Məhkəmə qərarları › İş №2(046)-41/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-41/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-41/2025 06.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilə Cavabdeh2 xüsusi mülkiyyət hüququnun qeydə alındığı vaxt verilmiş 04 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Göyçay rayon Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 bağladığı, reyestrdə 4Ə-391 nömrə ilə qeydə alınmış 05 may 2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və həmin müqavilə əsasında 09 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X16 ilə ailə qurmuşdur. Vüsal Musayevlə birgə nikahlarından 31 oktyabr 2011-ci il tarixdə Məhəmmədsəid adlı oğlu doğulmuşdur. Vüsal Musayev və atası X1 idarə etdiyi minik avtomobilii ilə 01 dekabr 2012-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gələrkən Kürdəmir rayonu ərazisində avtomobil qəzası baş vermiş, qəza nəticəsində həm Vüsal Musayev, həm də Əfqan Musayev hadisə yerində həlak olmuşlar. X2 vəfat edərkən ondan ünvan 1 ünvanında fərdi yaşayış evi və Şərqiyyə Musayeva ilə birgə nikah dövründə aldığı ünvan 2 ünvanda mənzil miras qalmışdır. X8 üzrə birinci növbə vərəsələri: arvadı X9, oğlu X16, oğlu Cavabdeh2, qızı X13r. Qanun üzrə birinci növbə vərəsə X14 ölümündən sonra mərhum miras qoyanın digər qanun üzrə birinci növbə vərəsələrlə birlikdə mirasa faktiki sahiblənmiş və 03 oktyabr 2016-cı il tarixə kimi azyaşlı oğlu ilə birlikdə miras evdə yaşamışdır. Miras qoyanın qızı Güney Musayevanın ona qardaşı Cavabdeh2 qazancı ilə dolandığını dəfələrlə bildirib psixoloji təsir etdiyindən mərhum ərinin ailəsi ilə birlikdə yaşaya bilməmiş və 2016-cı ildə miras evi tərk etməyə məcbur olmuşdur. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə birinci növbə vərəsə olan cavabdehlər mirasın bölüşdürülməsi üçün notariat orqanına gəlmədilər və notarius ona eyni tələblə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də miras payımın tanınması tələbinə dair iddia ilə 13 oktyabr 2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət edərək X2ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə onun və 1/8 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X3, Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzilin 1/16 hissəsinə onun və 1/16 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X3 miras paylarının tanınması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Həmin mülki iş üzrə 04 dekabr 2023-cü il tarixdə hazırlıq iclası keçirilərkən nümayəndəsinə məlum olmuşdur ki, Cavabdeh2 mirasda tam payın tanınması haqqında iddia tələbinə 15 mart 2023-cü il tarixdə Göyçay rayon Məhkəməsində baxılaraq iddiası təmin olunmuşdur. O, azyaşlı oğlu ilə birlikdə 03 oktyabr 2016-cı il tarixdən Göyçay rayonunun Ləkçıplaq kəndində yaşadığı halda Cavabdeh2 onun faktiki yaşadığı ünvanı məhkəmədən gizlətmiş, öz yaşadığı ünvana onun adına göndərilən bildirişləri və qətnaməni özü imza edib almışdır. Onun nə məhkəmə iclaslarının vaxtından, nə də qəbul edilmiş məhkəmə qətnaməsi barədə məlumatı olmamışdır. Qeyd edilən qətnamənin ona təqdim edilməsi üçün ərizə ilə 06 dekabr 2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmiş və qətnamənin surətini 12 dekabr 2023-cü il tarixdə aldıqdan sonra apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2(107)- 449/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh2 ona qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X4 miras qalmış ½ hissəsinə X6, Cavabdeh2, X10 və oğlu X3 hər birinin 1/4 miras payı müəyyən edilmişdir. Hazırkı iş üzrə Cavabdeh2 vəkili 08 may 2024-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə verdiyi vəsatətdə apellyasiya icraatı zamanı mübahisə predmeti olan, Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 saylı mənzilin notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyinin, alıcının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alındığının məlum olduğunu göstərmişdir. Göyçay rayon Notariat Ofisindən vəkil sorğusuna əsasən əldə etdiyi sənədlərdən ona məlum oldu ki, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2(107)-449/2024 saylı qətnaməsi ilə azyaşlı oğlunun miras payı aldığı, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 31 saylı mənzilini 04 may 2023-cü il tarixdə xüsusi mülkiyyəti kimi qeydə aldırmış və həmin mənzili digər Cavabdeh3 05 may 2023-cü il tarixdə Göyçay rayon Notariat Ofisində bağladığı AN-İ ******* saylı müqaviləyə əsasən satmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2(107)- 449/2024 saylı qətnaməsi ilə Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m,yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin ½hissəsinin oğlu X3 1/4 miras payı müəyyən edildiyi üçün mənzilə Cavabdeh2 xüsusi mülkiyyət hüququnun qeydə alındığı vaxt verilmiş 04 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Göyçay rayon Notariat Ofisində bağlanmış 05 may 2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayılmalı və həmin müqavilə əsasında 09 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzili 30.000 manata almışdır. Həmin fərdi yaşayış evinin əsaslı təmirinə və yenidən-qurma işlərinə 32870 manat əlavə vəsait xərcləmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzili 30.000 manata almışdır. Həmin fərdi yaşayış evinin əsaslı təmirinə və yenidən-qurma işlərinə Cavabdeh3 32870 manat əlavə vəsait xərcləmişdir. Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mənzili alarkən heç bir qanun pozuntusuna yol verməmişdir. Cavabdeh3 vicdanlı alıcı olmuşdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 faktiki yaşadığı ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay Rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin faktiki halı: Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmış, notariat kontorunda qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. Alıcı həmin alqı-satqı müqaviləsi əsasında mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, adına bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində qeyd edilənlər əsassız olmaqla, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırki işdə əqdin həqiqi olmaması (etibarsız hesab edilməsi) üçün Mülki Məcəllənin 140-cı maddəsində muəyyən edilən hallar mövcud deyildir. İş materialları : Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 08 may 2023-cü il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzili alıcı Cavabdeh3 30.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,9 kv.m mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2 (107)- 449/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “miras əmlaka tam həcmdə payının müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X4 miras qalmış 1/2 hissəsinə X6, Cavabdeh2, X10 və X3 hər birinin 1/4 miras payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2024-cü il tarixli 2 (102)-3060/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli 2 (107)- 449/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1, 4.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyası:

6. («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

«S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarı:

Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

«X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı:

Əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı:

Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

«Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli qərarı:

Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı:

Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi anda əşyaya sərəncam verilməsi ilə bağlı hüquqi bir məhdudiyyət olmamış və həmin əqd qanunvericiliyə uyğun şəkildə bağlanmışdır. Alqı-satqı müqaviləsinin isə başqa əqdi pərdələmək məqsədilə bağlanması və bu qəd üzrə daşınmaz əşyanı alan tərəfin vicdanlı olmadığı sübuta yetilməmişdir. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də, hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh3 mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olduğundan, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilə Cavabdeh2 xüsusi mülkiyyət hüququnun qeydə alındığı vaxt verilmiş 04 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz, həmçinin Göyçay rayon Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 bağladığı, reyestrdə 4Ə-391 nömrə ilə qeydə alınmış 05 may 2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayıla və həmin müqavilə əsasında 09 iyun 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə edilə bilməz.

Nəticə:

Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesb edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar