanunvericiliyə uyğun olaraq cavabdehlərin icarəsinə verilmişdir. Həm həmin dövrdə, həm də sonradan cavabdehlərə torpaq sahələrinin icarəyə verilməsi zamanı qanunvericiliyə ciddi şəkildə riayət edilmişdir. Belə ki, həmin torpaq sahələri «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, eləcə də digər normativ hüquqi aktların tələbinə uyğun olaraq kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş, bu barədə Göyçay rayonu inçə bələdiyyəsi və Göyçay rayon İcra Hakimiyyəti müvafiq qərar qəbul etmiş, həmin qərar əsasında icarə müqavilələri bağlanmışdır. Bələdiyyə, eləcə də Göyçay rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı qərarlar qəbul edilərkən, eləcə də icarə müqavilələri bağlanarkən normativ hüquqi aktların hər hansı tələbi pozulmamış, mövcud prosedur qaydalara uyğun olaraq Göyçay rayonu İnçə bələdiyyəsi və Göyçay rayon İcra Hakimiyyəti ilə cavabdehlər arasında icarə müqavilələri bağlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X7, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğlunun, İddiaçı12 Məhəmmədrəhim qızının, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğlunun, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 və İddiaçı22 etibarsızlığını tələb etdiyi icarə müqavilələri Göyçay rayonu İnçə bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarlar və Göyçay rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları əsasında bağlanmış, həmin qərar cə sərəncamlar mübahisə predmeti olmamış, bələdiyyə və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. İcarə müqavilələri bağlanarkən tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələri dəqiqləşdirilmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilmiş, qanunvericliklə müəyyən edilmiş forma və məzmuna riayət edilməklə icarə müqavilələri bağlanmışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı17 şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (İddiaçı17 şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçılar, mübahisələndirdikləri icarə müqavilələrinin etibarsızlığına zəmin yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, formal əsaslarla iddia tələbini əsaslandırmışlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Bundan başqa, məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahələri bələdiyyənin mülkiyyətində olmaqla, kənd camaatının ümumi istifadəsində olan torpaq sahələri deyildir. Bələdiyyə və Göyçay rayon İcra Hakimiyyəti öz mülkiyyətində olan torpaq sahələri üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verməkdə azaddır. Həmçinin, iddiaçıların həmin icarə müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək hüququ, daha doğrusu subyektiv hüququ yoxdur. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğlu, İddiaçı12 Məhəmmədrəhim qızı, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7 qarşı «icarə müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Bədirəddin oğlu, İddiaçı12 Məhəmmədrəhim qızı, İddiaçı13, İddiaçı14, İddiaçı15 Məhəmmədrəhim oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7 qarşı «icarə müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2137/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2137/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver