Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2164/2025 11.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, BOKT İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(046)-3700/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 5350 ABŞ dolları əsas borcu, 7748 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13398 ABŞ dolları borcu və 20 manat məbləğində dövlət rüsumu borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(046)-3700/2016 saylı məhkəmə əmrindən etiraz verərək işin iddia icraat qaydasında baxılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli qərardadı ilə kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(046)-3700/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" ASC ilə İddiaçı2 Qapalı Səhimdar Cəmiyyəti arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı2 Qapalı Səhimdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təslim edilməsinə dair xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsinə dair tələb İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinə keçmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 52 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2010-cu il tarixli 45 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər müqavilə şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Hal-hazırda borcluların "xxxx" ASC-yə 5350 ABŞ dolları əsas borcu, 7748 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13398 ABŞ dolları məbləğində borcu mövcuddur. Cavabdeh1 vəkili Vəkil iddia müddətinin tədbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kreditor "xxxx" ASC borclular Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə 05 sentyabr 2016-cı il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, borclulardan kreditorun xeyrinə 5350 ABŞ dolları əsas, 7748 ABŞ dollar faiz, 300 ABŞ dollar dəbbə pulu, cəmi 13398 ABŞ dollar məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Borclu Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(046)-3700/2016 saylı məhkəmə əmrindən etiraz vermiş və həmin etiraza baxan Göyçay Rayon Məhkəməsi 29 avqust 2025-ci il tarixli qərardadla məhkəmə əmrini ləğv etmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş materiallarından və iddia ərizəsindəki məlumatlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2010-cu il tarixli 52 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 7000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin təminatı kimi bank digər cavabdehlərlə 28 yanvar 2010-cu il tarixdə zaminlik müqavilələri bağlamışdır. Kredit müqaviləsinin müddəti 28 yanvar 2011-ci il tarixdə başa çatmış və müqavilə üzrə öhdəliklərin icra müddəti başa çatmışdır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 31 avqust 2012-ci il tarixdə edilmişdir. Lakin iddiaçı cavabdehlərə qarşı məhkəməyə yalnız 05 sentyabr 2016-cı il tarixdə, yəni müqavilə müddətinin başa çatmasından 5 il, sonuncu ödənişdən 4 il sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və hesab edir ki, bu iş üzrə iddia tələbinə iddia müddətinin tətbiq olunması zəruridir. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin Göyçay filialı ilə borclu Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin borcu tələb etmək hüququ 2017-ci il tarixdən "xxxx" ASC-dən İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinə təhvil verilmişdir. Təhvil verilən müddət ərzində borclular tərəfindən heç bir ödəniş edilməmişdir. Əvvəl ki, məhkəmə iclasında hesabdan çıxarışları təqdim etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, "xxxx" ASC ilə aralarında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə özünə məxsus torpaq sahəsini girov qoyaraq kredit götürmüşdür. Həmin götürdüyü məbləği banka geri qaytarmış və girov qoyduğu torpağın sənədini bankdan almışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, Cavabdeh1 "xxxx" ASC götürdüyü krediti ödəyərək girov qoyduğu torpaq sənədini geri almışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2010-cu il tarixli, 52 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2010-cu il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - İddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi üçün qanuni əsaslar müəyyən edilmişdir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" ASC-nin Göyçay filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 52 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında xx.xx.2010-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı2 Qapalı Səhimdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təslim edilməsinə dair xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsinə dair tələb İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinə keçmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 28 yanvar 2011-ci il tarixdə başa çatmış, lakin iddiaçı cavabdehlərə qarşı məhkəməyə yalnız 05 sentyabr 2016-cı il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunan Qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Borc münasibətləri 28 yanvar 2010-cu il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış, kredit 12 ay müddətinə illik 24 faizlə kredit verilmiş, iddia müddəti 3 il olduğundan, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 28 yanvar 2011-ci il tarixdən başlanılaraq 28 yanvar 2014-cü il tarixdə başa çatır. Zaminlərə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 1 il müəyyən edildiyi və kredit sazişinin 28 yanvar 2011-ci il bitmə tarixindən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda, həmin müddət keçdikdən sonra iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələ bi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh1 vəkili Vəkil ərizə verməsini nəzərə alıb, hesab edir ki, 28 yanvar 2010-cu il tarixli 52 nömrəli kredit müqaviləsi üzrə 3 illik iddia müddəti tətbiq olunmaqla 28 yanvar 2014-cü ildə başa çatdığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 5350 ABŞ dolları əsas borc, 7748 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13398 ABŞ dolları borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun alınması tələbinə dair iddiaçı BOKT İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinin iddiası təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 20 dövlət rüsumundan xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 5350 ABŞ dolları əsas borc, 7748 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13398 ABŞ dolları borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı BOKT İddiaçı2 Qapalı Səhimdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-2164/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2164/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver