Məhkəmə qərarları › İş №2(046)-383/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-383/2024

15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-383/2024 15.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay rayon Məhkəməsinin 21 05.2020-cı il tarixli 2(046)-314/2020 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 130 manat alimentin miqdarını artıraraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsinə və 50 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-314/2020 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə verilməsi qət edilmişdir. Yetkinlik yaşına çatmamış uşaqların saxlanmasında çətinlik çəkir, hər iki uşağı məktəblidirlər, cavabdehin ödədiyi hər ay hər uşağa 130 manat məbləğində aliment uşaqların tələbatını ödəmir. Cavabdeh fərdi əməklə məşqul olur, maddi imkanı yaxşıdır. Əlavə olaraq uşaqların saxlanmasına heç bir köməklik göstərmir. xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün təyin edilmiş 130 manat aliment, müəyyən edilmiş yaşayış minimumundan çox aşağı həddədir. Alimentin artırılması ilə bağlı mediasiya prosessindən keçən zaman, cavabdeh mediasiya prosesinə gəlməmiş, mediasiya xərci tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından əlavə edilmiş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2013-cü il tarixdə X6 anadan olmuşdur. Göyçay Rayon Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-314/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X8 ilə Cavabdeh arasında xx.xx.2012-cü il tarixdə Göyçay rayon İHB-nın Bığır kənd icra nümayəndəliyində 06 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-cü il tarixdə anadan olmuş X3 və 21.07..2013-cı il tarixdə anadan olmuş X6 iddiaçı X5 yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak eidlməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasına iştirak edmiş, Cavabdeh isə iştirak etməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4- cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanunun : 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)- 314/2020 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişmiş olması və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu miqdar dəyişməlidir. Eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, tələb edilən məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. İddiaçı məhkəmədən həmçinin ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 63.20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-314/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 (əlli) manat vəsaitin əvəzi Cavabdeh idiaçı İddiaçı xeyrinə tutulsun. Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. İddia tələbi qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar