Məhkəmə qərarları › İş №2(046)-22/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-22/2025

04.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-22/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qarabaqqal kəndində ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən tövlədən istifadəyə cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun və ailə üzvlərinin mülkiyyətində Göyçay rayonunun Qarabaqqal kəndində 0,40 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqları 12 fevral 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Ailə üzvləri ilə onun ümumi birgə mülkiyyətində olan hayətyanı torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin mülkiyyətçisi olan qonşusu, cavabdehlər Cavabdeh1 va X1 həyətyanı torpaq sahəsinin həmin hissəsində yerləşən, mülkiyyəti kimi qeydə alınmış tövlədən istifadə etməklərinə mane olurlar. Belə ki, cavabdehlər tövləyə mal-qara üçün ot yığılan zaman buna etiraz edərək mübahisə edir, onu və ailə üzvlərini söyüb təhqir edirlər. Hətta 2015-ci ildə onunla Cavabdeh1 arasında mübahisə yaranmış və o sonuncuya xəsarət yetirmişdir. Nəticədə Göyçay rayon Polis Şöbəsində münaqişəli qonşu kimi profilaktiki qeydiyyata götürülmüşlər. Buna baxmayaraq cavabdehlər hər ilin ot çalımı zamanı mülkiyyətində olan tövlədən istifadə etməklərinə mane olurlar. 2023-cü ildə arvadı X3 va cavabdeh X4 Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilərək cərimə edilmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, yaşadığı ev onun atası tərəfindən inşa edilmişdir, inşa edilən vaxt iddiaçının orada tövləsi yox idi. Sonralar orada tövlə tikmiş və tövləyə giriş qapısını küçədən, tam onun həyətinin giriş qapısının yanında quraşdırmışdır. Hər dəfə iddiaçı tövləyə ot yığanda evinə girişçıxışı məhdudlaşır. Mal-qara da həyətə keçə bilmir. Evinin qarşısında avtomobilini saxlaya bilmir, çünki yol dardır və iddiaçı tövləyə ot yığarkən bütün yolu zəbt etmişdir. Bundan başqa yağışlı havada tövlənin dam örtüyündən axan su onun həyətinə və darvazasının qarşına axır, oralar palçıq olur. İddiaçının həmin tövləyə öz həyətindən də yolu var, oradan qapı açaraq otu yığa bildiyi halda öz həyəti çirklənməsin deyə küçədən qanunsuz olaraq qapı açmışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və bildirdi ki, əri Cavabdeh1 izahatı ilə razıdır və dediklərini təsdiq edir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndindəki ümumi sahəsi 0.40 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 247.9 kv.m. olan fərdi yaşayı evi İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin tərkibi kimi ümumi sahəsi 79.4 kv.m. olan tövlə və 105.5 kv.m. olan talvar göstərilmişdir. ********** saylı qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-630F kod 40806018 şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu Qarabaqqal kənd sakinləri X2 və Cavabdeh1 Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə 0.47 ha torpaq sahəsi mülkiyyətinə verilib. Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin qərb hissəsində istifadə etdiyi ərazi elektron baza məlumatlarında Qarabaqqal Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yollar və küçələr kimi işlənmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli qərarının təsviri hissəsindən görünür ki, tədqiqat Göyçay rayonu Qarabaqqal kəndində yerləşən tövlə tikilisi üzrə aparılır. Tədqiqat zamanı tədqiq olunan tövlə tikilisinə baxış keçirildi, müvafiq ölçü işləri aparıldı ve fotoşəkillər çəkildi. Qeyd olunan tarixdə tədqiqat obyektinə keçirilən baxış zamanı iddiaçının və cavabdehin torpaq sahələrinin qonşu sahələr olduğu müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsində "A", "B” ve "C” literli tikililərin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vaziyyətinin eynilik teşkil etdiyi müəyyən olundu. İddiaçının torpaq sahəsinin giriş darvazası ile üzbəüz dayandıqda sağ tərəfdən cavabdehin torpaq sahəsinə giriş yolu mövcuddur. Həmin yol ilə irəlilədikdə cavabdehin giriş darvazasına çatdıqda sol tərəfdə iddiaçının tövləsinə daxil olmaq üçün qapı boşluğu açılmış və qapının üstündə tövlənin damına daxil olmaq üçün qapı vardır. Baxış zamanı tövlənin damına ot presləri yığılmışdır. Hamçinin qeyd olunur ki, tövləyə daxil olmaq üçün açılmış qapı boşluğu texniki pasportda öz əksini tapmamışdır. Nəticə hissəsində qeyd olunmuşdur ki, Göyçay rayonu Qarabaqqal kəndində 0.40 ha həyətyanı torpaq sahəsində yerləşən tövləyə iddiaçının həyətyanı sahəsindən alternativ giriş-çıxış yolu mövcüddür. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun illərdir ki, qonşudurlar. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evin tərkibi olan tövlə və talvar inşa etmiş, tövləyə giriş qapısı küçədən cavabdehlərin həyətinin darvazasının yanında qurşadırmışdır. İddiaçı tövləyə ot yığdığı zaman cavabdehlər öz evlərinin giriş-çıxış qapısından istifadə edə bilmirlər, mal-qara örüşdən qayıdanda da həyətə daxil ola bilmir, darvazanın qarşısı çirklənir. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ot yığmağa maneələr yaratmışlar, məsələ hüquq-mühafiə orqanlarının da nəzarətində olmuşdur. İddiaçının həmin tövləyə aparan alternativ yol ona məxsus həyətindən keçir. Lakin oranın çirklənməsinin qarşısını almaq üçün qapını küçədən açmışdır. Məhkəmə baxışı zamanı hər iki tərəf tövlənin qapısından açılan və cavabdehlərin darvazasının qarşısından keçən yolun bələdiyyə mülkiyyətinə aid olduğunu bildirmişlər. Sözügedən yolun tərəflərin mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olmaqla torpaq sahəsinə xidmət etməsi işin mübahisəsiz halıdır. Hazırda həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iddiaçıya və ya hər hansı başqa şəxsə cavabdehin torpağına sərbəst hərəkətini məhdudlaşdırılmasına haqq vermir. Belə ki, ilkin olaraq tövləyə daxil olmaq üşün açılmış qapı boşluğu texniki pasportda öz əksini tapmamışdır. Digər tərəfdən iddiaçının tövləyə daxil olmaq üçün alternativ yolu mövcuddur. Mülki Məcəlləyə görə öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmçinin, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçının tövləyə ot yığmaq üçün alternativ imkanı vardır, lakin o, həyətinin çirklənməsinin qarşısını almaq məqsədi ilə cavabdehlərin darvazasının yanından oraya qapı açmışdır. Bu hərəkəti ehtiyacdan, zərurətdən deyil, rahatlılığı və həyat keyfiyyətini təmin etmək üçün edir. Cavabdehlərə bununla öz sahəsindən istifadə etməkdə maneçilik yaranır və bu qonşu təsirinə dözmək vəzifəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi iki qonşunun maraqları arasında ədalətli tarazlığın pozulması ilə nəticələnəckdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Göyçay rayonu Qarabaqqal kəndində ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən tövlədən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edlməli və ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Göyçay rayonu Qarabaqqal kəndində ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən tövlədən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edlsin. Ekspertiza xərci 50 manat iddiaçıdan tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar