Məhkəmə qərarları › İş №2(046)-421/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-421/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-421/2020 04.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 04 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1100 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında Göyçay rayonu Bığır kənd sakini Cavabdeh onun yaşadığı kəndə gələrək çoxlu miqdarda nar almaq istədiyini bildirmiş və kənd sakinlərindən 24 ton nar almışdır. Satdığı narı çəkdirib onun özü ilə gətirdiyi avtomobilə yükləmişdir. Cavabdeh ümumilikdə kənd camaatında 24 ton yəni 22200 manat dəyərində nar almışdır. Həmin puldan 17000 manat kənd camaatına vermiş, 7200 manat borclu qalmışdır. Cavabdeh onlardan nar alan zaman belə bir razılığa gəlmişdir ki, borclu qaldığı 7200 manat pulu narın Rusiya Federasiyasına təhvil-təslim etdikdən sonra 4-5 gün ərzində qaytaracağdır. Cavabdeh ona təhvil verdiyi narın bir qisminin pulunu vermiş, 1100 manat borcu qalmışdır. Cavabdeh həmin pulu qaytarmamsının səbəbini onunla izah etmişdir ki, guya yolda narın bir qisminin yararsız hala düşdüyü üçün alqı-satqıda ziyan etmişdir. Dəfələrlə qeyd edilən pulu tələb etsə də cavabdeh borclu olduğu 1100 manatı ona qaytarmamışdır. Bu barədə Ağsu RPŞnə müraciət etmiş, 26.08.2019-cu il tarixli cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakterli olduğu izah edilmiş, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı 2018-ci ilin sentyabr ayında nar almış, aldığı narın bir qismi yararsız hala düşdüyündən ziyan etmiş və iddiaçıya 1100 manat borcunu ödəyə bilməmişdir. Borclu olduğu 1100 manatı İddiaçı yaxın müddətdə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Ağsu RPŞ-nin İQ-müstəntiqi x1 tərəfindən qəbul edilmiş 26.08.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı nisyə nar məhsulu almış, iddiaçıya 1100 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 1100 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1100 məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1100 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar