Məhkəmə qərarları › İş №2(046)-370/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-370/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-370/2024 01.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23095 manat pulun və 160 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında Cavabdeh nisyə 3535 ədəd yeşik xurma məhsulunu cəmi 45.955 manata satmışdır. Əlavə olaraq xurma dolu yeşiyinin daşınması üçün cavabdehin əvəzinə 140 manat fəhlə pulu ödəmişdir. Bununla da cavabdehin ona cəmi 46.095 manat borcu yaranmışdır. 2021-ci ilin dekabr ayında 20000 manat və 2022-ci ilin avqust ayında 3000 manat ödəmişdir. Lakin cavabdeh borclu qaldığı 23095 manat pulu qaytarmamışdır. Sonuncu danışıqlarında cavabdeh borclu qaldığı pulu ödəyəcəyinə söz verərək bu barədə yenidən öhdəlik götürsədə dəfələrlə əlaqə saxlamağına baxmayaraq söz verdiyi vaxtda borcunu qaytarmamışdır. Bu barədə Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və şikayət ərizəsi araşdırılarkən cavabdeh ona borclu olduğunu etiraf edərək borcunu qaytaracağı barədə izahat vermişdir. Lakin müraciətindəki xüsusatlar mülki xarakterli olduğundan ona mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahələrində yetişdirdiyi xurma məhsullarını 2021-ci ilin noyabr ayında Cavabdeh 45.955 manata nisyə satmışdır. Cavabdeh keçən müddət ərzidən borcundan 23.000 manat ödəmiş, 23095 manat borcu qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 2021-ci ilin noyabr ayında 46.095 manat dəyərində xurma məhsulunu almışdır. Keçən müddət ərzində xurma məhsulunun dəyərindən ödənişlər etmişdir. Hazırda iddiaçıya 22.800 manat borcu qalmışdır. Buna görə də iddianı qəbul etdiyi həddə təmin edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış MH ******* seriya nömrəli xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış çıxarışından görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.461972 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış MH ******* seriya nömrəli xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış çıxarışından görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.413918 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.5173 ha torpaq sahəsi İddiaçı və xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.4903 ha torpaq sahəsi İddiaçı və xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Göyçay rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xurma məhsulunun alqı-satqısına dair nisyə müqavilə üzrə İddiaçı 22.800 manat borcu qaldığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 160 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh 2021-ci ilin noyabr ayında İddiaçı 45.955 manat dəyərində xurma məhsulunu nisyə almış, həmin malın dəyəri olan 45.955 manat puldan ödənişlər etmiş, 22.800 manat borclu qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 22.800 manat pulun Cavabdeh qanunsuz sahibliyində olduğu müəyyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 160 manat dövlət rüsumunun, 158.4 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22.800 manat pul və ödənilmiş 158.40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22.800 manat pul və ödənilmiş 158.40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar