Məhkəmə qərarları › İş №2(046)-246/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-246/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-246/2021 07.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdeh Abudllayeva Hicran Gülməmməd qızının iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızına və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 07 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək Abudllayeva Hicran Gülməmməd qızından və Cavabdeh2 müştərək qaydada 3787.44 manat əsas kredit borcu, 504.89 manat vaxtı keçmiş əsas borc, 181.82 manat faiz borcu, 32.86 manat cərimə borcu olmaqla, cəmi 457.01 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı BOKT MMC məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı ilə İddiaçı BOKT MMC arasında 28.01.2020-ci il tarixdə güzəştli kredit müqaviləsinə əsasən Abudllayeva Hicran Gülməmməd qızına illik 25 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında 28.01.2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Abudllayeva Hicran Gülməmməd qızının banka 4292.33 manat əsas kredit borcu, 181.82 manat faiz borcu, 32.86 manat cərimə borcu olmaqla, cəmi 4507.01 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi və kredit borcunun cavabdeh Abudllayeva Hicran Gülməmməd qızından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün iddiaçıya qalan borcunu ödəyə bilməmişdir. Hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 28.01.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Abudllayeva Hicran Gülməmməd qızı arasında illik 25 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 28.01.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı BOKT MMC ilə Abudllayeva Hicran Gülməmməd qızı arasında illik 25 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdeh Abudllayeva Hicran Gülməmməd qızınun kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin cavabdeh Abudllayeva Hicran Gülməmməd qızından 32.86 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 2.86 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin iddiası təmin edilməli, cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızından və Cavabdeh2 müştərək qaydada 4292.33 manat əsas kredit borcu, 181.82 manat faiz borcu, 2.86 manat cərimə borcu olmaqla, cəmi 4477.01 manat kredit borcu, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə ödənilməli və 28.01.2020-ci il tarixli kredit və zaminlik müqaviləsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Abudllayeva Hicran Gülməmməd qızından və Cavabdeh2 müştərək qaydada 4292.33 manat əsas kredit borcu, 181.82 manat faiz borcu, 2.86 manat cərimə borcu olmaqla, cəmi 4477.01 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nin hesabına keçirilsin. İddiaçı BOKT MMC ilə cavabdeh Abudllayeva Hicran Gülməmməd qızı arasında 28.01.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi və Cavabdeh2 ilə həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ləğv edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar