Məhkəmə qərarları › İş №2(046)-2142/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2142/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2142/2021 12.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.10.2019-cu il tarixli müqavilə üzrə 230 manat əsas, 23 manat cərimə olmaqla, cəmi 253 manat borcun, 16.04.2020-cu il tarixli müqavilə üzrə 94 manat əsas, 9 manat cərimə olmaqla, cəmi 103 manat borcun, 19.06.2020-cu il tarixli müqavilə üzrə 886.20 manat əsas, 88.8 manat cərimə olmaqla, cəmi 975 manat borcun və ümumilikdə hər üç müqavilə üzrə 1131 manat borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 14.10.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə 828 manat dəyərində Samsung Galaxy A50 markalı telefon 18 ay müddətinə, 16.04.2020-cu il tarixli müqaviləyə əsasən cavabdehə 148 manat dəyərində 15 ay müddətinə X4 4 markalı qol saatı və X1qlıq, 19.06.2020-cu il tarixli müqaviləyə əsasən cavabdehə 1422.2 manat dəyərində Samsung Galaxy A71 markalı telefonu 18 ay müddətinə satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 420.10 manat ödəniş etmişdir. Borcun ödənilməsinə dair dəfələrlə cavabdeh yazılı olaraq bildiriş göndərilmiş, lakin cavabdeh şirkətə olan borcunu ödəməmişdir. Hazırda cavabdehin ümumilikdə 1131 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 1131 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş 14.10.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 828 manat olan Samsung Galaxy A50 markalı telefon 18 ay ərzində hər ay 94 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 16.04.2020-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 148 manat olan X4 4 markalı qol saatı və X1qlıq 15 ay ərzində hər ay 9 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 19.06.2020-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 1422.2 manat olan Samsung Galaxy A71 markalı telefonu 18 ay ərzində hər ay 67.9 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 16.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə 14.10.2019-cu il tarixli müqavilə üzrə 230 manat əsas, 23 manat cərimə olmaqla, cəmi 253 manat borcu, 16.04.2020-cu il tarixli müqavilə üzrə 94 manat əsas, 9 manat cərimə olmaqla, cəmi 103 manat borcu, 19.06.2020-cu il tarixli müqavilə üzrə 886.20 manat əsas, 88.8 manat cərimə olmaqla, cəmi 975 manat borcu və 04.11.2019-cu il tarixli müqavilə üzrə 324 manat əsas, 32 manat cərimə olmaqla, cəmi 323 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.10.2019-cu il tarixli müqavilə üzrə 230 manat əsas, 23 manat cərimə olmaqla, cəmi 253 manat borcu, 16.04.2020-cu il tarixli müqavilə üzrə 94 manat əsas, 9 manat cərimə olmaqla, cəmi 103 manat borcu, 19.06.2020-cu il tarixli müqavilə üzrə 886.20 manat əsas, 88.8 manat cərimə olmaqla, cəmi 975 manat borcu və hər üç müqavilə üzrə 1131 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar