Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-353/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 32450 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2000-ci ildə Mingəçevir şəhərində yaşayan Cavabdeh mülkiyyətində olan, yaşadıqları kənddə yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satdığı barədə məlumat alaraq mərhum qardaşı Şirvan Rəsulovla birlikdə həmin torpaq sahəsinin alqı-satqısı barədə cavabdehlə razılaşmış və 1.000.000 AZM, mərhum qardaşı isə 200.000 AZM ödəməklə torpaq sahəsini cavabdehdən qeyri-rəsmi almışlar. Cavabdehdən aldıqları torpaq sahəsinin 0.90 ha hissəsini özü, 0,27 ha hissəsini mərhum qardaşı Şirvan Rəsulov istifadə etmişdir. Torpaq sahəsini aldıqdan 1 il yarım sonra qardaşı Şirvan Rəsulov vəfat etmişdir. İstifadəsində olan torpaq sahəsinin çox hissəsindən yonca sahəsi kimi istifadə etmiş, bir hissəsində isə istixana quraşdırmışdır. Aldığı torpaq sahəsinin yarısı şoran olmuş və mən xeyli məbləğdə vəsait xərcləyərək yararsız olan torpaq sahəsini təmizlədib yararlı hala salmışdır. 2010-cu ildə yaşamaq üçün kəndə qayıdan cavabdeh onunla torpaq sahəsinə görə heç bir mübahisə etmədiyi halda ona satdığı torpaq sahəsini 2020-ci ilin aprel ayında ondan məcburi şəkildə almış və əkdiyi yoncanı cavabdeh biçmişdir. Cavabdeh torpaq sahəsini geri almasının səbəbi kimi 20 il əvvəl torpaq sahəsinə ehtiyacı olmadığını, indi isə torpaq sahəsinə ehtiyacı olmasını bildirmişdir. Halbuki, cavabdehin torpaq sahəsindən qanunsuz istifadə etməmiş, əksinə pulu ödəyib torpaq sahəsini qeyri- rəsmi almışdır. Torpaq sahəsindən istifadə etdiyi 20 il ərzində cavabdeh ondan nə torpaq sahəsini geri istəməmiş, nə də istifadə etməyinə mane olmamışdır. Torpaq sahəsini geri alan cavabdeh onun maddi vəsait çəkərək 2019-cu ildə əkdiyi yoncanı artıq 5 dəfə çalıb satmış və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəkdir. Lakin tələb etməyinə baxmayaraq onun torpaq sahəsini yararlı hala salmağı üçün xərclədiyi vəsaiti cavabdeh ona qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının göstərdiyi xüsusatları müdafiə etmişdir. Cavabdeh iddianı qəbul etməyərk göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən istifadə edir. Cavabdehə həmin torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsindən istifadəsini davam etmiş, həmin torpaq sahəsində istixana tikdirmişdir. Hesab edir ki, həmin torpaq sahəsində cavabdeh illər ərzində kənd təsərrüfatı ilə məşqul olduğundan qazancını özü götürmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı X1 Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayon Mırtı kəndində yerləşən torpaq sahəsindən istifadə edərək həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşqul olur, həmin torpaq sahəsində istixana quraşdırmışdır. İddiaçı qeyd edilən torpaq sahəsində onun tərəfindən əkilmiş yonca bitkisinin cavabdeh tərəfindən 2019-cu ildən 5 dəfə çalıb satdığını və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəyini göstərərək onun 32.450 manat qazanc əldə edəcəyini iddia edir, həmin məbləği cavabdehdən tələb edir. İşin faktiki hallarından görünür ki, Göyçay rayon Mırtı kəndində yerləşən1.17 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Məhkəmə baxışı zamanı İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh 32450 manat məbləğində dəymiş ziyanın tutulmasına əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 32.450 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-353/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-353/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver