Məhkəmə qərarları › İş №2(046)-43/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-43/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-43/2024 24.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4700 manat zərərin və 67 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 07 radələrində sürücülük vəsiqəsi və icazə vərəqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi "Otoyol M 24.9 avtobus" markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtobusla Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yanından manevr edərək Göyçay şəhəri istiqamətinə dönmək istəyən zaman manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtobusla həmin vaxtı Göyçay şəhərindən Göyçay rayonu Qızılağac kəndi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol- nəqliyyat hadisəsi nəticəsində X3 və X4 sağlamlıqlarına zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən xəsarət almışdırlar. Hadisə Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Eyni zamanda, hadisə nəticəsində Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 4700 manat dəyərində maddi ziyan dəymişdir. Lakin cavabdeh keçən müddət ərzində avtomobilə dəymiş ziyan ödəməmişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (əri) Nümayəndə iddianı müdafiə edərək ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, baş vermiş hadisə zamanı Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili azyaşlı uşağ idarə etmişdir. Eləcə də ekspertiza keçirilən zaman onun iştirakı təmin edilməmişdir. Avtomobilə onun tərəfindən ziyan dəyməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş AD 911705 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınun xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında göstərir ki, istifadəsində olan Otoyol M24 markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtobus vardır. Həmin avtobusu sürücülük vəsiqəsi olmaqla idarə edir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində idarə etdiyi Otoyol M24 markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində benzin vurub Göyçay şəhərinə qayıtmaq istəyən zaman, benzin vurulduqdan sonra məntəqənin yanından manevr edərək Göyçay şəhəri istiqamətinə dönərkən qəfildən Göyçay şəhəri istiqamətindən gələn Niva markalı avtomobil onun idarə etdiyi avtomobilə dəyərək yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 4700 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3812 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Vaz 23290” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 4390,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 07 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində idarə etdiyi "Otoyol M 24.9 avtobus" markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarının pozmuş, İddiaçı mülkiyyətində olan “Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı 4700 manat maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş hadisəyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə edilmişdir İşin tam,hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş, “Vaz 23290 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 4390 manat ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən ekspert rəyi mübahisələndirilməmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı 4390 manat ziyan dəymişdir. Məhkəmə baxışı zamanı 4700 manat ziyanın Cavabdeh alınaraq İddiaçı verilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 67 manat məbləğində pulun 63.9 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4390 manat məbləğində pul və 63.9 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4390 manat məbləğində pul və 63.9 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar