Məhkəmə qərarları › İş №2(046)-554/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-554/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-554/2025 10.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2400 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Məlikkənd kəndində yaşayır. Göyçay rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ayrılmış və mülkiyyətlərinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirib, eləcə də həyətyanı sahəsində iri buynuzlu heyvanları bəsləyib onları sataraq ailəsini dolandırır. 2024-cü ilin may ayının əvəllərində həmkəndlisi Cavabdeh ona müraciət edərək, təsərrüfatında bəslədiyi iri buynuzlu heyvanı almaq istədiyini, qiymətini razılaşdıqdan sonra, aldığı malı kəsib satdıqdan 1 gün sonra pulunu verəcəyini bildirmişdir. Cavabdeh həmkəndlisi olmaqla yanaşı, qohum olduğu üçün onun səmimiyyətinə inanaraq, 2600 manat dəyərində olan 1 baş iri buynuzlu malı sonuncuya 04 may 2024-cü il tarixdə vermişdir. Razılaşdıqları qaydada 1 baş iri buynuzlu malı cavabdehə versə də, sonuncu öhdəliyi icra etməyərək vəd verdiyi kimi 1 gün sonra aldığı heyvanın dəyərini verməmişdir. Dəfələrlə cavabdehlə görüşüb danışıqlar aparsa da, bir faydası olmamış, sonuncu müxtəlif vədlər verərək, 2600 manat pulu verməkdən yayınmışdır. Onun etibarından sui-istifadə etdiyi üçün tərəfindən Cavabdeh barəsində Göyçay rayon Polis şöbəsinə müraciət edilmişdir. Göyçay rayon Polis şöbəsinin İTB-nın sahə müvəkkili tərəfindən araşdırma aparılmış, Cavabdeh izahatı alınmış, sonuncu izahatında ona 2600 manat borcu olmasını etiraf etmiş və qısa müddət ərzində borcunu qaytaracağına söz vermişdir. Polis şöbəsində araşdırma müddətində cavabdeh Faud Abdullayev 200 manat borclu olduğu puldan ödəniş etsə də, qalan 2400 manatı bu günədək ödəməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ona münasibətdə əsassızdır, həqiqəti əks etdirmir və ona münasibətdə iddia təmin edilə bilməz. Belə ki, o həqiqətən iddiaçının şikayət ərizəsinə əsasən polis şöbəsinə dəvət edilmişdir. Həmin polis şöbəsində izahatında qeyd etmişdir ki, onun İddiaçı borcu yoxdur və yaxud da, onunla aralarında borcla bağlı hər hansısa yazılı qeydlər olmayıb. Buna baxmayaraq iddiaçı borc tələbinə dair iddia ərizəsi ilə əsassız olaraq Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin 2600 manat dəyərində olan iri buynuzlu mal-qara Göyçay şəhərində ət kəsimi ilə məşğul olan Elnur İsmayılova aid olub, yəni həmin iri buynuzlu mal-qaranın alınması üçün o sadəcə vasitəlik etmişdir ki, iddiaçıda iri buynuzlu mal-qara var. Elnur İsmayılov şəxsən özü iddiaçı ilə danışıq aparmış, həmin iri buynuzlu mal-qaranı almış və onun kəsilərək satıldıqdan sonra əldə olunan gəlirlə 2600 manat pulun ona qaytaracağı barədə aralarında razılığa gəlmişlər. Göyçay rayon polis bölməsinə Elnur İsmayılov dəvət edildikdə dəyəri 2600 manat olan 1 baş iri buynuzlu mal-qaranı özü aldığını və həmin pulu hər ay 300 manat ödəyəcəyini izahatında da, qeyd etmişdir. Lakin aldığı məlumata görə Elnur İsmayılovun verdiyi vəddən uzun müddət keçməsinə baxmayaraq bu günə qədər həmin puldan 200 manat iddiaçıya ödəmiş sonra heç bir ödəniş etməmişdir. İddiaçı iddia ərizəsində hansı əsasla onun polis şöbəsində borcu etiraf etməyini bildirməsi anlaşılmır. İddiaçı 2024-cü ilin may ayında həyətyanı sahəsində saxladığı iri buynuzlu heyvanı ona nisyə şəkildə satmasına, satılan heyvanın dəyərinin hansı qaydada və müddətdə tərəfindən ödənilməsinə dair öhdəliyin götürülməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etmədən, hazırki tələblə yalnız ona qarşı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən İddiaçı ona qarşı «2400 manat pul» tələbinə və ödənilmiş 44 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, iddiaya qarşı etiraz hazırlamaqdan ötrü vəkilə müraciət etmiş,o da etirazı yazılı surətdə tərtib etmişdir.Lakin etirazı oxumadan imzalamışdır.Belə ki,doğrudan da o,04 may 2024-cü ildə mal almaq üçün əvvəldən də tanıdığı və ondan bir neçə dəfə iribuynuzlu heyvan aldığı İddiaçı yaşadığı evə getmiş,həmin 1 baş iribuynuzlu heyvanı seçərək 1 kq 13 manat 50 qəpiyə razılaşmaqla nisyə almışdır.Aralarında olan razılaşmaya görə aldığı malın 2600 manat dəyərini bir gün sonra mal kəsilib satıldıqdan sonra ödəməli idi.Həmin 1 baş iribuynuzlu heyvan Elnur adlı qəssaba verilmişdir.Lakin kəsilmiş malı yağlı olduğundan sata bilməmişlər.Bu işdə vasitəçi olmuşdur.Elnur malın pulun ona vermədiyinə görə o da pulu İddiaçı verə bilməmişdir.Elnuru məhkəməyə verib ondan pulu geri tələb edəcəkdir.Hazırda maddi imkanı yol vermir ki,tələb olunan pulu birdəfəliyə ödəsin.İddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş İddiaçı Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyi xx.xx.2024cü il tarixli ərizədən görünür ki,o,həmkəndlisi Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan 2600 manat dəyərndə bir baş iribunuzlu heyvanı alıb pulunu vermədiyinə görə şikayət etmişdir. İşə əlavə edilmiş cavabdeh X1 Göyçay rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatdan görünür ki,o, İddiaçı xx.xx.2024-cü il tarixdə 2600 manat dəyərində bir baş iri buynuzlu heyvan almasını, həmin heyvanı Elçinin həyətində kəsib Elnur adlı qəssaba verməsini, ət narahat çıxdığına görə satış olmadığından borcu ödəyə bilməyəcəyini ,Elçinə olan borcu qısa müddətdə ödəyəcəyini göstərmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam,həm də hissə-hissə icranı tələb edə bilər.Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,heyvanların,quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2024cü il tarixdə 2600 manat dəyərində 1 baş iribuynuzlu heyvanı bir gün sonra ödəmək şərtilə nisyə satmış, Cavabdeh iribuynuzlu heyvanı təhvil almış,lakin razılaşdırılmış müddətdə malın dəyərini ödəməmişdir.Cavabdeh Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı 2600 manat dəyərində 1 baş iribuynuzlu heyvanı almasını etiraf etmişdir. Tərəflar arasında 04 may 2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlandığından, 1 baş iribuynuzlu heyvanı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini ödəməmişdir. Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini, ya da ki, ödənilməmiş malın qaytarılmasını. Məhkəmə qeyd edir ki,satılmış heyvanın, kəsilməsi səbəbindən qaytarılması mümkün olmadığından,satıcı İddiaçı satılmış heyvanın dəyərini alıcı Cavabdeh tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Abduəli oğlu verilmiş malın ödənilməsini Cavabdeh tələb etdiyindən, Cavabdeh 1 baş iribuynuzlu heyvanın satışından sonradan ödənilmiş 200 manat nəzərə alınmaqla ödənilməmiş 2400 manat hissəsi tutularaq İddiaçı verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 44 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Abduəli oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2400 manat məbləğində pul tutularaq İddiaçı Abduəli oğluna verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 44 manat məbləğində pul alınaraq İddiaçı Abduəli oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar