Məhkəmə qərarları › İş №2(046)-444/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-444/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-444/2021 22.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasın xahiş etmişdir. Cavabdeh həmin məhkəmə əmrindən etiraz vermiş, Göyçay rayon məhkəməsinin qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icraatına keçirilmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Tural Heydərli teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 06.12.2019-cu il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 918 manat dəyərində HP 15 RA009 markalı notebooku cavabdehə satmış, cavabdeh isə 18 ay müddətinə hər ay 51 manat ödəniş etməklə öz öhdəsinə götrürmüşdür. Cavabdeh həmin puldan qismən ödəmiş, 400 manat borcu qalmışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 06.12.2019-cu il tarixli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, Cavabdeh 18 ay müddətinə, 918 manat məbləğində bir ədəd HP 15 RA009 markalı notebooku satılmışdır. Məhkəməyə təqdim 01.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 400 manat borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, cavabdehə 918 manat məbləğində bir ədəd HP 15 RA009 markalı notebook satılmışdır. Cavabdeh İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu malın dəyərini müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edilməli, Cavabdeh 400 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 400 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar