Məhkəmə qərarları › İş №2(046)-360/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-360/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-360/2020 07.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 339 manat əsas borcun, 102 manat dəbbə pulu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 461 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Samsung J2 markalı mobil telefon Cavabdeh1 satılmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərinə Cavabdeh2 zamin durmuşdur. Bununla bağlı iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borclu alqısatqı qiyməti 372 manat (12 ay x 31 manat) olan Samsung J2 markalı mobil telefon üçün ümumilikdə cəmi 33 manat ödəniş edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 12 ay müddətinə dəyəri 372 manat olan Samsung J2 markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilədən görünür ki, alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə Cavabdeh2 zamin durmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 iddiaçıya 339 manat əsas, 102 manat dəbbə pulu olmaqla, cəmi 441 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 102 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 10 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 339 manat borc, 10 manat cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 339 manat əsas borc, 10 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 369 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2 yaşadığı ərazi üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar