Məhkəmə qərarları › İş №2(046)-520/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-520/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-520/2024 15.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il -ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilərək cavabdeh tutularaq ona ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil omuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Günay və xx.xx.2009-cu il təvəllüdlü Gülsüm adlı övladları dünyaya gəlmişdir. Lakin bir müddət keçəndən sonra münasibətləri pozulduğundan boşanmaq qərarına gəlmişlər. Ucar rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(063)-472/2013 nömrəli qətnaməsi ilə nikahları ləğv edilmiş, övladları onun himayəsinə verilməklə hər ay aylıq qazancının üçdə bir hissəsinin cavabdehdən alınaraq uşaqların saxlanması üçün aliment olaraq ona verilməsi qət edilmişdir. Bundan sonra o, təyin edilmiş aliment məbləğinin artırılması tələbi ilə aidiyyatı məhkəmələrə müraciət etmişdir. Son olaraq Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(107)-192/2022 saylı qətnaməsinə əsasən Cavabdeh alınan alimentin məbləği dəyişdirilərək həmin məbləğ hər ay hər bir uşaq üçün 18 yaşı tamam olana qədər 125 manat müəyyən edilmişdir. Həmin gündən etibarən cavabdehd tərəfindən təyin edilmiş məbləği ödənilmişdir. Hazırda böyük övladının 18 yaşı tamam olduğundan onun üçün müəyyən edilmiş aliment dayandırılmışdır. O, özü hal-hazırda Bakı şəhərində övladları ilə birlikdə kirayədə yaşayır. Böyük qızı 18 yaşı tamam olmasına baxmayaraq heç bir yerdə işləmir, onun da bütün xərcləri onun üzərindədir. Kiçik övladı müxtəlif hazırlıqlara gedir, ona görə də onların xərclərini qarşılaya bilmir. Özü son illər ərzində həkim səhlənkarlığı səbəbindən beş dəfə müxtəlif cərrahiyyə əməliyyatları keçirmiş və buna görə də əmək qabiliyyətini demək olar ki, itirmişdir. Yalnız yüngül və azməbləğli işlərdə çalışa bilir. Lakin xəstəliyi səbəbindən işlədiyi yerlərdən də tez-tez çıxmalı olur. Ona görə də maddi vəziyyəti ağırdır. Cavabdeh müəyyən edilmiş aliment məbləğindən başqa nə ona, nə də övladlarına heç bir maddi və mənəvi dəstək göstərməmiş, bu gün də göstərmir. Dəfələrlə cavabdehə onlara köməklik göstərməsi üçün müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qaldığından qanunvericilikdə nəzərdə tutulduğu kimi cavabdehə mediasiya təklifi göndərmiş, lakin nəticəsi olmadığı üçün Bakı 10 saylı Mediasiya təkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/10-00756 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində arayış alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda kiçik qızı X2 14 yaşı var. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-192/2022 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. uşağın bütün qayğısını və ehtiyacını tamamilə çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə icaslında iştirak edə bilməycəyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 27 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Elgün və xx.xx.2023-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. İddiaçı hər il sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və yataq xəstəsidir. Alimentin miqdarının artırılmasına razı deyil. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X3 anadan olmuşdur. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 02 aprel 2014-cü il tarixdə Ucar rayon Qeydiyyat Şöbəsində ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 aprel 2014-cü il tarixli 23 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Namazova soyadı verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 192/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(046)-1528/2021 nömrəli qətnaməsi Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilmiş və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. - “İlkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 27 oktyabr 2016-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Sədiyeva soyadı verilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə Nümayəndə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə X7 doğulmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4- cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanunun : 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-192/2022 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişmiş olması və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu miqdar dəyişməlidir. Eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının sabit pul məbləğində tutulan alimentin miqdarının iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən artırılması tələbi ilə bağlı qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkın və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdək azad edilir. (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndi). Bu səbəbdən məhkəmə hesab edir ki, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalı, həmçinin Mediasiya Şurasına ödənilmiş 50 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 192/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 (əlli) manat vəsaitin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar