Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2154/2025 25.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi Cavabdeh, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəsi ilə qeydə alınmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin qanunsuz və əsassız hesab edilməsi tələbinə dair Cavabdeh verdiyi ərizəyə baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan - Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olan Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 31170***-*******01L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 81462.25 manat əsas borc, 4152.78 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 85615.03 manat təşkil edir.) Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. Ərizəçi Cavabdeh 28 avqust 2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X5 xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəsi ilə qeydə alınmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin ləğv edilməsini və işə iddia icraat qaydasında baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-c il tarixli, 2(046)-2154/2025 saylı qərardadı ilə etiraz ərizəsi təmin olunmuş, Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəsi ilə qeydə alınmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi ləğv olunmuş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin 2(046)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plemumunun xx.xx.2025-ci il tarixli Qərarında tərəfin müvafiq icra qeydini məhkəmədə mübahisələndirmə müddəti onun rəsmi olaraq məlumatı olduğu tarixdən 10 gün prosessual müddətdir. Burada, icra qeydinin ləğvindən və iddia icraatına keçirilməsindən və icra qeydinin məhkəmə əmrinə etiraz formasında ləğv edilməsindən ümumiyyətlə bəhs edilmir. X6 isə ərizəsində elə təəssürat yaratmağa çalışmışdır ki, ilk öncə sanki icra qeydi ləğv edilməli (yəni onun istədiyi nəticəyə nail olunmalı), daha sonra isə iddia icraatına keçirilməlidir. Halbuki, icra qeydi artıq ləğv olunduqdan sonra, iddia icraatında baxılası bir məsələ qalmır, heç bir əhəmiyyəti də yoxdur. İcra qeydinin ləğv edilib-edilməməsi məsələsi isə yalnız tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə əməl etməklə, məhkəmə araşdırması və işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilən zaman müəyyən edilə bilər. Qərardad ilə icra baxılıb yekun qətnamə qəbul edilən zaman müəyyən edilə bilər. Qərardad ilə icra qeydinin ləğv edilməsi yolverilməzdir. Cavabdeh “icra qeydinin ləğv edilməsinə” dair etirazını iddia ərizəsi kimi qiymətləndirilməyi və “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddianın mahiyyəti üzrə araşdırılmasını və “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə elektron kabinetə “icra qeydinin ləğv edilməsinə dair etiraza baxılmasının xx.xx.2025-ci il tarixə, saat 17:20-yə təyin edilməsi haqqında məhkəmə bildirişi yerləşdirmişdir. Həmçinin, Cavabdeh İddiaçı ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddianı, iddia ərizəsinin forma və məzmununa uyğun tərtib etməmiş, etiraz formasında məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozmuşdur. Bundan sonra, xx.xx.2025-ci il tarixdə tərəflərindən ikinci dəfə etiraz verilmiş və etirazda qeyd edilmişdir ki, Cavabdeh “İddiaçı ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddianı iddia ərizəsinin forma və məzmununa uyğun tərtib etməmiş, etiraz formasında məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozmuşdur. Bundan başqa, sözügedən iddia qiymətləndirilməyən iddia olduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, 100 manat məbləğində dövlət rüsumu ödənilməli olsa da, həmin rüsum ödənilməmişdir. Bununla da, həmin Qanunun 8-ci maddəsi və MPM-in 150.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, qeyd edilmişdir ki, cavabdeh İddiaçı ASC-nin hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21”-dir. İddiaçı isə Göyçay rayon notariat ofisini cavabdeh qismində cəlb etmədiyindən, hazırkı halda iddiaçı ərazi aidiyyət qaydalarını da pozmuşdur, mülki işə Göyçay Rayon Məhkəməsi tərəfindən baxılması isə prosessual pozuntudur. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində də iddiaçının və cavabdehin yerləri səhv qeyd edilmiş, iddiaçı Cavabdeh olsa da, İddiaçı ASC səhvən iddiaçı olaraq göstərilmişdir. Yuxarıda qeyd olunan prosessual pozuntuların hamısı ərizənin icraata qəbul edilmədən geri qaytarılması üçün əsasdır və bu prosessual pozuntular tərəflərindən bir neçə dəfə məhkəmənin nəzərinə çatdırılmış, bununla bağlı ərizələr, etirazlar və müvafiq sənədlər məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-2154/2025 saylı qərardadının ləğv olunması, X2 icra qeydinin ləğvinə dair etirazının Azərbaycan Respublikasının MPM-in 12-ci fəslində müəyyən olunmuş qaydada ərizənin forma və məzmununa uyğun tərtib edilməməsi, dövlət rüsumunun ödənilməməsi, aidiyyət qaydasının pozulması əsası ilə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, şikayətdə qeyd olunan xüsusatları təsdiq edərək, sözügedən qərardaddan hazırki iclasda şikayət verilməsinin səbəb kimi həmin qərardadın banka məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsini göstərmişdir. Ərizəçi Cavabdeh etirazında göstərdiyi xüsusatları təstiq edərək məhkəmədən ipoteka predmeti olan əmlakın yenidə qiymətləndirilməsinin aparılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
283. Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə
Məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarına əlavə edilmiş sübutları, tərəflərin verdiyi izahatı dinləyərək və mülkiprosessual qanunvericiliyin normalarına əsaslanaraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe məhkəmə tərəfindən düzgün təvsir və tədbiq edilməmişdir. Bununla da ipoteka saxlayan “İddiaçı ASC-nin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, sözügedən qərarda qeyd olunduğu kimi notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddətin tətbiq edilməsi qərara alınmışdır. Qeyd olunanlardan müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsi baxılan məsələyə AR MPMnin əmr icraatına aid normalarını qanunun analogiyası üzrə yalnış olaraq tədbiq etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi Cavabdeh tərəfindən mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq işə mahiyyəti üzrə baxılması üçün iddia ərizəsi məhkəmə təqdim olunmamış, nəticə etibarı ilə sözügedən qəraradad işi mahiyyəti üzrə həll etmiş olmuş və həmin qərardad işin sonrakı hərəkətinə mane olmuşdur. Həmçinin, məhkəmə qərardad qəbul edərkən hazırki məsələyə AR MPM-nin əmr icraatına aid normalarını qanunun analogiyası üzrə yalnış olaraq tədbiq etdiyindən, həmin qəraradaddan şikayət verilməsini də nəzərdə tutmamışdır. Lakin məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı faktiki olaraq işi mahiyyəti üzrə həll etdiyindən, bununla ipoka saxlayanın hüquqlarını kobud şəkildə pozduğundan, bu pozuntunun aradan qaldırılması və məsələyə baxılması üçün sonrakı hərəkətlərin aparılmasına mane olduğundan şikayət əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizə mövcud olmadığından, həmin etirazın AR MPM 159cu maddəsinə əsaslanaraq geri qaytarılması mülki-prosessual qanunvericiliyinin tələbləri baxımından əsaslı olmadığından, hazırki məsələyə sözügedən Məcəllənin 261.0.1-ci maddəsinin normasının tədbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə ipoteka qoyan Cavabdeh nəzərinə çatdırır ki, o mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması üçün Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəsi ilə qeydə alınmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin ləğv edilməsi tələbinə dair iddia qaldırmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Göyçay Rayon Məhkəməsinin 2(046)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ipoteka saxlayan “İddiaçı ASC-nin hüquqlarını pozduğundan, həmin qərardad ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282, 283, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Göyçay Rayon Məhkəməsinin 2(046)-2154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İşə üzrə icraata xitam verilsin. Cavabdeh nəzərinə çatdırılsın ki, o mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması üçün Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2025-ci il tarixli 8İ-6712 reyestr nömrəsi ilə qeydə alınmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin ləğv edilməsi tələbinə dair iddia qaldırmaq hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülnaz Qurbanova