Məhkəmə qərarları › İş №2(046)-2618/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2618/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2618/2025 06.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 5200 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 72 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır. İkram Bakı şəhərində qəssablıq fəaliyyəti ilə məşğul olur. İkramı Rauf adlı şəxs vasitəsilə tanımışdır. 2025-ci ilin iyun ayında İkrama cəmi 5 baş ətlik dana vermiş, onlaradan 4 başı 1000 manat dəyərində, 1 başı 1200 manat olmaqla, cəmi dəyəri 5200 manat idi. Cavabdeh borcunu 1 həftəyə qaytarmalı idi. Lakin dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq onu hədələyir. Bununla bağlı Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, lakin İkram polisin çağırışına gəlməmiş, polisdən ona işin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Dəfələrlə pulun ödənilməsini tələb etməyinə baxmayaraq İkram borclu olduğu 5200 manat pulu hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırmış və etdiyi xəbərdarlıqlara məhəl qoymamış, ona hədə-qorxu gəlmişdir. Cavabdehlə olan telefon danışığında cavbadeh ona 5200 manat borcu olduğunu etiraf etmişdir. Ona görə də, pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Cavabdeh borclu olduğu 5200 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 72 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə tələbinin təmin olunmasını istəyir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmiş, poçt vasitəsi ilə teleqrama göndərərək təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyəni, iddianı qəbul etdiyini, 5300 manat borcunun olduğunu, borclu olduğu puldan 300 manat ödədiyini, qalan borcu hər ay ödəyəcəyini və işə iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialların əlavə edilmiş: Ağcabədi rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 60/2-Q-21079/11/25 saylı məktubdan görünür ki, İddiaçı müraciəti əsasında araşdırılma aparılmış, araşdırma zamanı tələb mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Abcabədi rayon İcra Hakimiyyətinin Başçısının Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-30-14/3-619/2025 nömrəli arayışdan görünür ki, İddiaçı Abcabədi rayon İcra Hakimiyyətinin Başçısının Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. Hal-hazırda Abcabədi rayon Hüsülü kəndində yaşayır. CD diskdə olan səs yazısında Cavabdeh borcunun olduğunu və qaytaracağını bildirmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: Cavabdeh İddiaçı 4 başı 1000 manat dəyərində, 1 başı 1200 manat olmaqla, cəmi 5200 manat dəyərində 5 baş ətlik dana alaraq borcu yaranmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı ilə bağlı şifahi razılaşma olmuşdur. Cavabdeh İddiaçıdan 2025-ci ilin iyun ayında 4 başı 1000 manat dəyərində, 1 başı 1200 manat olmaqla, cəmi 5200 manat dəyərində 5 baş ətlik dana almışdır. Cavabdeh poçt vasitəsi ilə teleqrama göndərərək iddia tələbini qəbul etdiyini, 5300 manat borcunun olduğunu, borclu olduğu puldan 300 manat ödədiyini, qalan borcu hər ay ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq İddiaçı verilməlidir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 72 (yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar