Məhkəmə qərarları › İş №2(046)-530/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-530/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-530/2021 28.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1103 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş emtişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21.09.2018-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 26.10.2018-ci il tarixli 482-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 16.07.2019-cu il tarixdə Oba - Göyçay 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurduğu müəyyən edilmiş, 16.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1253 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışına əsasən cavabdeh zərər vurduğu borcdan 1253 manat güzəşt edilmiş qalıq borc 1103 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhərində OBA Market-də administrator vəzifəsində işlədiyi zaman heç bir nöqsana yol verməmişdir. Marketə yerləşdirilmiş heç bir məhsulu təhvil almamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə təqdim edilmiş 21.09.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X6” MMC ilə Cavabdeh arasında 21.09.2018-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş 16.07.2019-ci il tarixli təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, OBA Göyçay-5 filialında məhsullarına dair aparılmış təhvil-təslim aktı “bölgə müdiri” X1 və “maddi məsul şəxs” Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəməyə təqdim edilmiş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 16.07.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot üzləşdirilməsinə dair aktla Cavabdeh tanış olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC şirkətində baş satıcı vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC Cavabdeh işlədiyi müddət ərzində intizam xətasına yol verdiyini və İddiaçı MMC-yə 1103 manat maddi ziyan vurulduğunu iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Tədqiq edilmiş sübutlardan görünür ki, OBA Göyçay-5 filialında olan məhsullara dair aparılmış 16.07.2019-ci il tarixli təhvil-təslim nəticələrinə dair yekun akt “bölgə müdiri” X1 və “maddi məsul şəxs” Cavabdeh tərəfindən imzalanmamışdır. Göründüyü kimi OBA Göyçay-5 filialında olan məhsulların cavabdeh tərəfindən qəbul edilərək təhvil almasına dair akt onun və bölgə müdiri tərəfindən imzalanmadığından, iddiaçının qeyd edilən məhsulların dəyərinin cavabdehdən tələb etməsi əsassızdır. Ona görə ki, həmin məhsullara dair cavabdeh iddiaçı qarşısında heç bir məsuliyyət qəbul etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1521 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilməsi barədə tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın əvəzi kimi 1521 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınması barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar