Məhkəmə qərarları › İş №2(046)-518/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-518/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-518/2021 12.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 12 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5385.24 ABŞ dolları əsas kredit borcu, 1536.47 ABŞ dolları faiz borcu, 39.39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6961.10 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASCnin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 17.05.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 29 faiz olmaqla 26 ay müddətinə 7515 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında 17.05.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 6961.10 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi və kredit borcunun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüş, kreditin təminatı kimi Məzahir ona zamin durmuşdur. Banka olan borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.05.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 29 faiz olmaqla 26 ay müddətinə 7515 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.05.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 29 faiz olmaqla 26 ay müddətinə 7515 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu Cavabdeh1 tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehdən 39.39 ABŞ dolları cərimə borcu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 9.39 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5385.24 ABŞ dolları əsas kredit borcu, 1536.47 ABŞ dolları faiz borcu, 9.39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6931.10 ABŞ dolları kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5385.24 ABŞ dolları əsas kredit borcu, 5385.24 ABŞ dolları əsas kredit borcu, 1536.47 ABŞ dolları faiz borcu, 9.39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6931.10 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar